Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:41

"O idarə daim işgəncə verməklə məşğuldur"


Ayaqlarının altına vurulan dustaq
Ayaqlarının altına vurulan dustaq

“Nardaran işi ilə bağlı ötən məhkəmə iclasında ifadə vermiş əməliyyat müvəkkilinin dindirilməsi bu gün də davam etdirilib.

Dindirmə zamanı təqsirləndirilən şəxslərin bir neçəsi "bandotdel"də olarkən onun işgəncələrinə məruz qaldıqlarını deyiblər.Təqsirləndirilən Aqil İsmayılov və Əli Nuriyev müvəkkilin onları ailələri ilə, əxlaqsız hərəkətlər vasitəsilə işgəncə verməklə hədələdiyini bildirib.”

Həbsdə işgəncələrdən yuxarıların xəbəri yoxdurmu? Bunun qarşısı niyə alınmır və necə alına bilər?

Hüquqşünas Aslan İsmayılov deyir ki, işgəncə faktı həmişə olub, amma bu günə qədər bir nəfər də olsun bununla bağlı məsuliyyətə cəlb olunmayıb:

Aslan Ismayılov
Aslan Ismayılov

“İşgəncə faktı həmişə mövcud olub, bu gün də mövcuddur. Bu, normal cəmiyyət üçün yolverilməzdir. İnsanın əsassız olaraq məsuliyyətə alınması, haqqında hökm çıxarılması özü əsassızdır. İnsanı həbs edib ona işgəncə vermək, bu artıq əxlaqsızdır. Mən belə bir faktın özüm şəxsən şahidi olmuşam və görmüşəm. Bu nə deməkdir?. Həmin o “bandotdel” deyilən yerdə mən bunu özüm yaşamışam. Və bilirəm ki, o idarə daim işgəncə verməklə məşğuldur. Vaxtı ilə mən fikir də yürütmüşəm ki, həmin idarənin ümumiyyətlə mövcudluğu qanunsuzdur. Bu günə qədər minlərlə işgəncə faktı olub. Amma mən bu günə qədər bir nəfərin də məsuliyyətə alındığını görməmişəm”.

Aslan İsmayılov: "Mən özüm şahidi olmuşam..."
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00
Direct-ə keçid

Vəkil Yalçın İmanov bildirir ki, işgəncələr ona görə verilir ki, ittiham üzrə etirafedici ifadələr ala bilsinlər:

Yalçın İmanov
Yalçın İmanov

“Azərbaycanda müvəqqəti saxlanma yerlərində işgəncə halları mütəmadi olaraq tirajlanırdı və həm polis şöbələrinin müvəqqəti saxlanma yerlərində, həm Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müvəqqəti saxlanma yerində, o cümlədən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin, indiki Dövlət Təhlükəsizlik Xidmətinin saxlanma yerlərində işgəncələrlə bağlı vaxtaşırı müəmmalı şəkildə vəfat etmiş şəxlərlə bağlı məlumatlar öz əksini tapırdı.

İşgəncələr niyə verilir? İşgəncələr adətən irəli sürülmüş ittiham üzrə etirafedici ifadələr almaq niyyətinə xidmət edir. Və bu həm də onun göstəricisidir ki, işin istintaqını aparan müstəntiqlərin peşəkarlığı ya çox aşağıdır və yaxud da tələb olunan səviyyədə deyil ki, onlar peşəkar formada bu ittihamların təsdiqini sübut edəcək dəlillər ortaya qoya bilsinlər. Burda kobud və primitiv formada ağıla gələn ilk üsuldan istifadə olunur. İşgəncə versin və etirafedici ifadə alsın və yaxud da kiminsə əleyhinə ifadə alsın və.s.və.i.a.

İşgəncələrin qarşısının alınması ilə bağlı effektiv və səmərəli müdafiə komitələri yoxdur. Müvəqqəti saxlanma yerlərinə ictimai nəzarət mövcud deyil. Bir QHT var idi, keçmiş rəhbəri Elçin Behbudov. O qurumun da fəaliyyəti hətta onun sağlığı dövründə belə kifayət qədər suallar doğururdu. Ona görə də işgəncələrin qarşısını almaq üçün Azərbaycan cəmiyyəti daha səmərəli vasitələr düşünməlidir.

Təcridxanalara, müvəqqəti saxlanma yerlərinə daim ictimai nəzarət mövcud olmalıdır. Vəkillik institutu bu mücərrəd və biabırçı durumdan çıxarılmalıdır ki, hüquqi yardım effektiv və birbaşa olsun. Nardaran hadisələrindəki işgəncələr faktı ortaya çıxardı ki, Azərbaycanda vəkillik sistemi demək olar ki, yox səviyyəsindədir. Yalnız bir-iki vəkilin vicdanlı davranışından danışmaq, bəhs etmək olar. Bu dediyim tədbirlər həyata keçirilməsə və olmasa bu işgəncələrin və yaxud da qeyri insani rəftar nümunələrinin qarşısını almaq yaxın gələcəkdə çətin görünür”.

Hüquq müdafiəçisi İntiqam Əliyev deyir ki, işgəncə dövlət səviyyəsində həyata keçirilən siyasətdir:

İntiqam Əliyev
İntiqam Əliyev

“Nardaran hadisələri ilə bağlı dəhşətli işgəncə faktları üzə çıxıb. Əslində bu yeni faktlar deyil. Buna qədər də çoxsaylı həm müxalifət, həm də müxalif olmayan digər şəxslərin məhkəmə prosesləri barədə vəkillərin mediada gedən fikirlərində, çıxışlarında, yazılarında “banotdel”də, Milli Təhlükəsizlik Nazirliyində, həbsxanalarda, qapalı yerlərdə dəhşətli işgəncə faktları ilə bağlı məlumatlar gedirdi.

Nardaran hadisələri ilə bağlı həbs olunanların söylədikləri isə mənə elə gəlir ki, son dövrlərin ən dəhşətli işgəncə faktları hakimiyyətə qarşı ən ağır ittihamlardır. Təsadüfi deyil ki, orda ifadə verən şəxslərdən biri işgəncə verilən yeri “Azərbaycanın Quantanamosu” adlandırıb.

Doğrudan da indi bütövlükdə Azərbaycanın həbsxanaları, istintaq təcridxanaları, polis idarələri, “bandotdellər”i, MTN-in zirzəmisi Quantanamonu xatırladır.

Düşünürəm ki, bu işgəncələr barədə ən yüksək eşalonlarda xəbərdardırlar. Və əgər xəbərdardısa, buna reaksiya verilmirsə, deməli bu dövlət tərəfindən təşviq olunur. Dövlət dəstək verir, hakimiyyət dəstək verir.

Təəssüf ki, işgəncələr də korrupsiya kimi, monopoliya kimi Azərbaycanda idarəçiliyin bir vasitəsinə çevrilib. Bu dəhşətli bir şeydir. Hakimiyyət bu işgəncələri araşdırmayacaq. Öncəki acı təcrübə də göstərir ki, hakimiyyətin işgəncələri araşdırmaq fikri yoxdur. Daha çox o səbəbdən ki, işgəncələr vasitəsi ilə hakimiyyət toplumun narazı hissəsinin gözünün odunu alır.

Repressiyalar vasitəsi ilə, işgəncələr vasitəsi ilə istər müxalifətdə olan, istərsə də müxalifətdə olmayan, amma indiki durumdan narazı olan fəallara mesajlar verir ki, hamınızın başına gələ bilər bu və bilməlisiz ki, belə situasiyada sizi müdafiə edəcək heç kim yoxdur. Ona görə də danışmayın, susun. Yəni əsas mesaj budur.

Hesab edirəm ki, bu anlamda bu kontekstlər nəzərdən keçirilməlidir. Bu adi məmurun, adi polis işçisinin, adi həbsxana işçisinin özbaşınalığı, qanunsuzluğu deyil, dövlət səviyyəsində həyata keçirilən siyasətdir”.

XS
SM
MD
LG