Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Dünyada nüvə arsenalı azalır, amma…


Rusiyanın yeni Sarmat qitələrarası raketi
Rusiyanın yeni Sarmat qitələrarası raketi

Son bir ildə qlobal miqyasda nüvə silahlarının sayı azalıb. Ancaq Moskvayla Vaşinqton arasında “siyasi və hərbi ziddiyyətlər” ucbatından gələcək ixtisarlar qeyri-müəyyən qalır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) iyunun 17-də illik hesabatını yayıb.

Hesabatda deyilir ki, 2019-cu ilin əvvəlində Birləşmiş Ştatlar və daha yeddi ölkənin 13 min 865 nüvə silahı olub.

Bu isə 2018-ci ilin əvvəlindəki 14 min 465 silahdan “ciddi azalma” deməkdir.

Azalma əsasən Rusiya və Birləşmiş Ştatların strateji nüvə silahlarını ixtisar etməsiylə izah olunur. Bu iki ölkə birlikdə dünyadakı nüvə silahlarının 90 faizinə malikdir.

Arxiv fotosu
Arxiv fotosu

Sazişlə bağlı danışıq aparılmır

İxtisar Yeni START sazişi çərçivəsində həyata keçirilir, ancaq sazişin müddətini tərəflər uzatmasalar, 2021-ci ildə bitir.

“Hazırda Yeni START sazişini, yaxud onu davam etdirəcək sazişin müddətini uzatmaqla bağlı danışıqlar aparılmır”, – SIPRI-nin Nüvə Tərksilahı, Silahlara Nəzarət və Silahların Yayılmaması proqramının direktoru Shannon Kile deyib.

Birləşmiş Ştatların Dövlət katibinin silahlara nəzarət üzrə köməkçisi Andrea Thompson mayda senatda demişdi ki, “administrasiya Yeni START-ın potensial uzadılması barədə hansısa qərara gəlməyib”.

Rusiya Prezidenti Vladimir Putin isə iyunun 6-da deyib ki, Vaşinqton sazişin uzadılması üzrə danışıqlara başlamağa könülsüz yanaşır.

2010-cu ildə Praqada imzalanmış pakt hər bir ölkənin strateji nüvə başlıqlarının sayını 1550-yə salmağı nəzərdə tuturdu. 1994-cü ildə qüvvəyə minmiş, 2009-cu ildə bitmiş START I sazişində isə bu rəqəm 6 min idi.

Bundan başqa Moskvayla Vaşinqton 1987-ci ildə imzalanmış Ortamənzilli Raket Qüvvələri sazişində iştitaklarını dayandırıblar, bir-birini sənədi pozmaqda ittiham ediblər.

SIPRI Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanı nüvə silahlarına malik ölkələr kimi sadalayır, onların nüvə arsenalı gücləndirdiyini qeyd edir.

XS
SM
MD
LG