Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:44

Hökumət 9 aylıq işini gözdən keçirib


Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

-

İqtisadçı-ekspertlər Nazirlər Kabinetinin oktyabrın 12-dəki müşavirəsinə şərh veriblər.

«MÜLKİYYƏT QƏSBİNƏ SON QOYULMALIDIR»

İqtisadçı-ekspert Qubad İbadoğlunun dediyinə görə, müşavirədə büdcə vəsaitinə qənaət və sahibkarlara təzyiqlər diqqət mərkəzində olub:

«İndiki durumda hər iki məsələ əhəmiyyətlidir. Hazırda hökumətin qarşısında duran başlıca vəzifələrdən biri daxildə əlavə maliyyə qaynaqlarının tapılması və xaricdən birbaşa investisiyaların cəlb edilməsi üçün əlverişli biznes mühitinin yaradılmasıdır. Axı qənaət öz-özlüyündə ictimai vəsaitlərin istifadəsində rasionallığı və səmərəliliyi artırsa da, bu, sonzuluğadək davam edə bilməz. Biznesin fəaliyyət imkanlarının genişləndirilməsi isə əlavə maliyyə qaynaqlarının təmini üçün çox vacibdir».

«VERGİ QANUNVERİCİLİYİ ƏLVERİŞSİZ ŞƏRTLƏRLƏ DƏYİŞDİRİLİB»

Qubad İbadoğlu xatırladıb ki, qlobal rəqabət qabiliyyətinə görə Davos İqtisadi Forumu Azərbaycanı 40-cı yerdə qərarlaşdırıb:

«Ölkəmiz dünyanın 40 ən rəqabətli ölkəsi ilə bir qrupdadır. Bu halda xarici investisiyaların təşviqi ilə sahibkarlığın inkişafına yönəlmiş dövlət siyasəti dayanıqlı iqtisadi artımı şərtləndirə bilər. İnvestorlar Azərbaycan qanunvericiliyinin, xüsusilə vergi və gömrük rejiminin dəyişdirilməsindən qaynaqlanan təsirlərdən sığortalanmalı və onlara bununla bağlı bəzi təminatlar verilməlidir. Çünki son zamanlar vergi qanunvericiliyi əlverişsiz şərtlərlə dəyişdirilərək sərtləşdirilib. Nəticədə, əlaqədar orqanların əsassız yoxlamaları və haqsız cərimələri fonunda müşahidə olunan ekspropriasiya, yəni bir qrupun başqa bir qrupun mülkiyyətini qəsb etməsi, kiçik və orta sahibkarların bir sinif kimi sıradan çıxarılması təhlükəsi yaranıb».

Qubad İbadoğlu
Qubad İbadoğlu

«MALİYYƏ AMNİSTİYASI OLMALIDIR»

Ekspert deyir ki, hakimiyyət artıq Azərbaycanda postneft dövrünün başlandığını etiraf edir: «Hakimiyyətin keçid dövrü üçün ilk addımlarından biri maliyyə amnistiyası olmalıdır. Ölkəyə neft gəlirlərinin sürətlə və iri həcmlərdə daxil olduğu son illərdə gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resursları tam və ya qismən leqallaşdırılmalıdır. Xaricə aparılan kapitalın geri qaytarılması, getdikcə artan və kütləviləşən məhkəmə çəkişmələri ilə müşahidə olunan vergi borcu öhdəliklərinin həlli üçün hazırkı şəraitdə maliyyə amnistiyasının elan olunması zərurətə çevrilib. Bu tədbir yeni iqtisadi situasiyada məlum çətinliklərlə üzləşən bazar subyektlərini, biznes qurumlarını fəaliyyətə həvəsləndirəcək».

Ekspertin fikrincə, maliyyə amnistiyası Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı üçün vacibliyi getdikcə artan investisiya qoyuluşları probleminin həllinə də töhfə ola bilər:

«Müşahidə olunan çətinlikləri nəzərə alaraq hökumət bu istiqamətdə müzakirələrə başlamalı, ümumi vergi amnistiyası elan olunmalı, vergi ödəyicilərinə münasibətdə «təmiz səhifə»dən başlanılmalıdır. Bunun üçün xüsusi proqram qəbul edilməlidir».

BÜDCƏ XƏRCLƏRİ AZALDILIB

Müşavirədə 9 ayın yekunları üzrə dövlət büdcəsinin icrasına dair məlumatlar da açıqlanıb. Gəlirlər 12.1 milyard manat olub - ötən ilə nisbətən 2 milyard manat az.11.7 milyarda çatan xərclər də ötən illə müqayisədə 900 milyon manat azdır.

Maraqlıdır ki, yarım ilin yekunlarına görə, dövlət büdcəsində 770 milyon manat kəsir yarandığı halda, 9 ayın yekunları üzrə 400 milyon manat profisit qeydə alınıb.

İqtisadçı-ekspert Rövşən Ağayev bunun əsas səbəbini əvvəlki iki rüblə müqayisədə büdcə xərclərinin azaldılmasında görür: «Birinci rübdə büdcə xərcləri 4.199 milyard, ikinci rübdə 4.379 milyard manat olmuşdu. Üçüncü rübdə isə xərclər 3.122 milyard manat olub - orta hesabla əvvəlki iki rübdən 25-30% az».

XS
SM
MD
LG