Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:44

Bir alıcısı olan tender


AZAL
AZAL

Uzun fasilədən sonra «Azərbaycan Hava Yolları» QSC nəhayət ki, satınalmalar prosesində müsabiqələrin təşkilini bərpa edib. Di gəl, ilk elan üzrə alınacaq malın Azərbaycanda bir təchizatçısı var, o da SOCAR-dır. Mütəxəssislər deyirlər ki, bunun üçün tender keçirib, vaxt itirməyə ehtiyac yox idi. Digər zəruri malların (iş və xidmətlər) alınmasında rəqabətli müsabiqələrin keçirilməsi haqda isə AZAL, hələlik, planlarını açıqlamayıb.

Şirkət 100 min ton reaktiv aviasiya yanacağının alınmasından ötrü tender elan edib. AZAL iddiaçılardan tələb edir ki, son 3 ildə azı 2-3 müvəffəqiyyətlə icra olunmuş iş haqqında məlumat təqdim etsinlər. Qəribə olansa budur ki, bu xidməti Azərbaycan ərazisində bir təşkilat – AZAL-ın strukturuna daxil olan «AZALOİL» yanacaq-sürtgü materialları idarəsi yerinə yetirir.
Alan da, satan da AZALOİL-dir

AZAL bildirir ki, bu idarənin əsas vəzifəsi Azərbaycan Respublikasının ərazisində yerləşən aeroportlarda təyyarə və helikopterlərin AZS 242-2006 (ГОСТ 10227-86) standartına uyğun olaraq TC-1 aviasiya yanacağı ilə doldurulmasından ibarətdir. AZALOİL isə bu yanacağı istehsalçıdan – SOCAR-dan alır.

Ekspert: «Yanacağı niyə tenderlə alsınlar ki?»

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AZAL-ın yanacağı tenderlə almaq ideyasını «uğursuz addım» kimi qiymətləndirib. «Milli aviaşirkət il ərzində SOCAR-dan bir neçə yüz min ton yanacaq satın alır. Azərbaycana aviasiya yanacağı xaricdən gətirilmir. Əvvəlki illərdə tərəflər arasında (AZAL və SOCAR nəzərdə tutulur – red.) ödəmə problemləri olsa da, hazırda neft şirkətinin pulunun ödənilməsində ləngimələr yoxdur», – ekspert belə deyir.

2010-cu ildə hökumətin «Təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsi barədə» qərarı ilə AZAL-ın SOCAR-dan aldığı yanacağa görə 99 milyon manat həcmində borcu neft şirkətinin mənfəəti hesabına silinmişdi.

İlham Şaban deyir ki, təyyarə yanacağının qiyməti də tərəflərin razılığı ilə müəyyən olunmur. O, qiymətləri dövlət tərəfindən tənzimlənən mallar siyahısındadır. Sonuncu dəfə Tarif (qiymət) Şurası onun qiymətinə ötən ilin noyabrında yenidən baxıb və dekabrın 1-dən topdansatış qiymətini 450-dən 550 manata qaldırıb.

AZAL yanacaq satışından da zərərə düşür

AZALOİL təkcə yerli aviaşirkətlərə deyil, həm də Azərbaycanın hava limanlarında yanacaq dolduran xarici aviaşirkətlərə də yanacaq satır. Bütün bu alqı-satqı əməliyyatları AZAL-ın maliyyə hesabatında əksini tapır. Amma təəccüblü olan budur ki, AZAL yanacaq alışı və satışı üzrə fəaliyyətdən mənfəət götürmək yerinə, zərərə düşür.

Məsələn, 2014-cü ilin maliyyə hesabatında göstərilir ki, AZAL-ın yanacağın alınmasına və satışına çəkdiyi xərclər 199,5 milyon manat olub. Şirkət bu əməliyyatlardan 29,2 milyon manat az gəlir götürüb. Halbuki, əvvəlki illərdə yanacaq ticarəti üzrə əməliyyatlardan 2012-ci ildə balans mənfəəti 56,6 milyon, 2013-cü ildə isə 44,7 milyon manat olmuşdu. AZAL hələlik son ilin maliyyə hesabatını ictimaiyyətə təqdim etməyib.

Dövlət Statistika Komitəsində AzadlıqRadiosuna deyiblər ki, 2016-cı ildə yerli aviaşirkətlər (AZAL və «Silk Way Holding») 216,7 min ton -2015-ci ildəkindən 23 min ton çox yanacaq yandırıblar.

AZAL-ın 2014-cü ildə yanacaq satışından zərərə düşməsi də müəmmalıdır. Axı, həmin il o, xarici aviaşirkətlərə həmin yanacağı dünya bazarında formalaşmış birja qiyməti ilə satıb. SOCAR o zaman aviasiya yanacağının AZAL-ın ondan alış qiymətindən (təxminən 250 ABŞ dolları) qat-qat baha – 900 dolların üzərində olduğunu bildirir.

mənbə: SOCAR.az
mənbə: SOCAR.az

Elə Dövlət Gömrük Komitəsinin hesabatlarında reaktiv mühərriklər üçün kerosin yanacağının bir tonunun 2014-cü ildə Azərbaycandan orta hesabla 836 dollara ixrac olunduğu əks olunub.

Dövlət Statistika Komitəsinin məlumatlarından görünür ki, Azərbaycana xaricdən aviasiya yanacağı gətirilmir. Əvəzində, 2014-cü ildə xarici aviaşirkətlərin çənlərinə 346,7 min ton, 2015-ci ildə isə 265 min ton Azərbaycan yanacağı doldurulub.

AZAL yanacaqdan başqa tenderlə nəsə alacaqmı?

AZAL maliyyə göstəriciləri ilə bağlı bu və digər şübhəli məqamlara aydınlıq gətirmir. AzadlıqRadiosunun AZAL-ın 2017-ci ildə mal, iş və xidmətlərin satın alınması ilə bağlı satınalma planları, yaxın vaxtlarda daha hansı predmetlər üzrə satınalma prosedurlarına başlamaq niyyəti haqda sorğusu cavabsız qalıb.

AZAL-ın təyyarələrində qidalanma xidmətini, aviaşirkətə məxsus hava limanlarında yerüstüxidmətləri onun prezidenti Cahangir Əsgərovun ailə üzvlərinin şərik olduqları «Silk Way Holding» MMC-yə daxil olan şirkətlər təqdim edirlər. AZAL-ın təsərrüfat məsrəfləri, təmir və s. işlərlə bağlı xərcləmələri də, hələlik, «Dövlət satınalmaları haqqında» qanunu yan keçməklə qarşılanır.

XS
SM
MD
LG