Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:00

"Saxta seçkidən imtina edirəm"


Vaqif Əhmədoğlu.
Vaqif Əhmədoğlu.

-

77 saylı Astara seçki dairəsindən namizədliyini müstəqil şəkildə verən Vaqif Əhmədoğlu bəyanat yayaraq seçkidən imtina etdi. Vaqif Əhmədoğlu seçkidən imtinanın səbəblərini çox açıqca ortaya qoyur:

«VİCDANIMIN SƏSİNƏ QULAQ ASARAQ...»

«Azərbaycanda yüzlərlə siyasi məhbusun olması, jurnalist Xədicə İsmayılın, Leyla Yunus kimi dünya səviyyəli xanım hüquq müdafiəçilərinin həbsxanalarda olması mənəbir insan kimi əsas vermir ki, belə saxta seçkilərdə iştirak edim. Vicdanımın səsinə qulaq asaraq bu seçki oyununda iştirakdan imtina edirəm».

Vaqif Əhmədoğlu bizimlə söhbətində bildirib ki, kifayət qədər imza toplayıb. Lakin ohesab edir ki, birinci növbədə ölkədə seçki mühiti olmalıdır. O, buna birinci siqnal kimi siyasi məhbusların azad edilməsini göstərir:

«Bu həbslərin özü göstərir ki, heç bir seçki mühiti və demokratik seçki olmayacaq».

ŞEYXİN QARDAŞININ XEYRİNƏ TƏZYİQ?

75 saylı Lənkəran-Masallı seçki dairəsində namizədliyini verən rayon sakini Rahib Həşimov da ona təzyiq göstərildiyini bildirir. Rahib Həşimovundeməsinə görə, Lənkəran rayonun Liman şəhər icra nümayəndəsi Bəxtiyar Səfərov onu yanına çağıraraq namizədliyini geri götürməyi tələb edib. O qeyd edir ki, həmin dairədən QMİ-nin rəhbəri Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadənin namizədliyi irəli sürülüb:

«Cənab prezidentin göstərişi var ki, seçkilər demokratik keçəcək. Zeynal Naqdəliyev da deyib ki, müxalifət nümayəndələrinə hər hansı bir təzyiq olarsa, o adamlar ciddi şəkildə cəzalanacaq».

Rahib Həşimov ADP üzvü olsa da, namizədliyini müstəqil şəkildə verib. Onun deməsinə görə, ADP seçkiyə getmir. O isə seçkiyə qatılmaq üçün partiya sədrindən icazə alıb.

Xasay Səfəroğlu.
Xasay Səfəroğlu.

«HAKİMİYYƏT KÖHNƏ YOL İLƏ GEDİR»

70 saylı Masallı seçki dairəsindən namizədliyi qeydə alınmış rayon sakini Xasay Səfəroğlu isə deyir ki, imzaların toplanmasında və onun qeydə alınmasında ciddi problemlə üzləşməyib. O qeyd edir ki, eşitdiyinə görə, başqa seçki dairələrində namizədliyini vermək istəyənlərə təzyiq var:

«İmza toplayarkən əhalidə seçkilərə ümidsizcəsinə yanaşmanın şahidi olduq. Hakimiyyət seçki ilə bağlı əvvəlki vərdişlərindən əl çəkməyib. O yenə köhnə yol ilə gedir. İnanmıram ki, belə şəraitdə demokratik seçki olsun».

«NİYƏ BELƏ İŞ GÖRÜM Kİ?»

Lənkəran rayon Liman şəhər icra nümayəndəsi Bəxtiyar Səfərov isə bizimlə söhbətində onun barəsində deyilənləri böhtan adlandırdı:

«Mənim nə marağım olmalıdır ki, belə iş görüm? O işin mənə nə aidiyyəti var?».

75 saylı Lənkəran-Masallı DSK-sının sədri Cəmil Hüseynov isə Rahib Həşimovun onlara müraciət etmədiyini bildirdi. Dedi ki, namizədliyini vermək istəyənlər üçün dairədə bərabər şərait yaradılıb.

77 saylı DSK-nın sədri Hikmət Əkbərov da onlarahər hansı şikayətin daxil olmadığını söylədi.

XS
SM
MD
LG