Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:26

Oğurlandığı deyilən şairin səsi Kürdəxanıdan gəldi


Tofiq Həsənli
Tofiq Həsənli

-

Satirik şair Tofiq Həsənli Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. Oktyabrın 13-də naməlum şəxslər tərəfindən aparılan şairin təcridxanada olması haqda ailəsinə polis əməkdaşları bir gün öncə məlumat veriblər. Qardaşı Faiq Həsənovun AzadlıqRadiosuna söylədikləri:

«Evə zəng vurub deyiblər ki, dəyişək gətirin. Bir də deyiblər ki, haqqında 3, ya 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəməyə kimi də orda qalacaq. Başqa heç nə deyilməyib, heç nə. Bizə ancaq oradan-burdan xəbər gəlir ki, guya üstündə narkotiklə saxlayıblar və 20 min manat da pul olub. Kasıb adamıq biz, haradandır qardaşımda o qədər pul?».

Faiq Həsənov deyir ki, qardaşının yanına oktyabrın 18-də gedəcək və yalnız bundan sonra ətraflı danışa biləcək.

DİN ARAŞDIRIB CAVAB VERƏCƏK

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə zəng vuraraq Tofiq Həsənli haqqında məlumat almaq istədik. Bildirdilər ki, bu haqda günortadan sonra araşdırıb xəbər verəcəklər.

Son günlər DİN-in mətbuat xidmətindən mətbuatın sorğularına bu haqda məlumatsız olduqlarını bildirirdilər. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə oktyabrın 15-də arqument.az-a demişdi:

«Tofiq Həsənli oğurlanıbsa, niyə bununla bağlı polisə müraciət etməyiblər? Öncə dəqiqləşdirin ki, ailəsi polisə müraciət edib, ya yox, sonra sual verin».

«ƏVVƏLCƏ FAKTI TƏSDİQLƏDİLƏR, SONRA...»

Şairin dostu Sədrəddin Adiloğlu AzadlıqRadiosuna deyib ki, Tofiq Həsənlinin oğurlanması haqda xəbər gələn kimi qohumları Lənkəran rayon Polis Şöbəsinə müraciət ediblər. «Şöbədən bildiriblər ki, onlarda belə fakt yoxdur. Daha sonra məlumat gəldi ki, Tofiqi saxlayanda guya üstündə narkotik olub. Bu dəfə də Narkotiklə Mübarizə İdarəsinin cənub şöbəsinə müraciət edildi. Növbətçi öncə faktı təsdiqlədi, belə adda şəxsin saxlanıldığını, binada olduğunu bildirdi. Amma az sonra belə adda adam saxlanılmadığını söylədi», - bildirir Sədrəddin Adiloğlu.

Bundan sonra yaxınları DİN-in «qaynar xətt»inə - 102-yə müraciət ediblər. «Bu adamı polis saxlayıbsa, yaxınlarına bir məlumat verilsin, haradadır, niyə saxlanılıb? Polis saxlamayıbsa, oğurlanıbsa, onda axtarsın, tapsın onu», - narahatlıqla əlavə edir şairin dostu.

ŞAYİƏLƏR: «ŞƏRT QOYUBLAR Kİ, ŞEİR YAZMASAN...»

Bu arada şairlə bağlı şayiələr dolaşmaqdadır. Şairin yaxın dostlarından biri bildirir ki, evə onların tanımadığı vəkil gələrək Tofiq Həsənlinin narkotik maddə ilə saxlanıldığını deyib:

«Ailə vəkil tutmayıb. O vəkil kimdir, bilən yoxdur. Deyilənə görə, Tofiq Həsənlinin qarşısında şərt qoyublar, siyasi hakimiyyətlə bağlı satirik şeirlər yazmayacağı haqda yazılı iltizam almağa çalışıblar. Guya şeir yazmasa, 6 aya azad ediləcəkmiş. Amma bunlar şayiədir, doğrunu heç kim bilmir».

Sədrəddin Adiloğlu isə Tofiq Həsənlinin narkotik maddə qəbul edəcəyinə və ya satacağına inanmır: «O, Kərbəlada olub, namaz qılan adamdır. Onun narkotiklə işi olmaz».

Tofiq Həsənli «facebook» səhifəsində də dini motivli videolar paylaşıb.

Əslən Lənkərandan olan, son zamanlar Qalada mağazada satıcı işləyən şair Tofiq Həsənlinin oktyabrın 13-də axşam saat 21:00 radələrində Bakının Qala kəndində naməlum şəxslər tərəfindən oğurlandığı deyilirdi. Şairin dostları ilk dəfə bu haqda «facebook» sosial şəbəkəsində məlumat və anasının videomüraciətini yaymışdılar. Həmin müraciətdə bildirilirdi ki, şairi yazdığı satirik şeirlərə görə oğurlayıblar.

XS
SM
MD
LG