Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:45

"Hökumətin bu cəhdinin bir qara qəpiklik əhəmiyyəti yoxdur"


İsa Qəmbər
İsa Qəmbər

-

“Bu dinləmələrdən böyük gözləntilərə ehtiyac yoxdur. Sadəcə, istərdim ki, mümkün qədər daha çox deputat, AŞPA-nın təsisatı, qurumları həqiqəti söyləsinlər.

Bu, Azərbaycan üçün də, həmin beynəlxalq qurumlara etimadın qismən bərpa olunması baxımından da bu önəmlidir".

Avropa Şurası Parlament Assambleyası iyunun 23-də Azərbaycanla bağlı hesabatı müzakirəyə çıxarır. Hesabat “Azərbaycanda demokratik institutların vəziyyəti” adlanır. Onu Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Tadeusz Iwinski hazırlayıblar.

Məruzəçilər bir sıra tövsiyələr irəli sürürlər: “Avropa Məhkəməsinin qərarları tam icra olunsun; parlamentin icra orqanına nəzarəti gücləndirilsin; məhkəmənin tam müstəqilliyi təmin edilsin; seçkiylə bağlı Venesiya Komissiyasının tövsiyələrinin icrası sürətləndirilsin" və s...

Qurumun başqa məruzəçiləri də ayrı-ayrı vaxtlarda buna bənzər tələblərlə çıxış ediblər. Azərbaycan hakimiyyəti bu dəfə bu tövsiyələri nəzərə alacaqmı?

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bu suala belə cavab verir:

- Hakimiyyət tam bir qeyri-müəyyənlik içindədir. Yəni bir tərəfdən heç bir dəyişiklik etmək istəmirlər, əvvəlki avantürist, xalqa zidd, totalitar, avtoritar, korrupsioner siyasətlərini davam etdirmək istəyirlər. Eyni zamanda da, yavaş-yavaş hiss etməyə başlayırlar ki, bunu davam etdirmək o qədər də asan olmayacaq. Və dünya artıq bu cür avtoritar rejimlərdən məsuliyyət tələb edir, dəyişiklik tələb edir, islahat tələb edir.

Pedro Agramunt
Pedro Agramunt

Hətta Aqramunt kimi Azərbaycan hakimiyyəti ilə kifayət qədər sıx əməkdaşlıq edən məruzəçilər belə öz hesabatlarında yetərincə prinsipial müddəaları səsləndirmək məcburiyyətindədirlər. Bunun özü dünyanın dəyişməsinin gerçək əlamətlərindən biridir.

Sadəcə olaraq, bu sənəd də bundan əvvəlki sənədlər kimi kağız üzərində qalacaqmı, yoxsa müəyyən təsiri olacaqmı, bunun cavabı iki amildən asılı olacaq. Beynəlxalq təşkilatlar sənədi qəbul etməklə öz işlərini bitmiş hesab edəcəklərmi, yoxsa prinsipiallıqlarını davam etdirəcəklər? İkincisi də, Azərbaycan cəmiyyəti ölkədə dəyişikliklər naminə fəallığı nə dərəcədə artıra biləcək?

- Bəs hakimiyyətin dəyişikliklərə getmək niyyəti sezilirmi, sizcə?

- Hakimiyyətin heç bir müsbət dəyişiklik etmək niyyəti yoxdur. Sözümün əvvəlində dediyim kimi, korrupsioner, anti-demokratik xətti, xalqı, vətəndaşları susdurub soyğunçuluqlarını davam etdirmək istəyirlər. Amma əgər dediyim amillər fəallaşarsa, prinsipial xarakter alarsa, təbii ki, hakimiyyət nələrsə etməyə məcbur olacaq. Yalnız məcburiyyət qarşısında bu hakimiyyət pozitiv dəyişikliklərə gedə bilər.

- Cəmiyyətdə fəallaşma meylləri varmı?

- Bu, hər zaman dediyim kimi proqnozlaşdırılan məsələ deyil. Yəni bilinmir. Cəmiyyətdə narazılıq çox dərinə gedib, insanlar bu hakimiyyətin soyğunçuluğundan, qəddarlığından ciddi şəkildə narazıdırlar. Nə zaman cəmiyyət fəallaşma qərarı verəcək, bunu öncədən görmək mümkün deyil. Sadəcə olaraq Müsavat Partiyası kimi prinsipial, ardıcıl siyasət aparan qüvvələr, partiyalar öz fəaliyyətlərini davam etdirməlidirlər ki, cəmiyyətin fəallaşacağı günü sürətləndirsinlər.

- Hesabatda tövsiyələrdən biri də parlamentlə bağlıdır. Milli Məclisin icra qurumlarına nəzarətinin gücləndirilməsi tövsiyə edilir. Bugünkü Azərbaycan reallığında bu, mümkündürmü?

Bakı polisi əsgər ölümlərinə etiraz edən aksiyaçını saxlayır, 2013
Bakı polisi əsgər ölümlərinə etiraz edən aksiyaçını saxlayır, 2013

- Yalnız seçkiyə oxşar seçki olarsa, xalqın iradəsi 100 faiz də olmasa, hansısa həddə gerçəkləşərsə, parlamentdə demokratik qüvvələrin, müstəqil insanların ciddi fraksiyası formalaşarsa, yalnız o halda parlamentin icra hakimiyyəti üzərində nəzarət funksiyaları gerçəkləşməyə başlaya bilər. Əks halda, bu, mümkün deyil. İcra hakimiyyətinin özü tərəfindən, rejim tərəfindən təyin olunan deputatlar heç bir şəkildə icra hakimiyyətinə nəzarət etməyə cəsarət edə bilməzlər.

- AŞPA məruzəçiləri hesabatda məhkəmələrin vəziyyətinə də toxunublar. Sənəddə deyilir ki, hakimiyyətin səylərinə baxmayaraq məhkəmələr hələ də tam müstəqil deyillər. Əvvəla, belə cəhdlər varmı hakimiyyət tərəfindən? Bir də, bu tövsiyənin reallaşması üçün nə lazımdır?

- Yalnız azad və ədalətli keçirilən parlament və prezident seçkilərindən sonra məhkəmələrin müstəqilləşməsi mümkündür. Əks təqdirdə bu rejimin təyin etdiyi hakimlər heç bir müstəqil xətt apara bilməzlər.

- İyunun 23-də AŞPA-da sözügedən hesabatla bağlı dinləmələr olacaq. Gözləntiniz nədir?

- Xüsusi böyük gözləntilərə ehtiyac yoxdur. Sadəcə, istərdim ki, mümkün qədər daha çox deputat, AŞPA-nın təsisatı, qurumları həqiqəti söyləsinlər. İndiki mərhələdə həqiqəti söyləmək həddindən artıq önəmlidir. Hətta söylənilən həqiqət gerçəkləşməyəcəksə belə o söylənilməlidir. Bu, Azərbaycan üçün də, həmin beynəlxalq qurumlara etimadın qismən bərpa olunması baxımından da bu önəmlidir.

- Azərbaycan hakimiyyəti də hesabatla bağlı hazırlaşdığını bildirib. Hər halda, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, hesabatda “qeyri-obyektiv” hissələrlə bağlı öz fikirlərini səsləndirəcəklər. Bu hazırlıqlar müzakirələrin yönünü dəyişə, tövsiyələri bir az da yumşalda bilərmi?

- Azərbaycan hakimiyyətinin bu yöndə cəhdləri əbəsdir. O, zorakılıqla, yalanla, siyasi həbslərlə, insanları bezdirməklə ölkəni, xalqı müəyyən müddət nəzarətdə saxlaya bilib.

Amma beynəlxalq miqyasda bu rejim artıq tanınır. Azərbaycan hakimiyyətinin orda nə edəcəyinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan hakimiyyəti dünyanın tanınmış bir müğənnisinə bir neçə milyon pul verib, Oyunların açılışında bir mahnı oxudur (Yeri gəlmişkən, o, demokratik ruhlu bir mahnı ifa edir burda), bir neçə gün sonra o müğənnidən heç də az məşhur olmayan rok-qrupun təmsilçisi öz konsertində Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbiylə dünyaya müraciət edir.

(Bono Azərbaycandakı siyasi məhbuslardan danışıb)

Bono konsertində Azərbaycandakı siyasi məhbuslardan danışıb
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Yəni xalqdan oğurlanaraq bu işə milyonlar xərclənir, amma o biri yanda bir qəpik də xərclənmədən həmin müğənninin mahnısını bir musiqiçinin çağırışı neytrallaşdırır.

Azərbaycan hakimiyyəti milyonlar xərcləyib “CNN”də, “Euronews”da Azərbaycanı, özünü reklam edir, ancaq həmin kanallar əlavə pul almadan Əliyev rejiminin korrupsiya əməllərini, insan haqlarına təzyiq etməsini ifşa edən süjet hazırlayırlar.

Ona görə də bu hakimiyyətin indiki mərhələdə beynəlxalq miqyasda özünü müdafiə cəhdlərinin heç bir qara qəpiklik də əhəmiyyəti yoxdur.

XS
SM
MD
LG