Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:40

Kino çəkmək üçün kino məktəbi vacibdirmi?


İllüstrativ foto
İllüstrativ foto

Müstəqil Amerika kinorejissorlarından James Grey, Gregg Araki və Rian Johnson Cənubi Kaliforniya Universitetində kinematoqrafiya oxuyublar. Ang Lee, Martin Scorsese və Spike Lee isə Nyu York Universitetinin Tisch adına İncəsənət Məktəbində təhsil alıblar. Paul Schrader, Catherine Hardwick və Gina Prince-Bythewood Los Ancelesdəki Kaliforniya Universitetinin Kino Məktəbini bitiriblər. Nüfuzlu kino məktəblərində oxumuş tanınmış kinematoqrafçıların siyahısı uzundur. Bəs görəsən, günümüzdə yaxşı film çəkmək üçün kino təhsili vacibdirmi?

Təhsil xərcləri günü-gündən artır, prodakşn xərcləri isə azalır. Pulu film çəkməyəmi, yoxsa kino təhsili almağamı xərcləməli? “Indiewire” saytı bir neçə müstəqil (indie) kinorejissorun fikrini öyrənib.

“Gərəksiz alət”

Ana Lily Amirpour hesab edir ki, film çəkməyi öyrənməyin yeganə yolu bu işi görməkdir. Ancaq o həm də sənətkarların yaradıcılıqla məşğul olmasına kömək edən yerlərin əhəmiyyətini də vurğulayıb. Amirpour-un özü Los Ancelesdəki Kaliforniya Universitetinin ssenari fakültəsində təhsil alıb. Təhsili üçün Los Ancelesə köçməsi lazımlı insanlarla tanış olub əlaqə qurmasına kömək edib.

Ana Lily Amirpour
Ana Lily Amirpour

O, ümumilikdə kino məktəbini gərəksiz alət hesab edir. Bunun əvəzində sevilən filmlərin ssenarilərini oxumağı, çoxlu filmə baxmağı, sevdiyin rejissorların yaradıcılığı ilə yaxından maraqlanmağı, əlinə kamera götürüb nəsə çəkməyə çalışmağı, dünyanı gəzməyi, kitab oxumağı və musiqi dinləməyi tövsiyə edir.

“Əslində, filmlər həyatla bağlıdır. Bu isə kino məktəbinin içində baş vermir”, – o deyir.

“Nişan al və vur” (“Point and Shoot”) və “Küçə döyüşü” (“Street Fight”) filmləri ilə tanınan Marshall Curry, ümumiyyətlə, kino məktəbində oxumayıb. Əlindəki pulu təhsilə, yaxud film çəkməyə xərcləmək arasında seçim etməli olub və ikincini seçib. Sonra kiçik bir həftəsonu kursu götürüb, növbəti ili öz evində oturub montajı öyrənib və nəticədə “Küçə döyüşü” filmini çəkib.

“Əminəm ki, kino məktəbində öyrənə biləcəyim çox şey olub. Bəzən də kino məktəbində oxumuş dostlarıma həsəd aparıram. Bilirəm ki, bəzən elə problemlərə başım dəyir ki, onları mənə məktəbdə izah etmiş ola bilərdilər. Ancaq kino məktəbinə getsəniz də, getməsəniz də, bayıra çıxıb yüzlərlə saat ərzində film çəkməyə çalışmağın əvəzi yoxdur”, – o deyir.

Martin Scorsese
Martin Scorsese

Nüfuzlu məktəblərdə oxumaq

“Dünəndən bəri qırx il” (Forty Years from Yesterday) filmini çəkən Robert Machoian kino məktəbinin əhəmiyyətini vurğulayır, ancaq xüsusi məktəb oxumadan da kino karyerası qurmağı mümkün sayır. Lakin o həm də hesab edir ki, həqiqətən böyük, gəlirli filmlər çəkmək üçün nüfuzlu məktəblərdə oxumaq vacibdir.

Aaron Katz (“Land Ho!”) isə Şimali Karolina İncəsənət Məktəbində oxumasını həm texniki biliklər, həm də faydalı insanlarla tanışlıq baxımından yüksək dəyərləndirir. Sonradan uzun müddət həmin adamlarla birlikdə çalışdığını deyir.

“Gideonun ordusu” (Gideon’s Army”) filminin rejissoru Dawn Porter kino məktəbində oxumayıb. Ancaq əvvəlki karyerası, xüsusən də vəkillik işi ona hekayələri aydın və sadə şəkildə danışmağı öyrədib. ABC News kanalına işləyərkənsə peşəkar jurnalistlərlə çalışıb, onların müxtəlif reportajları necə yazdığını, redaktə etdiyini, dəyişdiyini müşahidə edib. 5,5 ildə yüz minlərlə müsahibəni oxuyub. Yaxşı çəkiliş və redaktənin əhəmiyyətini anlayıb. O, bədii əsərdə “vəziyyətin özü-özünə açılmasına imkan verməyin vacibliyini” öyrəndiyini deyir.

“Mövzu haqda güclü fikrim olsa da, filmdən özümü necə çıxarmaq barədə çox düşünmüşəm. Auditoriyanın qəhrəmanlar haqda öz qərarını verməsini istəyirəm. Mən işimi düz görsəm, film auditoriyaya qəhrəmanlarla öz əlaqələrini qurmağa imkan verir”, – o deyir.

XS
SM
MD
LG