Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:56

Azərbaycanın Avropa Birliyi ilə danışıqlarında olanlar...


Azərbaycan/Avropa Birliyi
Azərbaycan/Avropa Birliyi

Aprelin 25-də Litva xarici işlər naziri Qabrielius Landsberqisin Cənubi Qafqaza (Gürcüstan, Ermənistan və Azərbaycan) səfəri başlayıb. O bildirib ki, bu səfər Avropa Birliyinin (AB) Şərq Tərəfdaşlığı ölkələrində gedən prosesləri öyrənmək baxımından yaxşı fürsətdir.

"Şərq Tərəfdaşlığı" proqramı

Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramının əsası 2009-cu ildə qoyulub. Bu proqram altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna AB ilə Assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, saziş hələ də imzalanmayıb.

Bu il martın 5-də prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Avropa Birliyi ilə bərabərhüquqlu saziş imzalamağa hazırlıq getdiyini bildirib. "Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb".

Prezident: "Dedim ki, bizə belə təlimat lazım deyil"

Prezident qeyd edib ki, Şərq Tərəfdaşlığı ölkələrindən heç biri AB-yə üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamayıb: "Onlar Assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır".

İ.Əliyevin sözlərinə görə, Azərbaycan həmin qurum ilə bərabərhüquqlu saziş üzərində işləyir və sazişin 90 faizi razılaşdırılıb: "Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək...".

A.Mollazadə
A.Mollazadə

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə də "Turan"a bildirib ki, həmin sənəd üzərində iş gedir: "Həm Avropa İttifaqı, həm də Azərbaycan tərəfindən sənədin 80 faizdən artıq hissəsi razılaşdırılıb".

"Yaxın müddətdə düşünürəm ki,..."

Deputat qeyd edib ki, Azərbaycanın AB ilə enerji sahəsində tərəfdaşlıq sazişi artıq imzalanıb: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Bu proses, demək olar ki, günü gündən artır, Azərbaycanın enerji nəqliyyatı genişlənib. Artıq bu istiqamətdə Avropa İttifaqının da marağı artır, çünki qaz ehtiyacları da artır".

Komitə üzvü vurğulayıb ki, AB ilə Tərəfdaşlıq sazişin, demək olar ki, siyasi istiqamətdə bütün məsələləri öz həllini tapıb: "Sadəcə olaraq, bir neçə istiqamətdə müzakirələr gedir. Yaxın müddətdə düşünürəm ki, sənədi yekunlaşdırmaq mümkün olacaq".

"Bakıdan son təsdiq gözləyirlər"

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin keçmiş üzvü Zaur Əkbər isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanla bu qurum arasında Strateji tərəfdaşlıq sazişinin imzalanması bu ilin fevralında Şərq Tərəfdaşlıq Sammitində gözlənilirdi: "Amma koronavirus pandemiyasına görə bunu payıza ertələdilər. Sammit oktyabr ayında Sloveniyada olacaq. Məndə olan məlumata görə, sənədin imzalanması üçün, demək olar ki, hər şey tamamlanıb, sadəcə, rəsmi Bakıdan son təsdiq gözləyirlər".

Z.Əkbər deyib ki, Tərəfdaşlıq sazişinin dörd bəndi üzrə ikitərəfli razılıq ümumən əldə olunub: "Həm dövlət başçısının, həm xarici işlər naziri Ceyhun Bayramovun sözlərindən belə başa düşmək olur ki, böyük ehtimalla bu il saziş bağlanacaq".

Z.Əkbər
Z.Əkbər

"Əks təqdirdə Rusiyadan bir növ asılılıq yaranacaq"

Ekspertin fikrincə, Azərbaycan hakimiyyəti bu il həmin sazişi bağlamağa məhkumdur: "Çünki əks təqdirdə Azərbaycanın xarici siyasətində Rusiyadan bir növ asılılıq yaranacaq. Rusiya 44 günlük müharibədən sonra Qarabağa sülhməramlılar adı altında öz qoşunlarını yerləşdirib və bundan sonra Azərbaycanın Rusiyadan asılılığı artıb. Azərbaycan öz xarici siyasətini rebrendinq etməklə (dəyişməklə), xüsusilə Avropa Birliyi ilə məlum sazişi imzalayıb onun icrasına başlamaqla bir növ bu asılılığı aradan qaldıra biləcək".

"Bu bənd artıq razılaşdırılıb"

Ekspertin sözlərinə görə, sənədin imzalanmasını gecikdirən tərəf rəsmi Bakıdır: "Rəsmi Bakı ilə dörd bənd üzrə danışıqlar gedir. Birinci bənd siyasi və hüquqi azadlıqlardır. Burada sərbəst toplaşmaq azadlığı, birləşmə azadlığı, söz azadlığı sahəsində, məhkəmə və polis sistemində islahatlardan söhbət gedir. Bu məsələ ilə bağlı Azərbaycan tərəfi dəfələrlə təklif etdi ki, kompromis əldə olunsun. Amma AB bəyan edib ki, bu məsələdə heç bir kompromisə gedilməyəcək. Məndə olan məlumata görə, bu bənd artıq razılaşdırılıb".

Z.Əkbər əlavə edib ki, sazişin digər bəndləri də olduqca vacibdir. "İkinci məsələ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyüdür. Bununla bağlı Azərbaycan Avropa Birliyindən 10 il möhlət istəyib. Üçüncüsü Azərbaycanın aviasiya sahəsinin standartlara cavab verməsidir. Burada əsas məsələ hazırda çox bahalı qiymətlərin aşağı salınması və ölkəyə loukoster şirkətlərin buraxılmasıdır. Dördüncüsü isə açıq rəqabətdir. Burada söhbət azad bazar iqtisadiyyatından, bank sektorunda islahatlardan, iqtisadiyyatın şəffaf və hesabatlı olmağından gedir".

Ekspertin fikrincə, bu da Azərbaycan bazarını Avropa Birliyi üçün açacaq, artıq daxili istehsal mallarını Avropa ölkələrinə güzəştli gömrük rüsumları ilə göndərmək mümkün olacaq.

XS
SM
MD
LG