Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:43

Rəsul Cəfərovun cəzası 3 ay azaldıldı


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

Bakı Apellyasiya Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı hökmü dəyişdirdi, cəzasını 3 ay azaltdı. Məhkəmə prosesi iyulun 31-də hakim Həsən Əhmədovun sədrliyi ilə keçirildi.

Hökmdən əvvəl prosesdə vəkillər və Rəsul Cəfərov çıxış etdilər.

Vəkillərin müdafiə etdikləri şəxsin şüşə qəfəsdən çıxarılıb onların yanında oturulması ilə bağlı vəsatətləri təmin olunmadı.

Daha sonra vəkil Fariz Namazlı istintaqın Rəsul Cəfərova aid etdiyi vergi borcunu ödəməsi ilə bağlı sənədi məhkəməyə təqdim etdi və vergidən yayınma ilə bağlı məhkəmə hökmünə xitam verilməsini istədi. Bakı Ağır Cinayətlər Məhkəməsinin Rəsul Cəfərov barəsində çıxardığı 6 il 6 ay həbs cəzasının 1 ili məhz bu ittihamla bağlı olub.

«OĞRUYA DEYİRLƏR Kİ...»

Vəkil Əlibaba Rzayev çıxışında hüquq müdafiəçisinə qarşı irəli sürülən ittihamları «əsassız» və «qərəzli» adlandırdı:

«Rəsul Cəfərovun həbsi onun ictimai fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlıdır. Həmin layihələrlə o, insan hüquqları sahəsindəki problemləri önə çəkib. İttihamlar hüquqi baxımdan da qanunsuz və əsassızdır. Bir məbləğ üzərində 5 ittiham irəli sürülüb. Maddələrdən biri mənimsəmə ilə bağlıdır. Mənimsəmə varsa, ortada zərərçəkən olmalıdır. Konkret şəxslərin, qrant köçürən təşkilatların pulu mənimsənilibsə, onlar məhkəməyə dəvət olunmalı idilər. Amma bu, baş vermədi. Əvəzində isə təşkilatlar öz təşəbbüsləri ilə məhkəməyə məktub yolladılar ki, heç bir mənimsəmədən söhbət gedə bilməz. İstintaqın zərərçəkən kimi tanıdığı şəxslər də məhkəmədə zərər çəkmədiklərini bildirdilər, hətta bəziləri rəsmi müraciət edərək zərərçəkən kimi tanınmalarına xitam verilməsini istədi. Onlar özlərini zərərçəkən saymırlarsa, söhbət hansı mənimsəmədən gedir? Bu məbləğ mənimsənilibsə, onda həmin məbləğə görə necə vergi istənilə bilər? Belə çıxır ki, oğruya deyirlər ki, oğurladığına görə vergi verməlisən. Bu məbləğ mənimsənilmiş hesab olunursa, onda ona görə vergi ittihamı irəli sürmək absurddur. Biz reallıqları nəzərə alaraq yenə də həmin məbləği ödədik ki, qərarda bəlkə bu nəzərə alınar. Biz bütün ittihamları qanunsuz və əsassız sayırıq və məhkəmədən bəraət hökmü çıxarmağını istəyirik».

«HAKİMİYYƏTİN XOŞ NİYYƏT GÖSTƏRƏCƏYİNƏ ÜMİD EDİRİK»

Digər vəkil Fariz Namazlı da Rəsul Cəfərova qarşı qaldırılan ittihamları əsassız saydı:

«Rəsul Cəfərov istintaq dövründə də istintaqın aparılmasına köməklik göstərib, bu, onun vəzifəsi olmasa da. Bir çox sənədləri özü təqdim edib. Təəssüf ki, nə istintaq , nə də məhkəmə o sənədləri araşdırdı. Bakı Ağır Cinayətlər Məhkəməsi istintaqın iddiaları əsasında hökm çıxarıb. Bu sənədləri araşdırmadan ədalətli hökm çıxarmaq mümkün deyildi.

Rəsul Cəfərov məhkəmədə davranışı və vergini ödəməklə hakimiyyətlə dialoqa hazır olduğunu göstərdi. Hakimiyyətin də xoş niyyət göstərəcəyinə ümid edirik.

Rəsul Cəfərovun əməllərində heç bir cinayət yoxdur. Ona qarşı belə ağır bir cəzanın verilməsi də ayrı-seçkiliyin olmasına bir nümunədir. Vergidən yayınma ilə bağlı dəfələrlə məhkəmənin şərti cəza verdiyinin şahidi olmuşuq. Rəsul Cəfərovun halında dövlətə heç bir ziyan dəyməyib. Yeganə hal vergidən yayınma ola bilər ki, o da artıq aradan qaldırılıb. Ortada heç bir zərərçəkən də yoxdur. Belə olan halda Rəsul Cəfərovu həbsdə saxlamağa nə ehtiyac ar ki?!».

«QARŞI TƏRƏFƏ DOĞRU BİR ADDIM ATDIM»

Rəsul Cəfərov da öz çıxışında ittihamların absurdluğundan və vergini ödəməkdə məqsədindən danışdı:

«Vergini ödəməklə bir məqsəd məsuliyyətdən azad olunmağımdırsa, digəri ictimai məqsədlə bağlıdır. Mən şəxsən bunu etməklə qarşı tərəfə doğru bir addım atdım və onlardan da qarşılıq gözləyirəm. Mənə qarşı bütün ittihamlar, xüsusilə də mənimsəmə ittihamı tamamilə əsassızdır. Mənim hesabıma əsasən təşkilatlardan qrant məbləğləri gəlib. İstintaq həmin vəsaitləri araşdırsaydı, onda həmin təşkilatlara müraciət etməli idi. Onlardan beşinin Bakıda da nümayəndəliyi olub və onlara çox asanlıqla müraciət edib cavab almaq mümkün idi. Amma bu məsələni nə istintaq, nə də məhkəmə araşdırdı. Onların məhkəməyə göndərdiyi məktubun üstündən Bakı Ağır Cinayətlər Məhkəməsi səthi keçdi. Mənə qarşı beş ittihamın içində ən biabırçısı mənimsəmə ittihamıdır, digərləri də əsassız və qanunsuzdur».

Prosesdə zərərçəkən kimi tanınan Əhməd Heybətov da çıxış edərək zərər çəkmədiyini və bu statusda tanınmasına xitam verilməsini istədi.

Dövlət ittihamçısı Seyhun Azadəliyev sənədlərin, səfirlik və xarici təşkilatların məhkəməyə təqdim olunan məktublarının Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə nəzərə alındığını və ittihamların tamamilə əsaslandırıldığını bildirdi. Verginin ödənməsinə gəlincə, o, hakimdən bunu nəzərə alıb Rəsul Cəfərov barəsində Cinayət Məcəlləsinin 213.1 maddəsi ilə ittihama xitam verilməsini istədi.

Hakim bunu nəzərə aldı. Rəsul Cəfərovu vergi borcunu ödədiyi üçün işindəki vergidən yayınma ilə bağlı ittihama xitam verdi, 6 il 6 aylıq cəzasını 6 il 3 aya endirdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün digər hissəsi isə qüvvədə qaldı.

İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Sonradan onun işinə mənimsəmə və israf etmə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.

Bu il aprelin 16-da Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Özü ittihamları qəbul etmir və həbsini siyasi sifariş sayır. Rəsul Cəfərov «Amnesty International» tərəfindən «vicdan məhbusu» elan edilib.

XS
SM
MD
LG