Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:25

Liviyadakı Rusiya muzdluları ilə bağlı yeni araşdırma


Liviya, arxiv fotosu
Liviya, arxiv fotosu

Jurnalist araşdırması Rusiya hərbi muzdlularının Liviyada vətəndaş müharibəsindəki rolunun yeni detallarını üzə çıxarıb. Araşdırma Rusiya ordusunun hərbi cinayətlərlə əlaqəsini faş edib.

2020-ci ilin yazında muzdlu döyüşçülər Tripolinin cənubundan geri çəkiləndə Vaqner qrupunun adı açıqlanmayan üzvü Samsung tabletini unudub. Tabletdə cəbhənin rusca xəritələri var imiş. Məlumatı BBC avqustun 11-də yayıb.

Silah siyahısı

2020-ci ilin yanvarına aid bir sənəddə isə silah və hərbi avadanlığın “alış siyahısı” yer alıb. Siyahıda dörd tank, yüzlərlə Kalaşnikov avtomatı, radar sistemi, digər avadanlığın adları çəkilir və ekspertlər bunların yalnız Rusiya hərbi təchizatına aid ola biləcəyini deyirlər.

Vaqner qrupu üzrə ekspertin fikrincə, siyahı Dmitri Utkinin də rolunu göstərir. Keçmiş rus hərbi kəşfiyyat əməliyyatçısı Utkinin bu qrupun əsasını qoyduğu güman edilir.

Vaqner qrupunun Rusiyanın siyasi elitasına dolayısı ilə bağlı olduğunu, Prezident Vladimir Putinə yaxın Yevgeni Priqojin tərəfindən idarə edildiyi bildirilir.

Amma Priqojin və Rusiya hakimiyyəti Vaqnerlə hər hansı bağlılığı təkzib ediblər.

Vaqner qrupu ilk dəfə 2014-cü ildə, Ukraynanın şərqində rusiyapərəst separatçıları dəstəklədiyinə görə diqqət mərkəzinə gəlib.

O vaxtdan qrupun Suriya, Mozambik, Sudan, Mərkəzi Afrika Respublikası kimi ölkələrdə fəaliyyəti haqda məlumatlar yayılıb.

2019-cu ilin aprelində Vaqner muzdluları Liviyanın üsyankar generalı Xəlifə Haftarın qüvvələrinə qoşulub. Onda Haftar BMT-nin dəstəklədiyi Tripolidəki hökumətə qarşı hücuma başlamışdı. Münaqişə oktyabrda atəşkəslə bitib.

Əsirləri “öldürüblər”

BBC araşdırma zamanı qrupun iki keçmiş döyüşçüsü ilə əlaqə yarada bilib. Onlar qrupda hər hansı davranış kodeksinin olmadığını deyiblər.

Təhqiqata görə, keçmiş üzvlərdən biri qrupun əsirləri öldürdüyünü etiraf edib. “Heç kəs əlavə kimisə yedizdirmək istəmir”, – o deyib.

Priqojin isə sözçüsü vasitəsilə BBC-yə deyib ki, Vaqner-lə əlaqəsi yoxdur, Liviyada rusiyalıların insan haqlarını pozduğunu eşitməyib. “Bunun ağ yalan olmasından əminəm”, – o deyib.

Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi belədir ki, Vaqner-in Liviyada fəaliyyəti haqda məlumatlar “saxta data”ya əsaslanır və məqsəd Rusiyanın bu ölkədəki “siyasətini gözdən salmaqdır”.

XS
SM
MD
LG