Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:23

Litva Belarusla sərhəddə ‘kəsici hasar’ tikir


Litva Belarusla sərhəddə kəsici-tikanlı hasarın tikintisinə başlayıb.

Bundan əvvəl Vilnüs Belarusdan qanunsuz miqrant axınının artması ilə bağlı narahatlıq ifadə etmişdi.

Litva hökuməti bildirir ki, Lukaşenka rejimi onun üzərinə qoyulmuş sanksiyaların “qisasını almaq” məqsədilə öz ərazisindəki miqrantları bilərəkdən Litva sərhədinə yönləndirir.

Litva Dövlət Sərhədi Xidmətinin sözçüsü Gedrus Mişutis iyulun 9-da deyib ki, ölkənin silahlı qüvvələri Belarusla sərhəddə tikanlı hasarın çəkilməsinə başlayıb.

Bu sərhəd bəzi yerlərdə sıx meşəlik ərazilərdən keçir. Mişutis də son həftələrdə Belarusdan gələn qanunsuz miqrantların sayının kəskin artdığını deyib.

O deyib ki, sərhədin 30 kilometrlik məsafəsində kəsici spiralları olan tor hasar çəkiləcək.

Vilnüs Minski yüzlərlə miqrantı Litva ərazisinə yönəltməsinə görə ittiham edir.

Litva hökuməti bildirir ki, Lukaşenka iqtidarı bu üsulla onun ölkəsi üzərinə Ryanair təyyarəsinin məcburən Minskə endirilməsinə və sərnişinlərin arasında olan müxalifətçi jurnalist Raman Prataseviç və onun sevgilisi Sofya Sapeqanın həbs edilməsinə görə qoyulmuş sərt sanksiyayaların qisasını Avropa İttifaqının üzvü olan Litvadan alır.

Süni qaçqın axını

Bu da məlumdur ki, Litva Avropa İttifaqında Alyaksandr Lukaşenka rejiminin ən barışmaz tənqidçisidir.

Litva və Qərb 2020-ci ildə Belarusda keçirilmiş və Lukaşenkanı altıncı dəfə qalib elan etmiş seçkinin nəticələrini tanımaqdan imtina edirlər.

Böyük bir qismi Litvaya pənah gətirmişı Belarus müxalifəti 9 avqust seçkisinin Lukaşenkanın xeyrinə saxtalaşdırıldığını bildirir.

Müxalifət israr edir ki, bu seçkidə əslində hazırda Litvada mühacirətdə olan Svyantlana Tsixanovskaya qalib gəlib.

Sanksiyalara cavab olaraq Lukaşenka hədələyib ki, Belarus bundan sonra qanunsuz miqrantların Avropaya keçməsinin qarşısını almayacaq.

Onun bu hədəsindən sonra əksəriyyəti İraqdan olan yüzlərlə miqrant Litva sərhədini keçib.

Litvanın baş naziri İnqrida Şimonite iyulun 7-də deyib ki, onda Belarusun bilərəkdən qaçqın axını yaratmasını təsdiq edən dəlillər var.

Şengen azad hərəkət zonasının üzvü olan Litva bildirib ki, yaranmış vəziyyətlə əlaqədar özünün Avropa İttifaqı ilə sərhədinin mühafizəsini gücləndirəcək.

Yalnız iyulun ilk günləri ərzində Bealrusdan Litvaya 779 miqrantın keçdiyi bildirilir. Halbuki bundan əvvəlki 6 ay üçün bu rəqəm 636 idi.

XS
SM
MD
LG