Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:13

Pompeo: ABŞ Belarus xalqının hədəflərini dəstəkləyir


Mike Pompeo, arxiv foto
Mike Pompeo, arxiv foto

ABŞ Belarus xalqının hədəflərini dəstəkləyir. Bu sözləri ABŞ dövlət katibi Mike Pompeo Varşavada keçirilən mətbuat konfransında səsləndirib. O, ABŞ-ın Belarusdakı vəziyyəti yaxından izlədiyini və Avropalı tərəfdaşlarla mümkün addımları müzakirə etdiyini söyləyib.

Pompeonun fikrincə, bu məsləhətləşmələrin məqsədi "Belarus xalqına kömək etməyə çalışmaqdır". Pompeo Vaşinqtonun Belarusda keçirilən seçkiləri azad və ədalətli hesab etmədiyini təkrarlayıb və Belarus xalqının tələblərini - azadlıq və suverenliyi dəstəklədiyini vurğulayıb. Dövlət katibi Belarus hakimiyyətinə müraciət edərək onları vətəndaş cəmiyyəti ilə dialoqa çağırıb.

Pompeo aksiyada həbs olunanların bəzilərinin sərbəst buraxılmasını doğru addım hesab etsə də bunun yetərli olmadığını deyib. Pompeo ilə keçirdiyi mətbuat konfransında Polşanın xarici işlər naziri Jacek Czaputovich Avropa Birliyinin Belarusdakı hadisələrlə əlaqədar sanksiyaları müzakirə etdiyini, ancaq bunun seçki saxtakarlığı və zorakılığa görə məsul olan yüksək vəzifəli şəxslərə şamil ediləcəyini, ölkə iqtisadiyyatına təsir göstərməyəcəyini söyləyib.

Lukashenko əleyhinə aksiya, Vitebsk, 15 avqust 2020
Lukashenko əleyhinə aksiya, Vitebsk, 15 avqust 2020

Bəzi AB ölkələri, xüsusən Baltikyanı ölkələr də Belarus hakimiyyəti ilə müxalifət arasında vasitəçilik etməyə hazır olduqlarını açıqlayıblar. Amma Belarus prezidenti Aleksandr Lukashenko şənbə günü etdiyi çıxışında beynəlxalq vasitəçiliyə ehtiyac olmadığını söyləyib.

Belarusda artıq bir həftədir ki, seçki saxtakarlığına qarşı aksiyalar davam edir. Etirazçılar hesab edirlər ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində Lukashenkonun xeyrinə kütləvi saxtakarlıq olunub.

Minsk
Minsk

Bu aksiyalarda minlərlə insan saxlanılıb, bir nəfər həlak olub. Hökumət həmin şəxsin əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində öldüyünü deyir, amma hadisə yerində olanlar ölüm hadisəsinin OMUN-un açdığı atəş nəticəsində baş verdiyini iddia edirlər. Tibbi arayışda göstərilir ki, 34 yaşlı aksiyaçı döş qəfəsindən aldığı yaradan ölüb. Son günlər küçə yürüşləri hüquq-mühafizə orqanlarının müdaxiləsi olmadan davam edir.

XS
SM
MD
LG