Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:48

İlin ən yaxşı filmləri


«İrland» filmindən kadr
«İrland» filmindən kadr

2019-cu ilin filmləri təkcə məzmun yox, həm də texniki xüsusiyyətləri baxımından fərqli və maraqlıdır. Məlumdur ki, ənənəvi Hollivud studiyaları yeni rəqiblərlə üzləşməli olurlar. İri striminq şirkətləri, eyni zamanda, film istehsalı ilə məşğul olur, tamaşaçıların film izləmə tərzini kökündən dəyişmək üçün əllərindən gələni edirlər. Abunəçilərinin sayını artırmaqdan ötrü öz orijinal filmlərində maraqlı texniki yeniliklərdən istifadə edirlər. Məsələn, Netflix «İrland» (The Irishman) filmində xüsusi kompüter texnologiyasının köməyi ilə baş qəhrəmanları oynayan aktyorların üz cizgilərini dəyişdirib, onların gəncliyini oynamaq üçün əlavə aktyorlar cəlb etməyib.

«The New Yorker» jurnalı yazır ki, artıq striminq kinoteatrlara qalib gəlməkdədir, üstəlik, say baxımından deyil, keyfiyyət baxımından. Artıq filmlərin kinoteatrdakı nümayişinə mühafizəkar, məcburi, 7-günlük formal prosedur kimi baxılır. Film distribütorları striminq şirkətlərini yeni çəkdikləri filmləri əvvəlcə 2 həftə ərzində yalnız kinoteatrlarda nümayişinə məcbur edirlər. Striminq şirkətləri bunu etməsələr, çəkdikləri film Amerika Kino Akademiyasının əsas mükafatı sayılan Oskara namizəd göstərilə bilməz. Üstəlik, Oskara namizədliyin nəzərə alınması üçün həmin kinoteatrlar Los-Ancelesdə, nüfuzlu Nyu-York jurnallarına düşmək üçünsə Nyu-Yorkda olmalıdır.

Yuxunu və kinoteatrları udmaq

Bununla yanaşı, bir çox keyfiyyətli filmlər kinoteatrlarda göstərilmədən, festivallardan nümayiş olunandan dərhal sonra striminq xidmətlərinə yerləşdirilir. Təbii ki, striminq xidmətlərində onlara kinoteatrlardakından daha çox adam baxır. Ancaq jurnal yazır ki, bu halda tənqidçilər onlara rəy yazmır. Bu isə onsuz da sıxışdırılan kinematoqrafçıların işini daha da çətinləşdirir.

Ancaq digər tərəfdən, bəzi hallarda striminq şirkətlərinin özləri də filmlərini ənənəvi kinoteatrlarda göstərilməsində maraqlıdırlar. Çünki bu zaman filmin auditoriyası daha da genişlənir. Burada söhbət çox keyfiyyətli, Netflix-in qaymaqlarından sayılan filmlərdən gedir.

Netflix və Amazon Prime-ın çəkdiyi kontentin əsas hissəsi çox da yüksək keyfiyyəti ilə seçilmir.

«Striminq təkcə istehlak deyil. Striminq inandırmaqdır», - jurnal yazır. Netflix-in rəhbəri Reed Hastings 2017-ci ildə demişdi: «Əslində biz yuxu ilə rəqabət aparırıq və uduruq». Ancaq bu kontent təkcə yuxuya yox, kinoteatrlara da rəqibdir.

Müəllif daha iki maraqlı məqama diqqət çəkir: birincisi, striminq dünyasında tamaşaçılar filmin özündən çox striminq xidmətinin reytinqinə diqqət yetirir, daha populyar olan xidməti təqib edirlər. İkincisi də, kontentin əsas hissəsi keyfiyyətsiz olduğundan tamaşaçı və tənqidçilər ortabab filmləri bir-birilə müqayisə etməli olurlar.

Ən yaxşı filmlər

Müəllif Richard Brody-nin builki siyahısında, əsasən, geridə qoyduğumuz il ərzində festivallarda nümayiş olunan filmlər yer alıb:

  • «İrland» (The Irishman) (Martin Scorsese)
  • «Ölülər ölmür» (The Dead Don’t Die) (Jim Jarmusch)
  • «Sakit oturan fil» (An Elephant Sitting Still) (Hu Bo)
  • «Biz» (Us) (Jordan Peele)
  • «Kenken və yadplanetlilər» (Coincoin and the Extra-Humans) (Bruno Dumont)
  • «Cilalanmamış daşlar» (Uncut Gems) (Josh/Benny Safdie)
  • «Mənim ilk filmim» (My First Film) (Zia Anger)
  • «Ailə turu» (A Family Tour) (Ying Liang)
  • «Bir uşaq dövləti» (One Child Nation) (Nanfu Wang/Jialing Zhang)
  • «Onun ətri» (Her Smell) (Alex Ross Perry)
  • «Bamilekeli qadının iki üzü» (The Two Faces of a Bamiléké Woman) (Rosine Mbakam)
  • «Məhəllədə gözəl gün» (A Beautiful Day in the Neighborhood) (Marielle Heller)
  • «Frenki» (Frankie) (Ira Sachs)
  • «Yay bitməmiş» (Before Summer Ends) (Maryam Goormaghtigh)
  • «Akikogildə avqust» (August at Akiko’s) (Christopher Makoto Yogi)
  • «Keçid quşları» (Birds of Passage) (Cristina Gallego/Ciro Guerra)
XS
SM
MD
LG