Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:41

Alexievich: Lukashenka Belarus xalqına ‘müharibə elan edib’


Svetlana Alexievich
Svetlana Alexievich

“Nə qədər ki çox gec deyil, xalqı dəhşətli uçuruma, vətəndaş müharibəsinə sürükləmədən get”, – 72 yaşlı yazıçı Lukashenka-ya müraciətlə deyib

Nobel mükafatı almış belaruslu yazıçı Svetlana Alexievich Belarusda nümayişçilərə qarşı polisin qəddar davranışını pisləyib. O, AzadAvropa/AzadlıqRadiosuna müsahibəsində deyib ki, “hakimiyyət öz xalqına müharibə elan edib” və Prezident Alyaksandr Lukashenka qanlı vətəndaş müharibəsini önləməkdən ötrü vəzifədən getməlidir.

Alexievich müsahibəni avqustun 12-də Minskdən telefonla verib. Belarusda 9 avqust prezident seçkisinin rəsmi nəticələrinə etirazlar keçirilir. Rəsmi məlumatda Lukashenka-nın 80 faizdən çox səs yığdığı bildirilir.

“Nə qədər ki çox gec deyil, xalqı dəhşətli uçuruma, vətəndaş müharibəsinə sürükləmədən get”, – 72 yaşlı yazıçı Lukashenka-ya müraciətlə deyib.

“Heç kəs qan istəmir. Yalnız sən hakimiyyət istəyirsən. Qan tələb edən hakimiyyət sənin arzundur”, – o, sözlərinə əlavə edib.

ABŞ Belarusa qarşı sanksiya məsələsini nəzərdən keçirəcək
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

“Bu adama necə inanmaq olar, axı?”

Alexievich deyir ki, Belarusda polisin dinc etirazçılara qarşı zorakılıq və qəddarlığından sarsılıb. Minskdə və digər şəhərlərdə qadınlar da daxil olmaqla nümayişçilər divan tutulub.

Nobel laureatının fikrincə, Belarus xalqı Lukashenka-nın seçkidə əsas rəqibi Svyatlana Tsikhanouskaya-ya uduzmasından “tamamilə əmindir”. Tsikhanouskaya-nın seçkinin rəsmi nəticələrindən Mərkəzi Seçki Komissiyasına rəsmi şikayət verməyə gedərkən ölkədən çıxmağa məcbur qaldığı bildirilir.

“Heç kəs ətrafda Lukashenka-nı sevənləri, onu keçmişdəki kimi dəstəkləyənləri görmür. Küçələrdə baş verənləri görəndən sonra bu adama necə inanmaq olar, axı?” – Alexievich vurğulayıb.

Alexievich-in ehtimalına görə, Rusiyanın OMON təhlükəsizlik qüvvələri etirazları dağıtmaqdan ötrü Lukashenka rejimi tərəfindən Minskə gətirilə bilər.

“Burada OMON-un qeyri-insani, şeytani qəzəbini görürük, bunun Belarus OMON-u olduğuna inanmaq çətindir”, – Alexievich bildirib.

“Mən elə gəlir ki, Belarus uşaqları öz analarını, bacılarını belə döyə bilməzdilər. Bu, real deyil. Daha kiçik, hamının bir-birini tanıdığı şəhərlərdə OMON adamları döyməkdən imtina edir. Minskdə isə nəsə real olmayan baş verir”, – yazıçı deyir.

Tsikhanouskaya “simvol” kimi qalır

Alexievich siyasətdə yeni, bu yaxınlaradək evdar qadın olan Tsikhanouskaya-nı tərifləyib, onun bir çox işləri yerinə yetirdiyini, “dəyişiklik, yeni həyat, vicdan yanğısının simvolu” kimi qaldığını söyləyib.

Yazıçı Tsikhanouskaya və onun həmkarlarına “ləyaqətimizi qoruyub saxladığına” görə minnətdar olduğunu bildirib.

“Sadəcə, son bir neçə həftədə xalqıma real sevgi hiss etdim. Bunlar tamam fərqli adamlardır, bu adamlarda tamam yeni qüvvə var”, – o əlavə edib.

Alexievich deyir ki, indi Lukashenka-nın heç bir aqibətlə üzləşmədən istefa verməsi mümkün deyil, çünki artıq qan axıdılıb.

Nobel laureatı Alexievich repressiv sovet rejimlərində müharibə və həyatın dəhşətlərini qələmə aldığına görə 2015-ci ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülüb. O, sovet hakimiyyətinin 1986-cı il Çernobıl nüvə faciəsinə düzgün reaksiya verməməsindən də yazıb.

Belarusda polis Minskdə və başqa şəhərlərdə etirazçılara qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən və səs qumbaralarından istifadə edib. Avqustun 11-də 5 min nəfərin saxlandığı, 200 nəfərin xəstəxanaya aparıldığı və bir etirazçının öldüyü açıqlanıb.

XS
SM
MD
LG