Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:53

Təbii qaz bazarında tənəzzülmü gözlənir?


Qaz böhranı
Qaz böhranı

Beynəlxalq Enerji Agentliyinin (IEA) ekspertlərinin fikrincə, COVID-19 pandemiyası 2020-ci ildə dünyada qaza tələbatın 4 faiz (150 milyard kubmetr) azalmasına səbəb ola bilər.

Bu da XX əsrin ikinci yarısında təbii qaz bazarının yaranmasından bəri göstəricinin ən böyük azalması deməkdir.

2020-ci ilə qədər dünyada qaza olan tələbat, əsasən, artmaqda idi (mövcud statistikaya əsasən, 1970-ci ildən başlayaraq, 1980-ci illərdə böyümədə bir fasilə olub, amma sabitlik qalıb) və son iki onillikdə artım templəri ildə 100-400 milyard kubmetr səviyyəsində olub.

Amma ekspertlərin fikrincə, koronavirusun nəticələrinin tədricən aradan qaldırılması, dünyada qaza tələbatın ildə orta hesabla 1.5 faiz artmasına səbəb ola bilər. IEA-nın əvvəlki proqnozu 1.8 faiz olub. Proqnozlara görə, 2025-ci ildə illik tələbat 4.37 trilyon kubmetrə çatacaq və 2040-cı ildə bu göstərici 5 trilyon kubmetrdən çox ola bilər.

Əskişəhirdə Trans-Anadolu Qaz Kəmərinin açılış mərasimi. 12 iyun 2018
Əskişəhirdə Trans-Anadolu Qaz Kəmərinin açılış mərasimi. 12 iyun 2018

"Türkiyə üstünlüyü Azərbaycan qazına verir"

Ekspertlər qeyd edirlər ki, 2020-ci ildə Rusiya Federasiyası Türkiyəni sürətlə itirir. Onların vurğulamasına görə, Türkiyə üstünlüyü Azərbaycan qazına verir. Bu deyilənlər rəqəmlərdə də özünü göstərir.

Maraqlıdır ki, rəsmi açıqlamalara görə, Türkiyə yanvar-iyul aylarında Azərbaycandan 6.3 milyard kubmetr (2019-cu ilin 7 ayında 24 faiz artım) qaz alıb. 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan qaz ixracı təxminən 2 milyard dollar dəyərində 7.7 milyard kubmetr (artım 16.7 faiz) təşkil edib.

"Cənub Qaz Dəhlizi"ndən (CQD) gözləntilər...

2020-ci ilin sonlarında - 2021-ci ilin əvvəllərində Azərbaycan "Cənub Qaz Dəhlizi" (CQD) sayəsində Avropa bazarında öz qazı ilə debüt etməlidir. O, 25 il ərzində ildə 10 milyard kubmetr qazla (9 Avropa şirkəti ilə uzunmüddətli müqavilələr əsasında) bölgədə yerini tutmaq istəyir.

Azərbaycan Avropa Birliyi ölkələrinə qaz tədarükünü ikiqat artırmaq istəyir, ancaq ekspertlərin fikrincə, bundan ötrü rəqabətə girməli olacaq.

İ.Şaban
İ.Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın AzadlıqRadiosuna bildirməsinə görə, "Avropaya qaz tədarükü haqqında danışarkən 10 il əvvəl düşünə bilmədiyimiz bir sıra dəyişikliklərin şahidi oluruq".

O daha sonra bunları əlavə edib:

"Ümid edirik ki, CQD belə olmayacaq"

"Avropa Birliyinə qaz satmağımızın reallaşmasına Avropanın mavi yanacaq mənbələrinin şaxələndirilməsinin tərəfdarı olması və artıq 25 illik müqavilələrimiz kömək edəcək. Ancaq, əlbəttə ki, bütün dəyişiklikləri nəzərə almalıyıq. Məsələn, Rusiya Federasiyası "Türk axını"nı (Rusiyadan başlayıb Qara dəniz vasitəsilə Türkiyəyə gedir-red.) 2020-ci ildə işə saldı, ancaq bu qaz kəməri əslində işləmir. Ümid edirik ki, CQD belə olmayacaq. CQD-nı genişləndirərkən bizim üçün əsas olan boru kəməri qazının konkret həcmlərinə ehtiyacı olan alıcıları tapmaqdır. Hər şey danışıqlardan asılıdır".

Asiya bazarına girməyə gəlincə isə, ekspertlər deyir ki, bu işdə irəliləyiş yoxdur.

Xatırlatma

"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın "Şahdəniz-2" qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə açılışı olub, amma tam başa çatmayıb.

TAP (Trans-Adriatik Qaz Kəməri) və TANAP (Trans-Anadolu Qaz Kəməri) "Cənub Qaz Dəhlizi" layihəsinin tərkib hissəsidir.

XS
SM
MD
LG