Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:23

Boris Conson: Britaniya gəmisi Rusiya ilə qarşıdurmada ‘düzgün hərəkət’ edib


Boris Conson
Boris Conson

Britaniya baş naziri deyib ki, kral hərbi dəniz donanmasının gəmisi Krım sahillərində “bizim dəyərlərimizi müdafiə edirdi”

Britaniyanın baş naziri Boris Conson iyunun 25-də bəyan edib ki, onun ölkəsinin hərbi gəmisi Defender Qara dənizdə, ilhaq olunmuş Krımın sahillərində Rusiya ilə qarşıdurmada düzgün hərəkət edib, çünki London Rusiyanın bu yarımadaya ərazi iddialarını tanımır.

Consonun bu bəyantından bir gün əvvəl Rusiya tərəfi bildirmişdi ki, kral hərbi dəniz donanmasının Defender gəmisinə xəbərdarlıq atəşləri açıb və onu hərəkət kursunu dəyişərək Rusiyanın ərazi sularından çıxmağa məcbur edib.

Conson deyib ki, “bu ərazi suları Ukraynaya aiddir və ondan A məntəqəsindən B məntəqəsinə ən qısa məsafədə getmək üçün istifadə olunması tamamilə qanunidir”.

Britaniya baş naziri əlavə edib ki, kral hərbi dəniz donanmasının gəmisi Krım sahillərində “bizim dəyərlərimizi müdafiə edirdi”.

Boris Conson bunu da qeyd edib ki, hazırda London və Moskva arasında münasibətlər Soyuq müharibədən bəri ən aşağı səviyyəyə enib.

İyunun 24-də Britaniyanın Moskvadakı səfiri Debora Bronner Defender minadaşıyan gəmisi ilə bağlı insidentə görə Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub.

Rusiya XİN-in internet səhifəsində dərc olunmuş məlumata görə xanım Bronnerə “Rusiya dəniz sərhədinin pozulmasına və Britaniya gəmisinin Rusiyanın ərazi sularında provokativ və təhlükəli hərəkətlərinə görə qəti etiraz” bildirilib.

Moskva bildirir ki, iyunun 23-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) gəmiləri Britaniyanın hərbi gəmisi istiqamətində xəbərdarlıq atəşləri açıb.

Rusiya sərhədçiləri Britaniya gəmisini Rusiya sərhədini pozmaqda ittiham ediblər.

Onlar habelə bildiriblər ki, Britaniya gəmisi xəbərdarlıqlara məhəl qoymayıb.

Gəmi Krım akvatoriyasına “bilərəkdən” daxil olub

Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Defender beynəlxalq qanunla tanınan “dəniz dəhlizi” ilə hərəkət edib.

Nazirlik bildirir ki, gəmi heyəti sözü gedən atəşləri Rusiya tərəfinin ona aid olmayan təlimləri kimi başa düşüb.

Britaniya tərəfi habelə gəminin hərəkət çığırına bombalar atılmasını da inkar edib.

Rusiya hərbçiləri Defender gəmisinin üstündən uçan Rusiya təyyarələrini əks etdirən videonu dərc ediblər.

FTX-nin iyunun 24-də dərc etdiyi videoda Rusiyanın keşikçi gəmisinin xəbərdarlıq atəşi açdığı görünür.

İnsident zamanı gəminin göyərtəsində olan BBC müxbiri deyib ki, Defender Krım yaxınlığındakı sulara bilərəkdən daxil olub.

Müxbirin sözlərinə görə, Britaniya Krım ətrafındakı akvotoriyanı Ukrayna ərazisi kimi tanıdığını bir daha nümayiş etdirib.

Şəxsən baş nazirini qərarı

Bu arada The Telegraph qəzeti iddia edib ki, Defender gəmisinin ilhaq olunmuş Krım sahillərindən keçməsi barədə qərarı Britaniyanın baş naziri Boris Conson şəxsən qəbul edib.

Hökumət mənbələrindən qəzetə verilən məlumata görə bu qərar Britaniyanın müdafiə naziri Ben Uolles və xarici işlər naziri Dominik Raab arasında kəskin mübahisəyə səbəb olub.

Raab gəminin mübahisəli ərazidən keçməsinə qarşı idi. O bildirirdi ki, Rusiya bu insidentdən öz xeyrinə istifadə edə bilər.

Hökumət The Telegraph qəzetinin iddialarını şərh etməyib.

XS
SM
MD
LG