Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:48

Davtyan: ‘Aprel döyüşlərindən dərs çıxarmasaydıq...’


Artak Davtyan
Artak Davtyan

Davtyanın sözlərinə görə, Ermənistan tərəf 15-20 günün içində Qarabağı tamamilə itirə bilərdi

“2016-cı ilin dördgünlük aprel döyüşlərindən dərs çıxarmasaydıq, 44 günlük rəşadətli müharibə fərqli müddətə, başqa cür bitərdi”, – Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan bu gün – aprelin 2-də Yerevanda “Yerablur” hərbi panteonunda deyib.

Onun sözlərinə görə, Ermənistan tərəf 15-20 günün içində Qarabağı tamamilə itirə bilərdi.

Baş qərargahda “problem yoxdur”

Davtyan baş qərargahda vəziyyətin sabitləşdiyini, heç bir problem olmadığını, işin normal rejimdə davam etdiyini vurğulayıb.

Fevralda baş qərargah Baş nazir Nikol Paşinyanın istefasını tələb edəndən sonra o, baş qərargah rəisi Onik Qasparyanı vəzifədən çıxardı. Bu, ölkədə siyasi böhrana səbəb oldu, Qasparyan məhkəməyə müraciət etdi. Amma Prezident Armen Sarkisyan onun vəzifədən kənarlaşdırılması barədə baş nazirin fərmanını imzalamasa da, məhkəməyə də qanunda nəzərdə tutulmuş müddətdə müraciət etmədi. Paşinyan Qasparyanın artıq vəzifədən çıxarılmış sayıldığını, onun yerinə Davtyanın təyin olunduğunu açıqladı.

Aprel müharibəsinin 5-ci ildönümü münasibətilə Prezident Sarkisyan, parlamentin spikeri Ararat Mirzoyan da “Yerablur” panteonunu ziyarət edib.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri ala bildi. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirildi. Hazırda Qarabağın separatçıların və Rusiya hərbçilərinin nəzarətində olan hissəsinə erməni köçkünlər qaytarılır, hərbçilər üçün şəhərciklər salınır.

***

Paşinyan aprelin 7-də Moskvaya gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bununla əlaqədar Paşinyan aprelin 2-dən özünütəcrid rejimində işləyir.

Bu haqda Baş nazirin mətbuat katibi Mane Gevorqyan Facebook səhifəsində yazıb.

Gevorqyan qeyd edib ki, şəxsi qəbulları və ictimai tədbirləri çıxmaqla, baş nazir öncədən planlaşdırılmış gündəlik üzrə işləyir.

Paşinyan aprelin 2-də 2016-cı ilin aprel döyüşlərinin ildönümü münasibətilə “Yerablur” hərbi panteonuna şəxsən getməyib. Baş nazirin adından aprel döyüşləri iştirakçılarının məzarlarına çələnglər qoyulub.

2016-cı il aprelin 2-də Qarabağda atəşkəsin pozulması bir neçə gün davam edən irimiqyaslı hərbi toqquşmaya səbəb olub. Rəsmi məlumatlarda 3 gün davam edən döyüşlərdə hər iki tərəfdə onlarla itki olduğu bildirilirdi. Azərbaycanın Müdafiə Nazirliyi döyüşlərdə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğaldan azad edildiyini bildirirdi. Prezident İlham Əliyev “aprel döyüşləri”ni Azərbaycan tarixinin şanlı səhifəsi kimi qiymətləndirib.

XS
SM
MD
LG