Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:38

Kor olsam belə, gözəlsən


Dalğa Xatınoğlu
Dalğa Xatınoğlu

-

Dalğa Xatınoğlu

Yeni şeirlər

Səni sevmək nə gözəl

Köpük kimi titrəyən gözlərlə

Nigaran, üzünə baxmaq,

Sonra qayıdıb,

Adını ürəyimdə bağırmaq,

Acı olsa da, gözəl.

Mən gözəlliyinə vurulmağa məhkum,

Sən o gözəlliyi bir gün itirməyə,

Sənin dərdin daha böyük.

Mən tənha deyiləm, bilirsən, sənsizəm

Bütün dünyanı yesəm belə,

Dodaqların yoxsa acam yenə,

Döşlərin möhtəşəm.

Boğazın sevgi ilə ehtirasın bitişdiyi yer,

Sonrası gözəllik, sonrası şeir

Maskalar var, bilirsən,

Yaşamaqçün hava qədər lazım,

Dəyişirsən ara-sıra,

Sonra gerçək üzünü unudursan bir gün,

Gözlərindən baxıb özümə,

Xatırladım kimliyimi,

Gözlərin ayna....

Necə də duzludur gözyaşın, bir dəniz,

Yanağının sahili qarşısında,

Əyilib əllərini dizinə çırpan dalğalar

Sonra min köpüyə çevrilib,

Min titrəyən gözə,

Nigaran, üzünə baxmaq

Acı olsa da gözəl.

Gözəlsən

Bir yanımda:

Gözəlsən,
Utanıb, gözlərimi bir kəz qaldırıb,
Üzünə baxa bilməsəm belə gözəlsən,
Kor olsam, heç olmasam belə,
Yenə gözəlsən.

Yazı gözlərəm,
Qarşıma çıxan hər gülə əyilib salam söyləməyi
Yerinə, hər yetən ağacın budağını sıxıb, əl verməyi.

Gülləri solduran,
Ağacları donduran qışa rəğmən,
Otağının buğlanmış camının arxasından da,
Hətta, üzünə tutan şalın altından belə gözəlsən.
Gözəlsən.


Bir yanımda:

Fotografçı kişi çaşıb, durdu sonra,
Nə mənə, nə də başqasına bənzəyən şəklimi görüncə,
Sonra şofer gözlərinə inanamadı bir tür,
Güzgüdən baxınca, mənə sım-sıxı sarılmış,
O, içində olmadığın paltarları
Sonra önümü kəsdi bir polis
Adın nə?- bağırdı,
Ürəyimdə, adım Heçkim - deyincə, hürkdü.
Sonra bir qəssab gördüm
Başından tutub, balığa üzmək öyrətdi
Evimə baxıb, bir quş uçmağı öyrəndi,
Ah evim, evim.
İçinə keçdim yorğun,
Saatı qiyamətə qurub yatasım gəlir.

Otağımda pianom varmış kimi

Hərdən səninçün,
Otağımda pianom varmış kimi,
Əllərim öndə, qalxıram,
öncədən hazırlanmış.
ardıcıl tərpənir barmaqlarım,
Üzümdə bir təbəssüm,
Ürəyimdə bacardığın rəqsə uyğun musiqi,
Qulaq eşidəcək qədər canlı,
Gözübağlı rəqsini görə bilərəm, bunu bilirsən,
Sonra pianomu axtarıram...

Pianom olmamış heç zaman, yenə yadıma düşür
Üstəlik, musiqi bacarmam, not bilməm.
Yerimə otururam, əllərim göydən asılı qurumuş,
Barmaqlarım payızlamış solmuş kimi,
Tingin yarası kimidir sevgi, ağaclandıqca böyüyür, bilirsən.
Sonra səni axtarıram otağımda,
15 ildir yoxsan yadıma düşür...

XS
SM
MD
LG