Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:50

Bir daha Qara dənizdə Rusiya-Britaniya hərbi qarşıdurması barədə


Defender gəmisi iyunun 18-də Qara dənizdə
Defender gəmisi iyunun 18-də Qara dənizdə

Moskva və London iyunun 23-də Qara dənizdə baş vermiş hərbi insident barədə ziddiyyətli bəyanatlar verməkdə davam edirlər.

2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etmiş Rusiya onun ətrafındakı dəniz ərazisini də özününkü hesab edir və bura daxil olan hərbi gəmilərə atəş açılacağı ilə hədələyir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 24-də deyib ki, Britaniyanın Moskvadakı səfiri Debora Bronner nazirliyə dəvət edilib və ona sözü gedən insidentlə bağlı demarş təqdim olunacaq.

Moskva bir gün əvvəl bildirmişdi ki, Krımın Sevastopol sahillərində üzən Britaniya hərbi gəmisi Defenderin istiqamətində xəbərdarlıq atəşi açılıb və gəminin hərəkət çığırı boyunca aviasiya bombaları atılıb.

Britaniyanın Müdafiıə Nazirliyi kral hərbi dəniz donanmasını Defender minadaşıyan gəmisinə xəbərdarlıq atəşi açıldığına dair Moskvanın bəyanatlarını təkzib edib.

Nazirlik bildirib ki, gəmi Ukraynanın ərazi sularında idi və Qara dənizin şərq sahilindəki Gürcüstana doğru hərəkət edirdi.

“Britaniya gəmiləri Krım ətrafında istədiyi vaxt üzəcək”

Sinqapura səfərdə olan Britaniya xarici işlər naziri Dominik Raab müxbirlərə deyib ki, Britaniya gəmisinə heç bir xəbərdarlıq atəşi açılmayıb.

Zaxarova hadisənin Britaniya versiyasını “ağ yalan” adlandırıb.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya “provokativ hərəkətlərə” bütün istənilən tərzlərdə reaksiya verilməsini nəzərdən keçirməyə hazırdır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bir az da irəli gedərək belə hərəkətlər təkrar olunarsa “bombalardan istifadə ediləcəyi” ilə hədələyib.

Beynəlxalq dəniz qanununa görə hər hansı ölkəyə məxsus gəmi başqa ölkənin ərazi sularından onun təhlükəsizliyinə hədə yaratmadan dinc keçid edə bilər.

Rusiya isə Krım sahillərindəki suları özününkü hesab edərək gərginliyi vaxtaşırı artırır.

Qərb ölkələri Krımı və onun ətrafındakı dəniz ərazisini Ukrayna suları hesab edir, Rusiyanın iddialarını qəbul etmirlər.

Britaniya hökumət kabinetinin üzvü Corc Yustis deyib ki, Britaniya gəmiləri Krım ətrafında istədikləri vaxt üzəcək, çünki London Krımın ilhaqını tanımır.

Elə biliblər ki, Rusiya təlim keçir

Rusiya Müdafiə Nazirliyinin versiyasına görə iyunun 23-də Britaniya gəmisi Rusiyanın dəniz sərhədini üç kilometrədək pozub.

Defender gəmisinin ekipajı Rusiya dənizçilərinin xəbərdarlığına məhəl qoymayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin keşikçi gəmiləri xəbərdarlıq atəşi açıb və Su-24M qırıcı təyyarəsi Britaniya gəmisinin hərəkət kursu boyunca dörd bomba atıb.

Yalnız bundan sonra Britaniya gəmisi ərazini tərk edib.

Britaniya Müdafiə Nazirliyi isə bildirir ki, gəmi ekipajı sözü gedən atəşləri Rusiya gəmilərinin ona aid olmayan atış təlimi kimi başa düşüb.

Britaniya gəmisi təyyarədən artılan bombalardan da xəbərsiz olduğunu bildirir.

Rusiya hərbçiləri qırıcı təyyarənin ərazi üzərindən uçuşunu göstərən video dərc ediblər. Lakin bu videoda bomba atıldığı görünmür.

İnsident vaxtı Defender hərbi gəmisinin göyərtəsində olan BBC müxbiri Conatan Bil iddia edir ki, gəmi Moskvaya beynəlxalq dəniz qanununa əməl etdiyini nümayiş etdirmək üçün Krımın yaxınlığındakı sulara bilərəkdən daxil olub.

Bu qanuna görə Krım və onun ərazi suları Ukraynaya aiddir. Müxbir yazır ki, gəminin heyəti həyəcan siqnalı ilə qaldırılıb və döyüş hazırlığı vəziyyətinə gətirilib. BBC müxbiri habelə videoçəkiliş aparıb.

Krım yaxınlığında keçirilən missiya zamanı gəminin həndəvərində Rusiyanın təxminən 20 gəmisi və təyyarələri görünür. Gəmilərdən biri Defender gəmisinin 100 metrliyinədək yaxınlaşıb.

Rusiya hərbçiləri Defender gəmisindən Krım akvatoriyasını tərk etməyi dəfələrlə tələb ediblər.

Rusiya tərəfi habelə gəmini hədələyib. Bill yazır ki, bundan sonra uzaqda atəş səsləri eşidilib.

Britaniya hökumətindən bir mənbə BBC-yə deyib ki, gəminin məqsədi döyüşə girmək yox, dənizçilik azadlığını nümayiş etdirmək olub.

NATO burada təlimlərə başlayacaq

Bu da qeyd olunur ki, iyunun 28-də Qara dənizdə NATO üzvlərinin iştirakı ilə SeaBreeze təlimlərinə başlanacaq.

Bu manevrlərdə 40-dək təyyarənin və 30-dək gəminin iştirakı planlaşdırılır.

Rusiyanın ABŞ-dakı səfirliyi xatırladıb ki, bu təlimlər “qeyri-ixtiyari insidentlərin” baş verməsi riskini artırır.

Moskva ABŞ-ı və onun müttəfiqlərini Qara dənizdə hərbi hərəkətlərdən çəkinməyə çağırıb.

Bu təlimlərdən az əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, şimal alyansı Rusiya ilə stabil münasibətlərdə maraqlıdır və bu istiqamətdə dialoqu davam etdirəcək.

XS
SM
MD
LG