Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Y.Səfərov: 'Məni döyənlər arasında həm polis, həm də mülkigeyimlilər vardı'


Y.Səfərov
Y.Səfərov

Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddən bir neçə gün sonra bu hadisəni törətməkdə suçlanan Yunis Səfərovun üzü qanlı vəziyyətdə fotosu sosial şəbəkələrdə yayıldı. Y.Səfərov deyir ki, həmin foto elə həbs olunduğu gün çəkilmişdi.

"Çoxlu sayda adam məni vururdu. Aralarında həm polis formasında olanlar vardı, həm də mülkigeyimlilər. İndi burada mənimlə birlikdə məhkəmə qarşısında dayananların hamısına qarşı işgəncə olub. Ona görə mən də özümə qarşı olanlarla bağlı təfərrüatlara getmək istəmirəm", - Y.Səfərov noyabrın 13-də məhkəmədə vəkillərin suallarını cavablandırarkən bildirib.

O deyir ki, icra başçısını qətlə yetirməyi əvvəldən planlaşdırsa da, polislərlə bağlı elə niyyəti olmayıb. İcra başçısına qarşı bu cür davranışına gəlincə, iddia edir ki, başqa çıxış yolu görmürdü: "Cinayət Məcəlləsinin 38-ci maddəsində də göstərilir ki, əgər bir insana təhlükə varsa və o təhlükəni qanuni yollarla aradan qaldırmaq mümkün deyilsə, bu halda edilən cinayət sayılmır. Allah da şahiddir, siz də şahidsiz ki, başqa yol qoymamışdılar mənə...".

"Dövlət əleyhinə söhbət nə deməkdir?"

O, digər təqsirləndirilən şəxslərin hamısının təqsirsiz olduğunu da vurğulayıb. Y.Səfərovun sözlərinə görə, onların mütəşəkkil dəstə olması, şəriət dövləti qurmaq məqsədilə terror hazırlamaları və icra başçısını vurması haqda yazıların hamısı uydurmadır.

"Bizim görüşlərimizdə dövlət əleyhinə söhbətlər etməyimiz barədə deyilənlər də yalandır. Dövlət əleyhinə söhbət nə deməkdir? Elə bir adam var ki, evdə ölkədəki problemdən danışmasın? Danışmalıyıq da. O söhbətlər dövlət əleyhinə deyil. Ölkədəki problemlər haqqında danışmışam, danışıram, danışacağam. Əgər bu barədə danışmasam, gərək insanlığımı çıxarıb tullayım bir kənara", – Y.Səfərov belə deyib.

Bununla da təqsirləndirilən şəxslərin dindirməsi başa çatıb, şahid ifadələri başlayıb. Məhkəmədə dindirilən şahidlər isə Y.Səfərovun qayınatası, qayınanası və qaynı olub. Onlar bildirib ki, Y.Səfərovun hərəkətlərindən məlumatları olmayıb.

Qayınatası Şahin Nəcəfi bildirib ki, təqsirləndirilən şəxslərdən Hamlet Abdullayev ona Yunisin "zalım" məmurlardan qisas almağı planlaşdırdığını, bu məqsədlə silah axtardığını xəbər verib. Ondan Yunisin qarşısını almasını istəyib. O da kürəkənini görəndə bu cür niyyətlərdən uzaq olmasını tələb edib.

Bu işlə bağlı məhkəmə araşdırması davam edir.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərov isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG