Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:05

'Cavanlığını məhv edirlər, heç olmasa...'


N.Əhmədov
N.Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bir ilə yaxındır həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədova ailə üzvləri ilə telefon danışığına hələ də icazə verilmədiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna danışan atası Arif Əhmədov deyir ki, Novruz bayramı günlərində bu qadağanın aradan qalxacağına ümid edib, oğlunun zəngini gözləyiblər. Amma zəng gəlməyib.

"Bayramda da eləmədilər"

"Niyaməddin bir ilə yaxındır ki, həbsdədir. Bu müddətdə bir dəfə də evə zəng eləməyib. Uzun müddət görüşə də qadağa qoyulmuşdu. Amma yanvardan icazə verdilər, iki dəfə görüşdüm. Bir dəfə yanvarda, bir dəfə də martın 2-də. Anası xəstədir, Tovuzdan Bakıya gedə bilmir. İmkan vermirlər ki, heç olmasa, balasının səsini eşitsin. Heç olmasa, bayramda da eləmədilər...", – AXCP fəalının atası belə deyir.

Əhmədovun sözlərinə görə, oğlunun telefon danışığı və görüş hüququnun pozulması ilə əlaqədar iki dəfə Penitensiar Xidmətə də müraciət edib. Ona cavab verilib ki, heç bir qadağa yoxdur: "Deyirlər ki, qadağa yoxdur, ancaq fakt budur ki, zəng eləməyə qoymurlar. Bəs onda kim eləyir bunu? Heç olmasa, doğrunu da demirlər. Onsuz da şərləyib, cavanlığını məhv eləyirlər, heç olmasa, azacıq insafları olsun, yaşlı ata-anası ilə telefonla danışmağa imkan versinlər. Səhhətimdə problem var, bayramda da gedə bilmədim. Tovuz hara, Bakı hara...".

Məhkəmə üç dəfə şikayəti geri qaytarıb

Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova da AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin görüş və telefon danışığı hüququnun bərpası üçün aylardır hüquqi müstəvidə mübarizə aparır. Vəkilin sözlərinə görə, məhkəmədən tutmuş, Ombudsman Aparatına qədər müxtəlif instansiyalara müraciət edib. Məhkəmələr, ümumiyyətlə, şikayəti icraata götürməkdən imtina edib.

Cəbhəçi fəalın saxlandığı Bakı İstintaq Təcridxanası Sabunçu rayonu ərazisində yerləşir. Ona görə də bu rayon məhkəməsinə üç dəfə şikayət verilib, hər dəfə də geri qaytarılıb.

"İlk iki qərardaddan apellyasiya şikayəti vermişdim, təmin olunmamışdı. Bu yaxınlarda Sabunçu rayon Məhkəməsi üçüncü dəfə şikayətimizə baxmaqdan imtina etdi. Bu qərardan da apellyasiya şikayəti verəcəyik. Niyaməddin Əhmədovun telefon və görüş hüququnun bərpasına yardım üçün Ombudsman Aparatına, istintaq dövründə prokurorluğa da müraciət etmişdik", – vəkil bildirib.

İstintaq dövründə müstəntiqin vəkilin vəsatətinə verdiyi cavabda yazılıb ki, Əhmədovun telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması barədə prokurorluğun qərarı olmayıb.

Penitensiar Xidmət də məktublara cavab verib ki, onun telefon danışıqları və ailə üzvləri ilə görüşlərinə qadağa qoyulmayıb.

Xatırlatma

Niyaməddin Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə çağırışlar etmək üçün Əhmədova pul göndərib.

CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AXCP bu ittihamın absurd olduğunu bəyan edib, Əhmədovun həbsini isə partiyaya və partiyanın sədri Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

2020-ci ilin aprelindən həbsdə olan Əhmədovun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, məhkəmədə ifadə verərkən bildirib ki, həbsinin səbəbi Kərimlinin mühafizəçisi olması, 2019-cu ilin oktyabrında Milli Şuranın etiraz aksiyasında AXCP sədri tutulana qədər onu tək buraxmamasıdır. Onun sözlərinə görə, partiya liderinin əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalıb.

Əhmədovun işgəncə iddiaları ilə bağlı prokurorluq orqanlarına ünvanlanmış şikayətlərinə cavab gəlmədiyi bildirilir.

Hüquq-mühafizə orqanları isə, adətən, həbsdə olanların işgəncə iddialarını təkzib edir, bunu məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir.

XS
SM
MD
LG