Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:23

Deputat: '...Bunlara münasibətin çox aşağı olduğunu görmüşük'


Prezident İ.Əliyev və birinci xanım M.Əliyeva Qubadlıda. 23 dekabr 2020
Prezident İ.Əliyev və birinci xanım M.Əliyeva Qubadlıda. 23 dekabr 2020

Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəlikləri yaradılır. Yanvarın 19-da bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Həmin sənədə əsasən, onlara prezidentin vəzifəyə təyin, vəzifədən azad etdiyi və birbaşa dövlət başçısına tabe olan xüsusi nümayəndələr rəhbərlik edəcək. Sənəddə bu, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin sürətləndirilməsi, dövlət orqanlarının, digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə izah edilib.

İ.Əliyev
İ.Əliyev

"Müasir idarəetmə sistemi qurulmalıdır ki..."

Yanvarın 18–də prezident Azərbaycan Televiziyasına müsahibədə azad edilmiş torpaqlarda hər şeyin planlı şəkildə, düzgün aparılmalı olduğunu söyləmişdi: "Azad olunan bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin – şəhərsalma, dövlət orqanlarının funksiyaları".

İ.Əliyev qeyd edib ki, ölkənin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir: "Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür... Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik".

"Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var"

Ölkə başçısı sonrada demişdi: "Hər kəs bunu bilsin, heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var".

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc "Turan" agentliyinə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə fərqli idarəetmə siyasətinin tətbiq olunmasına gerçəkdən zərurət var: "Çünki bu, dünyada analogiyası olmayan hadisədir. Əgər siz İkinci Cahan savaşından sonrakı vəziyyəti analiz etmək istəsəniz... Bir tərəfə Sovetlər Birliyi müharibə nəticəsində sahib durmuşdu, onu "Demokratik Almaniya" adlandırıb qurmuşdu və o idarəçiliyin ideoloji şəklini qoruyub saxlayırdı. İkinci tərəfə isə "Marşal planı" tətbiq edildi və "Federativ Almaniya" adı ilə bərpa olundu. 30 il ərzində bütün infrastrukturun məhv edilməsi, ondan sonra təkrar orada həyatın bərqərar olunması hadisəsi demək olar ki, bu gün yoxdur".

Z.Oruc
Z.Oruc

"Açıq demək lazımdır ki, həmin rayonların icra hakimiyyətlərinin..."

Deputata görə, Azərbaycanda həmin ərazilərdə elə idarəetmə forması tətbiq olunmalıdır ki, bir tərəfdən bütün həyata keçirilən siyasətə nəzarəti təmin etsin, o biri yandan çeviklik olsun: "Üçüncüsü, ictimai-sosial ədalət orada bərqərar olunsun və yeni-yeni çağırışlara adekvat, yerindəcə cavab verə bilsin. Açıq demək lazımdır ki, həmin rayonların icra hakimiyyətlərinin bunları həyata keçirəcəyinə inam çox aşağı idi".

Z.Orucun vurğulamasına görə, Azərbaycan dövlətinin on illər ərzində fədakarlığı idi ki, bütün o rayonları siyasi, inzibati idarəetmə vahidi kimi ləğv etmədi: "Maliyyə yükünə qatlaşaraq hər hansı birləşdirməyə getmədən onların mövcudluğunu qorudu. Ancaq bu ictimai etibarın aşağı olması fonunda həmin 7 rayona (üstəgəl Şuşaya) böyük qayıdış, quruculuq və inteqrasiya təmin olunmalıdır".

"Bu mülahizələrin qarşısını almaq mümkün deyil"

Z.Oruc qeyd edib ki, bəzi adamların fikrincə, bu, konkret olaraq bir neçə rayonda müvafiq icra hakimiyyəti sisteminə müəyyən qədər etibarın aşağı olması deməkdir: "Bu mülahizələrin qarşısını almaq mümkün deyil. Sosial Tədqiqatlar Mərkəzi kimi icra hakimiyyətləri ilə bağlı sorğular apararkən bunlara münasibətin çox aşağı olduğunu görmüşük".

Z.Oruc sonra da deyib: "Hazırkı Qarabağ ətrafı ərazilərə və Şuşaya, o cümlədən qarşıdakı dövrdə BMT-nin Qaçqınlar üzrə Komissarlığı vasitəsilə digər ərazilərimizə - Xankəndinə, Xocavəndin digər ərazilərinə, Xocalıya insanlarımızın qayıdışı zamanı mütləq burada dövlət başçısı ilə vətəndaş arasında çevik əlaqə mexanizmlərinə ehtiyac olacaq".

Q.İbadoğlu
Q.İbadoğlu

"Sistem özü çirklidir"

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, cəmiyyətə xüsusi idarəçilik lazımdır: "Biz bu nümayəndələrlə, səlahiyyəti bir adamın əlində cəmləməklə və məsuliyyəti də bir adamın üzərinə qoymaqla problemi həll edə bilmərik".

Onun fikrincə, problemin kökü kadrlarla bağlı deyil: "Kimsə haradasa özü-özlüyündə təmiz qala bilər, amma bütövlükdə sistem özü çirklidir. Bu sistem imkan vermir ki, Azərbaycan inkişaf etsin. Azərbaycanı inkişaf etdirmək üçün əks-mərkəzləşdirmə getməlidir. Yəni, biz xüsusi nümayəndələr yox, ictimaiyyətin iştirakı ilə yerlərdə idarəçiliyin daha üstün formalarını yaratmalıyıq".

Q.İbadoğlu hesab edir ki, Azərbaycanda şəffaflıq artırılmalı, tenderlər rəqabətli olmalıdır. Onun fikrincə, həmin ərazilərdə xüsusi imtiyazlı iqtisadi zona yaradıla bilər: "Bu zonanın ən böyük üstünlüyü həm də şəffaflıq, hesabatlıq, açıqlıq və rəqabətin təminatı ola bilər".

"Baxın, Azərbaycanda fəaliyyət göstərən aqroparkların…"

O deyib ki, şəffaflığı təmin etmək niyyəti varsa, heç olmasa, bu il dövlət büdcəsindən bərpa işlərinə ayrılan 2.2 milyard manatın hara, necə xərcləməsi ilə bağlı proqram təqdim olunmalıdır: "… Baxın, Azərbaycanda fəaliyyət göstərən aqroparkların demək olar ki, hamısı hakim ailənin, siyasi elitanın nəzarətindədir. Bir də gördün onlar necə ki, ölkənin digər ərazilərindəki torpaqlardan, infrastrukturdan və meşə fondundan istifadə edərək özləri üçün biznes qurublar, Qarabağda da eyni işləri davam etdirirlər. Bu, baş verərsə, biz hansısa inkişafdan danışa bilməyəcəyik".

"Qarabağ Dirçəliş Fondu"nun istiqrazları buraxılacaq
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

İqtisadçının bu fikirlərinə, hələlik, hakimiyyət təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Amma, bir qayda olaraq, Azərbaycanda hakim ailənin biznesi haqqında səslənən iddialar qərəzli və əsassız sayılır.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG