Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:04

Deputat: 'Bütün Qarabağ ərazisində prokurorları Azərbaycanın Baş prokuroru təyin etməlidir'


Rusiya sülh yaratma qüvvələri Azərbaycanın Qarabağ bölgəsində
Rusiya sülh yaratma qüvvələri Azərbaycanın Qarabağ bölgəsində

Yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirə zamanı Prezident İlham Əliyev Dağlıq Qarabağ və Laçın dəhlizində yerləşən Rusiya sülhməramlı missiyasının fəaliyyətinə toxunub:

“Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq".

O daha sonra sual edib: "Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik….Əlbəttə, biz imkan verməyə də bilərdik".

Bu məsələ Azərbaycan müxalifətinin də gündəmindədir. Onlar da vurğulayırlar ki, Rusiya sülhməramlılarının komandiri Dağlıq Qarabağda tanınmayan və Azərbaycanın separatçı saydığı qüvvələrlə görüşür. “Bu zaman Rusiya bayrağı ilə yanaşı separatçıların da bayrağı qaldırılır”,deyə onlar iradlarını dilə gətirirlər.

Ümumilikdə Rusiya sülhməramlıların fəaliyyəti Azərbaycanı nə dərəcədə qane edir?

«Azərbaycan həmin sülhməramlıları yerinə otuzdurmalıdır”

Aqil Abbas, 30 avqust 2012
Aqil Abbas, 30 avqust 2012

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas “Turan” agentliyinə açıqlamasında bildirib ki, Qarabağ ərazisində yerləşən Rusiya sülhməramlı qüvvələri öz səlahiyyətlərini çox aşırlar:

«Azərbaycan həmin sülhməramlıları yerinə otuzdurmalıdır. Bildirilməlidir, sənin fəaliyyətin nədir, səlahiyyətin nədir. Üçtərəfli bəyanatda bu qeyd olunub. Yerinə yetirə bilmirsənsə, xoş getdin. Azərbaycan bu missiyanı pozmaq hüququ var və bəyanatda bu yazılıb».

Deputat qeyd edib ki, Rusiya sülhməramlıları bir neçə məsələdə öz səlahiyyətlərini aşırlar:

«Birincisi, bu sülhməramlılar orada oturublar, yanında da o qondarma “Artsax”ın (Ermənistanda Dağlıq Qarabağa “Artsax” deyirlər) və Ermənistanın bayrağı var. Ermənistanın ya «Artsax”ın bayrağın mənim torpağımda nə işi var?”

“Orada yalnız Azərbaycan və sülhməramlı bayrağı ola bilər”

İşğaldan azad olunan Laçın şəhərində Azərbaycan bayrağı asılır, 1 dekabr 2020
İşğaldan azad olunan Laçın şəhərində Azərbaycan bayrağı asılır, 1 dekabr 2020

Deputat hesab edir ki, o bayraq çıxarılmalıdır:

“Orada yalnız Azərbaycan və sülhməramlı bayrağı ola bilər. İkincisi, ermənilər Laçın dəhlizi ilə Qafandan Əsgərana gəlirlər. Bir buna razılaşmışıq, keçə bilərlər. Onda mənə də icazə versinlər ki, mən də Ağdamdan 37 kilometrlik yol ilə Şuşaya gedim. Niyə mən Şuşaya Füzulidən 105 kilometrlik yol ilə getməliyəm? Niyə mən Kəlbəcərə Murovdan getməliyəm? Gül kimi Ağdərədən Kəlbəcərə 80 kilometrlik yol var. Niyə mən ordan getməli deyiləm? Sən sülhməramlısansa, məni də qoru, mən oradan gedim».

“Azərbaycanda başqa ölkənin ordusu ola bilməz”

Komitə üzvü vurğulayıb ki, Rusiya sülhməramlıları Ermənistan və ya separatçıların hərbçilərini ərazidən çıxarmalıdır: «Onların hərbçiləri orada ola bilməz. Rusiya sülhməramlıları onları oradan çıxarmalıdır. Azərbaycanda başqa ölkənin ordusu ola bilməz. Azərbaycan ərazisində bir ordu ola bilər, o da Azərbaycan ordusudur. Ümumiyyətlə bütün Qarabağ ərazisində prokurorları Azərbaycanın Baş prokuroru təyin etməlidir, polisləri Azərbaycan Daxili İşlər Nazirliyinin polisləri olmalıdır. Belə olmalıdır və belə də olacaq. Bir az zamana ehtiyac var».

“Bu məsələ Milli Məclisin iclaslarında da müzakirə olunmurdu»

Vaqif Hacıbəyli, arxiv foto
Vaqif Hacıbəyli, arxiv foto

Əhrar Partiyasının sədri, hüquqşünas Vaqif Hacıbəyi isə Azadlıq Radiosuna bildirib ki, Rusiya sülhməramlıların Azərbaycanda olduğu dövr ərzində prezident İlham Əliyevin ilk dəfə olaraq onların səlahiyyətlərini aşması barədə danışdı:

«Bundan əvvəl isə bununla bağlı rəsmi münasibət yox idi, hətta rəsmi mətbuata Rusiya sülhməramlıları ilə bağlı məqalələri vermək qadağan olunmuşdu. Bu məsələ Milli Məclisin iclaslarında da müzakirə olunmurdu».

Onun qeyd etməsinə görə, keçən ilin noyabrın 10-da imzalanmış razılaşmanın 4-cü bəndinə əsasən, Qarabağ ərazisində olan və Azərbaycanın nəzarət etmədiyi həmin hərbçilər ərazidən çıxarılmalıdır:

«Rusiya sülhməramlıları adı altında Azərbaycan ərazisində fəaliyyət göstərən Rusiya hərbçiləri Qarabağda olan erməni hərbi qruplaşmalarını tərksilah etməli idi. Onlar isə əksinə 10 noyabr razılaşmasından sonra noyabrın 26-da Laçın dəhlizi vasitəsilə Ermənistan ərazisindən gələn 160 nəfərdən ibarət bir terrorçu dəstəsinə Xocavənd rayonunun ərazisinə keçməyə imkan yaradıb.”

“Həmin terrorçu qruplaşma…”

Ermənistan əsgərləri Kəlbəcərdə, 25 noyabr 2020
Ermənistan əsgərləri Kəlbəcərdə, 25 noyabr 2020

Vaqif Hacıbəyli deyir ki, “Həmin terrorçu qruplaşma Azərbaycanın 3 hərbi qulluqçusunu öldürüb və «Azercell» şirkətinin əməkdaşını yaralayıb. Rəsmi orqanlar bu məlumatı gizlətməyə çalışıblar, lakin sonra bunu ictimaiyyətdən gizlətmək mümkün olmadı, əməliyyat keçirildi həmin terrorçu qrup zərərsləşdirildi. Bu hadisə Rusiyanın Azərbaycana qarşı əsl münasibətindən xəbər verir».

Partiya sədri əlavə edir ki, süıhməramlı missiyalar birbaşa öz səlahiyyətləri çərçivəsində fəaliyyət ilə məşğul olmalıdır.

İlham Əliyev:"Onlar terrorçudurlar"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və 5 şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG