Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:56

Ramiz Rövşən: 'Məni susmaqda ittiham edənlər…'


Şair Ramiz Rövşən
Şair Ramiz Rövşən

“Mən o sözü deyirəm ki, görürəm onu məndən başqa heç kim ya deyə bilmir, ya da cəsarət etmir…”

Şair Ramiz Rövşən AzadlıqRadiosu-na müsahibəsində gənc fəalların həbsindən tutmuş, Ziyalılar Forumunun fəaliyyətinədək bir çox məqamlara toxunub.

– “Ziyalılar susursa, bu, çox utancvericidir”, Heydər Əliyevin heykəlinə şüar yazmış, narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum edilmiş Qiyas İbrahimovun anası Şura Əmiraslanova AzadlıqRadiosu-na belə deyib. Ramiz bəy, sizləri susmaqda suçlayırlar...

– Mən bütün həbs olunanların azad edilməsini istərdim. Buna münasibətim birmənalıdır. O cavanların həbsi, əlbəttə, heç kimin ürəyincə deyil. Ziyalı anlayışı çox geniş anlayışdır. Onu çox da daraltmaq lazım deyil. Ancaq təbii ki, ziyalı cəmiyyətdə gedən proseslərə reaksiya verməlidir. Yəni reaksiya vermək də onun haqqıdır, verməmək də. Amma reaksiya verməlidir.

Buna da bax:​ Səməd Vurğun: "Bizdə partiya kimi sevirsə, xalq da onu sevir"

– Son zamanlar sizin reaksiyanız görünmür. Olmur, yoxsa diqqətdən qaçır?

Ramiz Rövşən: 'Mən ürəyim istəyən hər sözü həmişə deməyə hazıram, istəməyən sözü deməyə heç kim məcbur edə bilməz'
Gözlə

No media source currently available

0:00 0:07:17 0:00
Direct-ə keçid

– Bütün internet mənim şeirlərimlə doludur. Çox ciddi, ictimai məzmun daşıyan şeirlərim, yazılarım var. Mənim 70 yaşım olur və bu ərəfədə xeyli işlərimi tamamlamalıyam. Mənim missiyam şairlikdir, axı. Məni guya susmaqda, məni guya ictimai fəaliyyətin azlığında ittiham edənlər nadanlar və yaxın tarixi bilməyənlərdir. Mən o sözü deyirəm ki, görürəm onu məndən başqa heç kim ya deyə bilmir, ya da cəsarət etmir. Amma hamının dediyi sözü deməyə özümdə daxili ehtiyac hiss etmirəm.

Buna da bax: Qiyas İbrahimovun anası: 'Bu, çox utancvericidir'

– Ramiz bəy, sizdən başqa heç kimin “cəsarət edib demədiyi söz” hansıdır?

– Onu da bilin ki, mən şairəm, şairin öz missiyası var. Amma razıyam ki, şairin vətəndaşlıq borcu da var. O da əsas məsələdir. Vətəndaş mövqeyi olmayan, şəxsiyyəti olmayan adamdan, təbii ki, şair də olmaz, yazıçı da. Yəni bunlar bir-birini tamamlayan şeylərdir. Amma elə bir söz yoxdur ki, mən onu deməyə nəyə görəsə çəkinəm. Mən ürəyim istəyən hər sözü həmişə deməyə hazıram. Ürəyim istəməyən sözü deməyə heç kim məcbur edə bilməz.

– Bir ara sizin də təmsil olunduğunuz Ziyalılar Forumu fəallaşdı. Cəmiyyətin sayseçmə insanları Azərbaycanda baş verənlərə açıq şəkildə münasibət bildirməyə, müzakirələr aparmağa, kəsəsi, ortaya mövqe qoymağa başladılar. Son iki ildə Ziyalılar Forumu sanki yoxa çıxıb…

– Ziyalılar Forumunun fəaliyyətinin niyə dayanması hamının gözü qabağında oldu. Ziyalılar Forumu gərək siyasiləşməyəydi. Yəni Ziyalılar Forumunu dayandıran, onun axırına çıxan Forumun siyasiləşməsiydi. Bizim ilk gündən dediyimiz bu idi ki, siyasi iddiamız yoxdur. Hətta deyilmişdi ki, Ziyalılar Forumu ictimai rəyə nələrisə çatdırmaq üçündür. Amma mən demişdim ki, ictimai rəy elə Ziyalılar Forumunun özüdür. Onun siyasiləşməsi, təəssüf ki, axırına çıxdı. Ən düzgün, ən yerində olan birlik bəlkə də ziyalıların birliyi idi. Orda bir ağsaqqal sözü, ziyalı sözü, obyektiv fikir çatdırılırdı. Bu, böyük şərtdir. Mən onun siyasiləşməsinə etiraz edənlərdən idim. Ən azı, iki adam razı deyildisə, bunun biri məniydim. Baxmayaraq ki, o Ziyalılar Forumunda vaxtilə məni qədər siyasiləşmiş adam azıydı...

Buna da bax:​ Professor Rafiq Əliyev: “Sovet hökumətindən sonra millətin kodu dəyişdirildi”

– Forumun siyasiləşməsinin niyə əleyhinəydiniz? Lütfən, açıqlayın.

– Mən artıq o fikirdəydim ki, daha yüksək səviyyədən, məsələn, səngərlərdən yox, daha yuxarı nöqtədən dayanıb danışmaq lazımdır. Cəmiyyət də bizim sözümüzə inanırdı və inanacaqdı da. Əfsuslar ki… Bu da zamanla bağlı oldu. Çox siyasiləşdi. Rafiq Əliyevlə mənim mövqeyimiz beləydi ki, bu Forum siyasiləşməsin. Ən azı, ikimizin mövqeyi beləydi.

– İndi Azərbaycanda olub-bitənləri necə dəyərləndirirsiniz? Bir yandan həbslər var, bir yandan Konstitusiya dəyişdirilir, bir yandan da devalvasiya insanları kasıblaşdırır...

– Bu gün təkcə pul qiymətdən düşmür, mənəviyyat da qiymətdən düşür. Devalvasiya bütün sahələrdə gedib, təkcə iqtisadiyyatda getmir. Mənəviyyatda da gedir, cəmiyyətin bütün təbəqələrində də devalvasiya gedir. Acı həqiqət budur. Təbii ki, bu vəziyyətdə ziyalı sözünə böyük ehtiyac var. Amma ziyalıya da istifadəçi münasibət var. İqtidarda da, müxalifətdə də həmin münasibət var: “Mən deyəni desin, mən istəyəni istəsin”. Bu cür istifadəçi münasibət düz deyil. Şair nə deməyindən çox, nə yazması ilə dəyərlidir. Təbii ki, nə deməyi də öz rolunu oynayır. Azərbaycan gerçəkliyi elədir ki, şəxsiyyətlə sənət bir-birini tamamlamasa, burda reallaşmaq çox çətin olar. Bizim cəmiyyət çox həssasdır, təkcə sənətə yox, şəxsiyyətə də… Bunu hər bir şair, yazıçı bilməli, o məsuliyyəti hiss etməlidir. Təbii ki, mən yenə deyirəm, bütün bu həbslər, xüsusən cavanların həbsi məni çox kədərləndirir, mənim üçün çox acıdır. Onları ayırmadan deyirəm. Bizim gələcəyimizdir bu adamlar. Hətta necə deyim, bəlkə də düşünülməmiş hərəkətə yol versələr də, bunu ürəkdən, səmimi şəkildə etsələr də, bunların hamısının öz səbəbləri var. Müəyyən hissəsinin hərəkəti siyasi romantizmdən qaynaqlanır, müəyyən hissəsinin hərəkəti daxili narahatlıqla bağlıdır. Ümumiyyətlə, çox gözəl cavanlarımız var. Söhbət təkcə siyasiləşmiş cavanlardan getmir. Cavanlarımızın səviyyəsinin aşağı düşdüyünü deyirlər, ola bilər, təhsilimizdə problem var. Ancaq fərdi planda elə gözəl, təhsilli, səviyyəli cavanlar var, mən onları görəndə heyran oluram. Onlarla görüş mənə xoşdur. Allah o həbs olunanların qapısını açsın. Bu, mənim birmənalı arzum, istəyimdir! Övladı həbsdə olan ana üçün bu nə boyda dərddir. Gənclərin həbsinə münasibətim mənfidir, bu cavanların gələcəyi var. Onların ömründən o 5 ili, 10 ili almaq olmaz, olmaz! Bu, cavanlıqdır. Cavanlıq elə səhv etməkdir də, normaları pozmaqdır. Söhbət tək siyasətdən getmir. İnsan səhv edə-edə, üsyan edə-edə inkişaf edir… Amma əvvələ qayıtsaq, Azərbaycanın ən böyük problemi mənəvi deqradasiyadır. Ən böyük problemdir bu.

Buna da bax: Ziyalılar Forumu siyasi baxışlara görə təqibləri pisləyir

– Bəzən deyirlər, ölkədə bütün nəfəsliklər qapanır, bu üzdən sizin dediyiniz kimi, buna üsyan edənlər də var, həbsə düşənlər də, bu ölkəyə sığmayıb tərk edənlər də. Sizin nəfəsiniz darıxmır bu arada?

– Birinci şərt odur ki, kimin nə qədər nəfəsi var (gülür). Məsələn, mənim heç bir şəraitdə nəfəsim darıxmır. Dediyim odur ki, bugünkü internet dövründə, informasiyanın bir neçə mənbədən yayıldığı dövrdə nəfəslikləri qapatmaq mümkün olmayacaq. Nəfəslikləri bağlamaq informasiya qıtlığı yaratmaqdır. İndiki zəmanədə bu mümkün olan şey deyil. Amma başqa şey də deyim. Əvvəl deyirdim ki, internet böyük çayxanadır, indi baxıram həm də böyük zibilxanadır. O qədər məsuliyyətsizlik var, kim ağzına nə gəldi yazır. Məsuliyyət hissi yoxdur. Amma bu interneti bağlamaq üçün bəhanə olmamalıdır.

– Bu şəraitdə şeir yaza bilirsiniz?

– İnsan var həbsxanada oturub azadlıq haqda şeir yazır. İnsan daxilən azad olmalıdır şeir yazmaq üçün. Mən də şeirlərimi yazıram.

XS
SM
MD
LG