Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:27

TikTok-un ABŞ-da alınması üçün vaxt verildi


Arxiv fotosu
Arxiv fotosu

Prezident avqustun 3-də deyib ki, Microsoft texnologiya nəhənginin onu almasına etiraz etmir

Çin Birləşmiş Ştatları ‘açıq təhdid’də suçlayır

Avqustun 4-də Pekin Birləşmiş Ştatları TikTok sosial media şirkətilə bağlı “açıq təhdid”də ittiham edib.

“Bu, bazar iqtisadiyyatı prinsiplərinə, Dünya Ticarət Təşkilatının açıqlıq, şəffaflıq və anti-diskriminasiya prinsiplərinə ziddir”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin Pekində deyib.

“Birləşmiş Ştatlar heç bir dəlil göstərmədən milli təhlükəsizlikdən sui-istifadə edir, müəyyən qeyri-ABŞ şirkətlərini əsassız yenə sıxışdırır”, – sözçü vurğulayıb.

Wang-ın sözlərimə görə, ABŞ Çin şirkətlərinə qarşı “qondarma ittihamlar” irəli sürür və bütün bunlar “siyasi manipulyasiya”dır. O, Vaşinqtonu “Pandora qutusunu açmamağa” çağırıb.

Çin dövlət mediası avqustun 4-də yazıb ki, Pekin TikTok-un ABŞ tərəfindən “oğurlanması”nı qəbul etməyəcək, Pekinin Vaşinqtonun təzyiqinə qarşı tədbir görmək yolları var.

***

ABŞ Prezidenti Donald Trump Çinin TikTok sosial media şirkətinin ABŞ şirkəti tərəfindən alınması üçün sentyabrın 15-dək vaxt qoyub. Səbəb ölkənin təhlükəsizliyi sarıdan əndişələrdir.

Prezident avqustun 3-də deyib ki, Microsoft texnologiya nəhənginin onu almasına etiraz etmir. O, Microsoft rəhbəri Satya Nadella ilə mümkün alışı müzakirə etdiyini söyləyib.

Trump ötən həftə TikTok-u ABŞ-da qadağan etməklə hədələyib. Bu soыial media şirkətinin yığdığı datanın Çin kəşfiyyatının alətinə çevrilə biləcəyi ilə bağlı narahatlıq var.

ABŞ şirkəti TikTok-u almasa...

Prezident deyib ki, Microsoft, yaxud başqa bir ABŞ şirkəti TikTok-u almasa, “o, Birləşmiş Ştatlarda iflas edəcək”.

TikTok Çinin ByteDance şirkətinə məxsusdur.

Microsoft avqustun 2-də bildirib ki, “TikTok-un Birləşmiş Ştatlarda alışının müzakirəsini davam etdirməyə hazırdır”.

Sietlda mənzillənən şirkət Trump və Nadella arasında söhbət olduğunu təsdiqləyib, bloq postunda yazıb ki, “prezidentin narahatlığını yoluna qoymağın vacibliyini tam dəyərləndirir”.

Microsoft bildirir ki, ByteDance ilə birlikdə TikTok-un Birləşmiş Ştatlar, Kanada, Avstraliya və Yeni Zelandiyada xidmətlərini almaq üçün ilkin təklifi nəzərdən keçirməklə bağlı niyyət ifadə ediblər.

ABŞ texnologiya şirkəti sentyabrın 15-dək müzakirələri tamamlamaq niyyətində olduğunu açıqlayıb.

“Datan da təhlükəsiz qalar”

TikTok xüsusilə yeniyetmələr və gənclər arasında populyardır, onun vasitəsilə qısa videolar hazırlanır. Bu sosial şəbəkənin dünyada 1 milyard istifadəçisi olduğu bildirilir. Şirkət istifadəçi datasını Pekinlə paylaşdığını bildirir.

ABŞ Senatında demokratların lideri Chuck Schumer avqustun 3-də deyib ki, ABŞ şirkətinin TikTok-u alması ideyasını dəstəkləyir, “bu zaman hamı ondan istifadə edir, datan da təhlükəsiz qalar”.

Schumer Twitter-də yazıb ki, TikTok “Çin Kommunist Partiyasının qanunları altındadır və ondan datanı hökumətə təhvil vermək tələb oluna bilər”. Onun sözlərinə görə, TikTok-un Birləşmiş Ştatlarda işini davam etdirməsinin “təhlükəsiz yolu” tapılmalıdır.

TikTok rəhbəri Kevin Mayer isə iyulun 29-da bloqunda yazıb ki, şirkət uzunmüddətli fəaliyyət və uğurdan ötrü gərəkəni etmək əzmindədir.

“Dəyişməyəcək bircə şey bizim TikTok-un onmilyonlarla amerikalı ailəsinin təhlükəsiz platforması kimi qalmasnı təmin etmək öhdəliyimizdir”, – deyın Mayer əlavə edib ki, TikTok “düşmən deyil”.

XS
SM
MD
LG