Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:35

Koronavirusdan ölümlər necə sayılmalıdır


Lomonosov Universiteti Klinikasının intensiv terapeya şöbəsi
Lomonosov Universiteti Klinikasının intensiv terapeya şöbəsi

Rusiya koronaviruslu xəstələrin çoxunun başqa səbəblərdən öldüyünü deyir. Amma bəziləri bu fikirlə razı deyil. “Reuters” agentliyi bu məsələni araşdırır.

Məsələn, xərçəng xəstəliyindən əziyyət çəkən rusiyalı koronavirusa tutularaq ölürsə, rəsmilər onun məhz xərçəngdən öldüyünü bildirirlər. Hazırda Rusiya dünyada koronavirusa yoluxmalar üzrə ikinci yerdədir, təxminən 300 min nəfər. Ölü sayı isə cəmi-cümlətanı 2 min 837 nəfərdir. Bu, hər 100 min rusiyalı 1.88 ölüm səviyyəsi deməkdir.

ABŞ-da bu göstərici 27.61, Britaniyada 52.45-dir.

Virusdan deyil, ağırlaşmadan ölürlər

Rusiya öz metodologiyasını müdafiə edir. Moskva Səhiyyə Departamentinin koronavirus autopsiyaları üzrə təlimatının müəllifi Oleg Zairatyants agentliyə deyib ki, COVID-19-un xüsusiyyətlərini “yetərincə yaxşı” bilirlər.

“İnsanlar vəfat edirlər və onların ölüm səbəbi bizə aydındır”, – o deyib.

Di gəl, vəfat etmiş xəstələrin yaxınlarının fikrincə, onda gərək əzizləri virusa yoluxmamışdan dünyasını dəyişərdi.

Rusiyada koronavirus pandemiyasının episentri sayılan Moskvada pandemiya qurbanlarının 60 faizi məhz bu statistikaya salınmayıb, ölüm səbəbləri kimi digər xəstəliklər göstərilib. Moskvanın Səhiyyə Departamenti Rusiyanın koronavirusdan ölümləri digər ölkələrdən daha dəqiq apardığını deyir. Ölkədə artıq 7 milyondan artıq test həyata keçirilib.

Rusiya Baş nazirinin müavini Tatyana Golikova statistikanın saxtalaşdırılması iddialarını rədd edir.

“Sadə dildə desək, heç kəs virusdan ölmür. İnsanlar virusun səbəb olduğu ağırlaşmalardan vəfat edirlər”, – Moskvadakı 29 saylı xəstəxananın intensiv kardiologiya şöbəsinin rəhbəri Alexey Erlikh deyib.

“Amma bu insanlar xroniki xəstəliklərinin virusun səbəb olduğu ağırlaşmasından vəfat edirlər. Bəziləri inanır ki, belə ölümlər koronovirusdan ölü sayına salınmamalıdır. Məncə, salınmalıdır”, – deyən Erlikh bu məsələdə həmkarları ilə ciddi fikir ayrılığı yaşadığını sözlərinə əlavə edib.

Britaniya təcrübəsi

Amma Britaniyada koronavirus testi pozitiv çıxan, yaxud neqativ çıxsa da, koronavirus şübhəlisi sayılan xəstələr arasında ölüm hallarının hamısı uyğun statistikaya salınır. Bunu Oksford Universitetindən doktor və professor Carl Heneghan söyləyir.

“Biz koronavirusdan ölənlərlə, onunla ‘birlikdə yaşayıb’ vəfat edənlər arasında fərq qoymaq iqtidarında deyilik”, – Heneghan vurğulayıb.

Dünya Səhiyyə Təşkilatı (DST) isə Rusiyanın yanaşmasına problem görmədiyini deyir.

“Qəsdən sayı az göstərmək söhbəti yoxdur. Bəzi hesabların yenidən aparılması, yaxud başqa nəsə mümkündür... amma indilik ciddi bir şey görmürəm”, – DST-nin Rusiyadakı baş təmsilçisi Melita Vujnovic ötən həftə Rusiya dövlət televiziyasına deyib.

Agentlik bəzi rusiyalıların məsələyə skeptik yanaşdığını deyir. Moskvalı Leo Shlykov-un atası mayın 11-də vəfat edib, koronavirus testi müsbət çıxmış, 11 gün süni nəfəs aparatına qoşulmuşdu. O deyir ki, bu qədər insanın COVID-19-dan öldüyünü bilsəydilər atasını xəstəxanaya daha tez yerləşdirərdilər.

Shlykov sosial mediada yazıb ki, ölüm şəhadətnaməsində atasının koronavirusdan öldüyü göstərilməyib.

“Bəli, bir neçə il qabaq infarkt olmuşdu, böyrək çatışmazlığı, diabeti vardı, amma koronavirus olmasaydı, o hələ də yaşayardı”, – o deyib.

XS
SM
MD
LG