Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:30

Paşinyan: 'Müharibədən yayınmağın bir yolu vardı...'


Nikol Paşinyan
Nikol Paşinyan

Paşinyan deyir ki, Ermənistanın uzun illər yürütdüyü “çevik” siyasət 2016-cı ilin yanvarında Rusiyanın təklifilə sonuclandı

“Müharibədən yayınmağın bir yolu vardı – əraziləri qaytarmaq və Artsaxın (Qarabağın) statusunu unutmaq”, – Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində belə yazıb. O, çevik siyasətlə müharibədən qaçmağın mümkünlüyü haqda deyilənləri cavablandırıb.

Paşinyanın sözlərinə görə, “çevik” siyasət tərəfdarlarının ən böyük xətası uzun illər müharibəyə hazırlıq deyil, ondan yayınmaq siyasəti yürütmələri olub.

“Çevik siyasət”

“Mütəmadi olaraq dövriyyəyə belə bir fikir buraxılır ki, çevik siyasətlə müharibədən qaçmaq olardı. Bunu deyənlər azından bir suala cavab verməlidirlər: niyə onların ‘çevik’ siyasəti 2016-cı ildə müharibədən yayınmağa imkan vermədi?” – baş nazir Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistanın uzun illər yürütdüyü “çevik” siyasət 2016-cı ilin yanvarında Rusiyanın təklifilə sonuclandı. Təkliflərdə Dağlıq Qarabağın statusu dəqiqləşdirilmədən yeddi rayonun (5+2) qaytarılmasından söhbət gedirdi.

“Rusiya niyə belə bir təklif irəli sürdü? Sadə bir səbəbdən Ermənistanın ‘çevik’ siyasəti Madrid prosesini çıxmaza saldı, Artsax Azərbaycandan kənarda statusu yalnız Azərbaycanın razılığı ilə ala bilərdi. Həm Rusiyaya, eləcə də hamıya aydın idi ki, Azərbaycan heç vaxt bu varianta razılaşmaz və razılaşmamaq üçün bütün imkanları var. Ona görə də çıxmazdan çıxmaq yolları tapılmalıydı. Bəziləri deyirlər ki, 2018-ci ildən sonra Ermənistanın yürütdüyü siyasətin ‘yetərincə rusiyapərəst olmaması’ müharibəyə əsas yaradıb. Elədirsə, 2016-cı ildə ‘yetərincə rusiyapərəst’ siyasət niyə Rusiyanın təkliflərinə yol açdı, aprel müharibəsi baş verdi?” – Paşinyan sual edir.

“Oğurlanmış pulları qaytara bilmədik ki...”

Onun yazmasına görə, müharibədən yayınmağın bircə yolu vardı – əraziləri qaytarmaq və Qarabağın statusunu unutmaq.

“İndi bu variantın tərəfdarları artır. Ancaq onlar nəzərə almırlar ki, bu halda Gorusun Eyvazlı kəndində Azərbaycan dili eşidiləcəkdi. Bizi də vaxtilə torpaqları satmaqda ittiham ediblər. İndi isə şübhəli bəyanatlarla əsirlərimizin həyatını riskə atırlar. ‘Çevik siyasət’ tərəfdarlarının ən böyük xətası odur ki, uzun illər müharibəyə hazırlıq deyil, ondan yayınmaqla məşğul olublar. Ən böyük xətamız odur ki, iki il yarım ərzində oğurlanmış pulları qaytara bilmədik ki, müharibəyə necə lazımdı hazırlaşa bilək”, – baş nazir deyib.

Bu il noyabrın 10-da Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunub. Azərbaycan 44 günlük müharibə ilə, noyabrın 9-dək tutduğu mövqelərdə qalıb. Ermənistanın 1994-cü ilədək işğal etdiyi yeddi rayona nəzarət Azərbaycan ordusuna keçsə də təmas xəttinə 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib. Qarabağın bəzi hissələrinə erməni və rus qüvvələri nəzarət edir.

XS
SM
MD
LG