Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:19

Belarusda etirazçının həlak olduğu xəbər verilib (VIDEO)


Belarusdan alınan son xəbərlərdə deyilir ki, paytaxt Minskdə minlərlə etirazçı yenidən küçələrə çıxıb.

Nümayişçilər artıq 23 ildir ki, ölkəyə rəhbərlik edən prezident Alyaksandr Lukashenka-nı qalib elan etmiş seçkinin nəticələrinə etiraz edirlər.

Polislə qarşıdurma zamanı bir etirazçının həlak olduğu xəbər verilir.

AzadlıqRadiosunun Belarus xisməti Daxili İşlər Nazirliyinin məlumatına istinadən bildirir ki, sözü gedən etirazçı polisə atmaq istədiyi partlayıcının onun öz əlində partlaması nəticəsində həlak olub.

Bu hadisə iğtişaş polisi Minskin mərkəzi meydanına yığışanları dağıtmaq istəyərkən baş verib.

Bəzi xəbərlərə görə polis adamlara atəş açıb və etirazçının ölümü də bu qarşıdurmada baş verib.

Barrikadalar və tətil çağırışı

Belarus xidməti xəbər verir ki, etirazçılardan bəziləri küçələrdə barrikadalar qurmağa cəhd göstəriblər.

Polisin etirazçılara rezin güllərlərlə və səs qumbaraları ilə atəş açdığı xəbər verilib.

Beləliklə də Belarus paytaxtında Lukashenka-ya qarşı kütləvi etirazların ikinci günü başlanıb.

Xəbərlərdə deyilir ki, onlarca etirazçı saxlanıb.

Telegram platformasında yayılan videolarda iğtişaş polisinin etirazçıların üstünə yeridiyi və gözyaşardıcı qazdan istifadə etdiyi görünür.

AFP şahidlərə istinadən bildirir ki, rezin güllələrdən yaralananların arasında jurnalist də var.

Bundan əvvəl, avqustun 9-da polislə minlərlə etirazçının arasında zorakı toqquşmalar olmuşdu.

Daxili İşlər Nazirliyi 3 min nəfərin saxlandığını bildirir.

Müxalifət namizədi Svyatlana Tsikhanouskaya-nın tərəfdarları bildiriblər ki, avqustun 11-də daha bir nümayiş keçirəcəklər.

Müxalifət ümumölkə tətilinə çağırıb.

Barrikada qurmaq cəhdi
Barrikada qurmaq cəhdi

Təbrik edənlər və etməyənlər

Rusiya prezidenti Vladimir Putin aralarındakı narazılıqlara baxmayaraq Lukashenka-nı “seçki qələbəsi” münasibətilə təbrik edib.

Çin, Qazaxıstan, Özbəkistan, Moldova və Azərbaycan liderləri də 1994-cü ildən prezident olan Lukashenka-nı təbrik ediblər.

Lakin Qərb ölkələri seçkinin nəticələrinə “ciddi şübhə” etdiklərini bildiriblər.

Seçki nəticələri elan ediləndən bəri ilk dəfə Ağ Ev Belarusda baş verən hadisələrə münasibət bildirib.

ABŞ Belarusdakı vəziyyətdən dərin narahatlıq keçirdiyini bildirir və hakimiyyəti adamları dinc nümayiş keçirmək haqqından məhrum etməməyə çağırır.

ABŞ dövlət katibi Mike Pompeo da belə bir çağırışla müraciət edib:

"Biz Belarus hökumətini bütün belarusların dinc şəkildə toplaşmaq hüququna hörmət göstərməyə, zor tətbiqindən çəkinməyə və saxlananları sərbəst buraxmağa çağırırıq. Biz etirazçılara qarşı davam edən zorakılığı, qanunsuz saxlananların azad olunmasını, internet kəsintilərinin dayandırılmasını… tələb edirik”.

Britaniya hökuməti Belarusu etirazçılara qarşı zorakılıqlardan çəkinməyə çağırırb.

London Belarus seçkisinin “ciddi şəkildə saxtalaşdırıldığını” bildirib.

Almaniya və Fransa hökumətləri də Minski zorakılıqların dayandırılmasına çağırıb.

Lukashenka etirazçıları “qoyun” adlandırıb

Seçkinin rəsmi nəticələrinə görə cəmi 10 faiz səs toplamış Tsikhanouskaya deyib ki, o seçki nəticələrini tanımır, amma təxribata imkan yaratmamaq üçün nümayişlərdə iştirak etməyəcək.

Tsikhanouskaya bəyan edib ki, onun ixtiyarında olan həqiqi protokollar Lukashenka-nın məğlub edildiyini göstərir.

Avtokrat prezident Alyaksandr Lukashenka rəsmi nəticələrə görə səslərin 80 faizini qazanıb.

Seçki məntəqələrində müşahidəçilərin olmasına icazə verilməmişdi.

BBC bildirir ki, Lukashenka müxalifət etirazçılarını “xaricdən idarə olunan qoyun sürüsü” adlandırıb.

MSK Lukashenkanın 80 faiz səslə prezident seçildiyini elan edib - Reaksiyalar

“Mən özümü prezident seçkisinin qalibi hesab edirəm”, – Tsikhanouskaya avqustun 10-da Minskdə deyib. O, fikrinin seçki məntəqələrinin çoxundan əldə olunmuş “real protokollar”a əsaslandığını, həmin sənədlərin onun seçkini udduğunu sübuta yetirdiyini söyləyib.

Tsikhanouskaya seçki komissiyasının elan etdiyi rəsmi nəticələrin saxtalaşdırıldığını iddia edib.

Onun sözlərinə görə, etirazlar zamanı bir nəfərin öldüyü təsdiqlənərsə, bu, Lukashenka hökumətinin “sonunun başlanğıcı” olacaq.

DİN sözçüsü Chamadanava isə “Vyasna” təşkilatının həmin şəxsin ölümü haqda məlumatını “saxta” adlandırıb.

Chamadanava mini Minskdə olmaqla, ölkə üzrə 3 minədək etirazçının saxlandığını, toqquşmalar zamanı 50-dən çox dinc sakinin, 39 hüquq-mühafizə əməkdaşının xəsarət aldığını söyləyib.

Reaksiyalar

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Belarusda baş verən zorakılığı pisləyib, hökuməti seçkinin nəticələrini “dəqiq hesablayıb” dərc etməyə çağırıb.

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali təmsilçisi Josep Borrell və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi də zorakılığı pisləyib.

Onlar da avqustun 10-da verdikləri bəyanatda Belarus hökumətini səsləri düzgün saymağa çağırıblar.

Azərbaycan Prezidenti İlham Əliyev, Çin Prezidenti Xi Jinping Lukashenka-ya təbrik teleqramı göndərənlər sırasındadır.

Tsikhanouskaya deyib ki, o, “münaqişənin daha da qızışmasını” önləmək üçün etirazlarda şəxsən iştirak etməyib. O, Belarusu tərk etmək planı olmadığını söyləyib, tərəfdarlarını etirazları davam etdirməyə çağırıb. Tsikhanouskaya-nın sözlərinə görə, Lukashenka və hökuməti nümayişçilərlə dialoqa getməlidir.

Lukashenka isə öz növbəsində etirazçıları telefon vasitəsilə xarici ölkələrdən idarə olunan “qoyunlar” adlandırıb. “Polşadan, Böyük Britaniyadan, Çexiya Respublikasından bizim, bu sözə görə üzr istəyirəm, qoyunları idarə etmək üçün telefon zəngləri olub”, – o deyib.

“Onlar nə etdiklərini bilmirlər və başqaları onları idarə etməyə başlayır”, – deyən Lukashenka əlavə edib ki, “heç kəsə ölkəmizi parçalamağa imkan verməyəcəyik”.

***

Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) 9 avqust prezident seçkisinin ilkin rəsmi nəticələrini açıqlayıb. Hakimiyyətin nəzarətində olan MSK prezident Alyaksandr Lukashenka-nın 80 faiz səslə təkrar bu posta seçildiyini elan edib.

MSK sədri Lidziya Yarmoshyna Lukashenka-nın əsas rəqibi Svyatlana Tsikhanouskaya-nın səslərin 9.9 faizini yığdığını deyib.

Ötən gecə Minskdə polislə toqquşmalarda isə azı bir nümayişçinin öldürüldüyü bildirilir. “Vyasna” İnsan Haqları Mərkəzi gənc etirazçının polis maşını ilə vurulduğunu, aldığı kəllə-beyin travmasından vəfat etdiyini açıqlayıb. Təşkilat onlarla etirazçının yaralandığını bildirir.

Daxili İşlər Nazirliyinin sözçüsü Volha Chamadanava isə AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, “heç bir ölüm hadisəsi baş verməyib”.

Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Belarus İstintaq Komitəsinin başçısı Ivan Naskevich avqustun 10-da deyib ki, “kütləvi iğtişaşlar” və “hüquq-mühafizə əməkdaşlarına hücumlar”la bağlı cinayət işləri açılıb.

Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Qasym-Zhomart Toqaev Lukashenka-nı təkrar seçilməsi münasibətilə təbrik ediblər.

Tsikhanouskaya isə avqustun 10-da açıqlanmış ilkin rəsmi nəticələri qəbul etmir, sözçüsü Hanna Krasulina belə deyib.

***

Tsikhanouskaya zorakılıqdan çəkinməyə çağırır

Svyatlana Tsikhanouskaya-nın köməkçisi Maryya Kalesnikava AzadlıqRadiosu-nun “Current Time” layihəsi vasitəsilə prezidentliyə namizədin müraciətini oxuyub. O, müraciətində təhlükəsizlik qüvvələri və Belarus vətəndaşlarını zorakılıqdan çəkinməyə çağırır.

Svyatlana Tsikhanouskaya
Svyatlana Tsikhanouskaya

“Hazırda qərar qəbul edənlərdən, xüsusi qüvvələrin komandirlərdən xahiş edirəm: dinc sakinlərə qarşı gücdən istifadə etməyin”, – o deyib.

“Polisdən və əsgərlərdən xahiş edirəm ki, xalqdan olduqlarını unutmasınlar. Bir daha seçicilərimə müraciət edirəm: provokasiyaya getməyin, sizə qarşı zorakılıqdan istifadəyə səbəb verməyin.

Xahiş edirəm, zorakılığı dayandırın. İlk növbədə, polis əməkdaşları, bilirəm ki, bunu edə bilərsiniz”, – Tsikhanouskaya vurğulayıb.

***

Belarusda polis etirazçılara divan tutub

Belarusun təhlükəsizlik qüvvələri Minskdə və digər şəhərlərdə etirazçıları zorakılıqla dağıdıb. Bundan öncə açıqlanan ilkin ekzit-pol Prezident Alyaksandr Lukashenka-nın seçkinin nəticələri üzrə getdiyini göstərib.

Müxalifətin əsas namizədi, seçki kampaniyası tədbirlərinə onminlərlə insanın qatıldığı, Svyatlana Tsikhanouskaya 9 avqust seçkisinin qeyri-rəsmi nəticəsini tanımaqdan imtina edib.

Belarusun dövlət televiziyasının məlumatına görə, qeyri-rəsmi ekzit-pol Lukashenka-nın 79,7, Tsikhanouskaya-nın isə 6,8 faiz səs yığdığını göstərib.

Polis zorakılığa əl atıb

Müxalifət namizədinin minlərlə tərəfdarı narazılıqlarını bildirmək üçün küçələrə axışıb, ancaq polis rezin güllələr, su şırnağı və gözyaşardıcı qazla onları dağıdıb.

Minskdə etirazçıların ümumi sayını müəyyənləşdirmək çətin olub, çünki AzadlıqRadiosu-nun Belarus xidmətinin məlumatına görə, onlar şəhər boyu səpələniblər.

Tut.by müstəqil xəbər portalının Twitter-də yerləşdiyi zorakı görüntülərdə polis əməkdaşları etirazçıları dəyənəklə döyür, bir polis maşını etirazçını yerə yıxır. Etirazçıların “Bu bizim ölkəmizdir” deyə qışqırdığı, sürücülərin avtomobillərin işıqlarını yandıraraq siqnal basdığı görünür.

Böyük kütləni dağıdandan sonra polis bir neçə saat ərzində Minskin mərkəzində kiçik qruplar halında yığışan etirazlara divan tutub, xəbəri “Associated Press” yayıb.

“Novaya Gazeta” yazır ki, Brestdə hüquq-mühafizə əməkdaşları gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib, etirazçı sayı 5 mindən 200-300-ə düşüb.

Saxlananların sayı bəlli deyil

“Belta” dövlət xəbər agentliyinin avqustun 10-da səhər Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, polis “icazəsiz kütləvi tədbirlərə” nəzarəti ələ alıb.

Nazirliyin sözçüsü radioya bildirib ki, icazəsiz yürüşlər “başa çatmayıb”, ona görə də o, saxlananların sayını açıqlaya bilməz.

Bundan öncə çoxsaylı həbslər barədə məlumatlar yayılıb. Minskdəki Vyasna (Bahar) insan haqları qrupu ölkə üzrə jurnalistlər daxil olmaqla, azı 120 nəfərin saxlandığını bildirib.

“Baş verənlər dəhşətlidir”, – Tsikhanouskaya mətbuat konfransında deyib, ekzit-polun nəticəsini tanımadığını açıqlayıb.

“Mən gözlərimə inanıram, görürəm ki, çoxluq bizimlədir”, – Tsikhanouskaya vurğulayıb.

Seçki günü polis və əsgərlər Minskə daşınıb, strateji məkanlarda mövqe tutub.

Minskdə ictimai nəqliyyat məhdudlaşdırılıb, günün əvvəlindən sosial media şəbəkələrinə çıxış demək olar olmayıb.

Radionun Belarus xidmətinin məlumatına görə, seçki məntəqələrində növbəyə duranların çoxu müxalifətə dəstək əlaməti olaraq ağ bilərzik taxıblar. Sosial mediada da Moskva, Berlin, Londondakı səfirliklərdə növbəyə duranların ağ bilərzikli fotoları yayılıb.

Tsikhanouskaya tərəfdarlarına demişdi ki, “vicdan və saflıq” simvolu olaraq bilərzik taxsınlar.

Belarusun 21 diplomatik postunda keçirilən ekzit-poll isə Tsikhanouskaya-nın 81,5, Lukashenka-nın 6 faiz səs yığdığını göstərib.

Dəyişiklik istəyi

Tsikhanouskaya siyasi məhbusların hamısını azad etmək və azad və ədalətli seçki keçirmək vədiylə seçki kampaniyası dövründə böyük yürüşlər keçirə bilib.

“Bu, adamların dəyişiklik istəməsinin əlamətidir. Adamlar oyanıblar. Onlar daha qorxu və alçalma ilə yaşamaq istəmirlər. Onlar bu ölkənin vətəndaşları olduqlarını hiss etmək istəyirlər. Bu ruhlandırıcıdı. Xalqın arxamda, ətrafımda, məndən öndə olduğunu anlayıram”, – Tsikhanouskaya bu yaxınlarda “Current Time” televiziyasına müsahibəsində deyirdi.

Seçki kampaniyası dövründə mindən çox müxalifətçi həbs olunub, bəzi potensial rəqiblər seçkiyə buraxılmayıb, Rusiyanın ölkədə sabitsizlik yaratmağa cəhd etdiyi iddia olunub.

Lukashenka isə Minskdə səs verəndən sonra deyib ki, nə o, nə də hökuməti seçkinin nəticələri açıqlanandan sonra Belarusun “xaos” və “vətəndaş müharibəsi”nə sürüklənməsinə imkan verməyəcək.

Bülletendə dörd namizədin adı yer alsa da, əsas diqqət Tsikhanouskaya-ya yönəlmişdi. Əri, populyar vloqer Syarhey Tsikhanouski mayın sonunda həbs olunandan sonra o, seçkiyə qatılmışdı.

Seçki Lukashenka-nın populyarlığının azaldığı, iqtisadiyyatın zəiflədiyi, ölkənin koronovirus pandemiyası ilə mübarizə apardığı bir dönəmdə keçirilib.

XS
SM
MD
LG