Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:43

'ÜDM-in azalması rəsmi rəqəmdən çoxdur'


Böhran
Böhran

Bu ilin ilk 5 ayında Azərbaycanda ümumu daxili məhsul (ÜDM) 1.7 faiz aşağı düşüb. Prezident İlham Əliyev iyunun 9-da modul tipli xəstəxananın açılışındakı çıxışında bu rəqəmi dilə gətirərkən vurğulayıb ki, "bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçikhəcmlidir".

Bəs iqtisadçılar vəziyyəti necə deyərləndirirlər? Qarşıdakı aylarda ÜDM yenidən arta bilərmi?

N.Cəfərli
N.Cəfərli

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, Azərbaycanda ÜDM-in düşməsi rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur: "Bu barədə beynəlxalq agentliklər, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu da bildirirlər. Onların hesablamalarında Azərbaycanda ÜDM-in düşməsi daha çox görünür və 4 faiz civarındadır. Məntiqlə də belə olmalıdır. Çünki Azərbaycana ikitərəfli ziyan dəyir. Bu, koronavirus pandemiyasından və neft qiymətlərinin aşağı düşməsindən dəyən zərərdir. Hər ikisi ÜDM-ə mənfi təsir göstərir".

İqtisadçının fikrincə, bir müddət sərt karantin rejiminin tətbiq olunması biznes sahələri, əsasən də xidmət və istehsalın bəzi hissələrini dayandırıb (Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martın 24-dən karantin elan edilib. Amma aprelin 27-dən başlayaraq mayın 18-nə kimi karantin bir xeyli yumşaldılıb-red).

"ÜDM-in artması iki faktordan asılı olacaq"

N.Cəfərli qeyd edib ki, növbəti aylarda Azərbaycanda ÜDM-in artması iki faktordan asılı olacaq: "Faktorlardan biri neft qiymətlərdir. Neft qiymətlərində müəyyən tərpəniş var və onlar təxminən 40 dollara çatıb. İkinci faktor isə karantin tədbirlərin nə vaxta qədər davam etməsidir. Bu, həmçinin, ölkə sərhədləri açılandan, yumşalma tədbirlərindən sonra iqtisadiyyatın çarxlarının nə vaxtdan yenidən dönməyə başlamasından asılıdır. Mən düşünmürəm ki, bu, tez baş verəcək".

"…Bu ili Azərbaycan ÜDM-i mənfi rəqəmlə baş vuracaq"

İqtisadçının vurğulamasına görə, ölkə vətəndaşlarının alıcılıq qabiliyyətinin düşdüyünü nəzərə alsaq, istehlak azalacaq: "İstehlak azalacaqsa, ÜDM-in tez bir zamanda bərpa olunması mümkün olmayacaq. Çox güman ki, bu ili Azərbaycan ÜDM-i mənfi rəqəmlə baş vuracaq".

V.Əhmədov
V.Əhmədov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə "Turan" agentliyinə bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda ümumu daxili məhsulla bağlı vəziyyət daha qənaətbəxşdir:

"…Azərbaycan iqtisadiyyatında ciddi problem yoxdur"

"Parlament 2020-ci ilin büdcəsini müzakirə edəndə Maliyyə naziri Samir Şərifov qeyd etdi ki, beş ay ərzində Azərbaycanda əlavə 500 milyon manat əlavə dəyər yaranıb. Yəni, əlavə dəyər yaranıbsa, deməli, Azərbaycan iqtisadiyyatında ciddi problem yoxdur. Baxmayaraq ki, koronavirus pandemiyası var, Azərbaycanda iqtisadiyyat bu şəkildə inkişaf edir. Düzdür, pandemiyaya görə ilin axırında müəyyən problem yarana bilər. Ona görə cənab prezident qərar qəbul edib ki, iqtisadi sahələrə yardım edilməlidir və həmin yardım edilir".

Deputatın qeyd etməsinə görə, 2019-cu ildə dünya iqtisadiyyatında geriləmə baş versə də, Azərbaycanda ÜDM-in artımı 2 faizi ötüb:

"Ola bilər, ...müəyyən problem olsun"

"Bu il isə həm neft qiymətlərində müəyyən problemlər olub, həm koronavirus pandemiyası var. Ola bilər, əlavə dəyərin yaranmasında müəyyən problem olsun".

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 2.2 faiz artaraq 81 milyard 681 milyon manata çatmışdı.

XS
SM
MD
LG