Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:13

'Məni nə Gəncədə tutublar, nə də üstümdə narkotik olub...'


Foto illüstrasiya
Foto illüstrasiya

Gəncə hadisələrinə görə həbs olunan şəxslər arasında Əli Rzayev var. Ona ötən il iyulun 10-da Gəncədə kütləvi iğtişaşların təşkili, polisə müqavimət göstərmə ilə yanaşı, narkotik ittihamı da verilib. İddia olunur ki, o, Gəncədə həbs olunarkən üzərindən narkotik də tapılıb. Ancaq Ə.Rzayev deyir ki, yalandır, nə onu Gəncədə tutublar, nə də üstündə narkotik olub. Onun sözlərinə görə, iş yerinə gəlib, hamının gözü qarşısında götürüb aparıblar. Buna baxmayaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsi öz hökmündə ittihamı olduğu kimi saxladı.

6 ildən 9 ilə qədər həbslə cəzalandırılan Ə.Rzayev və daha 10 nəfərin haqqındakı hökmdən verilən şikayətlərə Gəncə Apellyasiya Məhkəməsinin hakimləri Bakı Apellyasiya Məhkəməsinin binasında baxır. İyulun 11-də məhkəməyə Ə.Rzayevin vəkilinin vəsatəti əsasında Süleyman Qarayev çağrılmışdı. Ə.Rzayev «Azəriqaz»ın Samux şöbəsində işləyib, S.Qarayev də onun müdiri olub. O məhkəmədə təsdiqləyib ki, işçisini onun gözü qarşısında Samuxda iş yerindən aparıblar.

Gəncə hadisələrinə görə həbs olunan daha bir qrupun - Bəkrəm Əliyev, Elmir Hüseynzadə və daha altı nəfərin mühakiməsi isə hələ birinci instansiya məhkəməsində davam edir. Onların işi üzrə də məhkəmə istintaqı yekunlaşır. Artıq şahidlər dindirilib, sənədlər elan olunub. İndiki mərhələdə vəkillər xeyli vəsatətlər qaldırıblar.

«Bu adamı 10 gün orada hansı statusla saxlayıblar?»

Asif Cavadovun vəkili Vüqar Heydərov onun tibbi ekspertizadan keçirilməsi və işgəncə altında alınmış ifadələrinin sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırıb. Dəfələrlə məhkəmədə A.Cavadovun vəziyyəti pisləşib, proses yarımçıq saxlanılıb.

Vəsatətlər təmin olunmayıb.

Vəkil Şəhla Hümbətova Gəncə şəhər Nizami və Kəpəz polis idarələrindən, istintaq təcridxanasından ötən ilin iyul ayına aid kamera görüntülərinin, polis idarəsindən gəlib-gedən şəxslərin qeydiyyat kitabçasının alınması barədə vəsatətlər qaldırıb. Çünki təqsirləndirilən şəxslər həmin idarələrdə, təcridxanada işgəncəyə məruz qaldıqlarını bildirirlər. Vəkilin sözlərinə görə, təqsirləndirilən Elmir Hüseynzadə iyulun 10-da saxlanılıb, şahid qismində dindirilib, amma buraxılmayıb. Bir də iyulun 21-də təqsirləndirilən şəxs kimi, ona qarşı ittiham irəli sürülüb: «Bu adamı 10 gün orada hansı statusla saxlayıblar?».

Amma hakim Dadaş İmanov bu vəsatətləri də təmin etməyib. Bildirib ki, vəkil özü də müstəqil şəkildə sorğu verib, onları ala bilər.

Ş.Hümbətova deyib ki, özü də sorğu verib, amma cavab ala bilməyib, ona görə məhkəməyə müraciət edir.

Ancaq hakim fikrini dəyişməyib: «Öz işinizi məhkəmənin üzərinə qoymayın».

Vəkil sorğuları göndərməsini təsdiqləyən qəbzləri də məhkəməyə göstərib: «Bizə cavab vermirlər. Məhkəmənin də araşdırmaq vəzifəsi var...».

Məhkəmə davam edir.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.

Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirirlər.

XS
SM
MD
LG