Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:11

Hunter Biden Ukraynada yanlış iş görmədiyini deyir


Joe Biden (sağda) oğlu Hunter ilə
Joe Biden (sağda) oğlu Hunter ilə

ABŞ-ın keçmiş vitse-prezidenti, Demokrat partiyasından prezidentliyə namizəd olmağa iddialı Joe Biden-in oğlu Hunter Biden Ukraynada yanlış hərəkətə yol vermədiyini deyir. O, Ukraynada enerji şirkətinin idarə heyətinə üzv olmaqla düzgün qərar vermədiyini də sözlərinə əlavə edib. Ağ ev hazırda bu məsələ ətrafında əsaslandırılmamış korrupsiya iddiaları səsləndirir.

Biden oktyabrın 15-də “ABC news”a danışıb, deyib ki, idarə heyətinə üzvlüyü qəbul etmək “mənim tərəfimdən sağlam fikir olmayıb”, ancaq “ümumiyyətlə heç bir yanlışa yol vermədiyini” sözlərinə əlavə edib.

Oktyabrın 15-də demokratların prezidentlik debatında Joe Biden oğlunu Prezident Donald Trump-ın tənqidindən müdafiə edib. O deyib ki, yüksək-profilli korrupsiya işləri üzrə ləng işləyən Ukrayna baş prokurorunun işdən çıxarılması üçün Kiyevə təzyiq göstərməklə yanlış hərəkət etməyib.

“Oğlum səhv etməyib”

“Oğlum səhv etməyib. Mən səhv etməmişəm. Oğlum bir qərar verib. Onun verdiyi qərardan qürur duyuram”, – deyən Joe Biden Trump-ın “korrupsiyası”ndan misallar gətirməklə mövzunu dəyişib.

Biden-lərə qarşı Trump və şəxsi vəkili Rudy Giuliani siyasi və korrupsiya iddiaları səsləndirir.

Hunter Biden Burisma Holdings-in idarə heyətinə 2014-cü ilin aprelində, Kiyevdə Maydan hərəkatından sonra üzv olub. Onda atası vitse-prezident vəzifəsində idi.

2002-ci ildə yaradılmış şirkət Ukraynada ən böyük özəl təbii qaz hasilatı şirkətlərindəndir, karbohidrogen istehsalı sahəsi üzrə 35 lisenziyası var.

Burisma-nın ötən il 400 milyon dollar gəlir əldə etdiyi bildirilir, ancaq şirkət maliyyə hesabatlarını açıqlamır. Şirkət lisenziyalarının çoxunu sahibi Mykola Zlochevsky ətraf mühit naziri olarkən əldə edib. O zaman nazirlik qaz çıxarılması və işlənməsi üzrə lisenziyaların verilməsinə nəzarət edirdi.

Maydan hadisələrindən sonra Zlochevsky-yə bir neçə cinayət işi açılıb, o, ölkədən qaçıb. O, nazir vəzifəsindən yararlanaraq neft və qaz çıxarılmasına lisenziya verilməsini nəzarətdə saxlamaqda şübhəli bilinib. Digər istintaqlar maliyyə korrupsiyası, vergidən yayınma, çirkli pulyuma ilə bağlıdır.

İstintaq başa çatdırılmayıb

Rəsmi ittiham irəli sürülməyib və Zlochevskiy Burisma vasitəsilə hər hansı nöqsana yol vermədiyini bildirib.

Zlochevsky-yə AB sanksiyalar tətbiq edib, sonradan qaldırıb. Ona qarşı Britaniyada da cinayət işi açılıb. Di gəl, Ukraynada prokurorlar ona qarşı istintaqı başa çatdıra bilməyiblər.

Britaniya hakimiyyəti ukraynalı həmkarlarından Zlochevksiy-nin aktivlərinin müsadirəsi üçün gərəkən sənədləri istəyib, ancaq Ukrayna tərəf ona qarşı açıq cinayət işinin olmadığını bildirib.

2015-ci ilin payızında Joe Biden və AB Ukraynanın ovaxtkı Baş prokuroru Viktor Shokin-in vəzifədən kənarlaşdırmağa çağırırdı. Həmin ilin dekabrında Ukrayna parlamentində çıxışında Biden deyirdi ki, Shokin-in idarəsi istintaqları ləng aparır.

Baş prokurorun keçmiş müavini Vitaliy Kasko bu ilin mayında “Bloomberg News”a deyirdi ki, Joe Biden 2016-cı ildə ultimatum verənədək Burisma ilə bağlı istintaq yerində sayırdı. Biden onda demişdi ki, Shokin çıxarılmasa, ABŞ maliyyə yardımını ayırmayacaq.

“ABŞ-dan heç kəs Burisma rəhbəri Zlochevskiy-yə qarşı cinayət işlərinin bağlanması üçün təzyiq göstərməyib. Ukrayna prokurorları 2014-2015-ci illərdə bu işi kənara qoymuşdu”, – Kasko deyib.

XS
SM
MD
LG