Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:36

Almaniya Rusiyanı seçki müdaxiləsi cəhdində ittiham edir


Almaniya parlamenti - Bundestaq
Almaniya parlamenti - Bundestaq

Almaniya Rusiyanın alman siyasətçilərə aid datanın oğurlanması cəhdləri ilə bağlı Moskvaya etirazını bildirib

Almaniya Rusiyanın alman siyasətçilərə aid datanın oğurlanması cəhdləri ilə bağlı Moskvaya etirazını bildirib.

Berlin şübhələndiyini bildirib ki, bundan məqsəd bu il keçiriləcək seçki ərəfəsində “dezinformasiyanın” yayılması ola bilər.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sassenin sentyabrın 6-da açıqladığı bəyanatda deyilir ki, Berlin bu kiberfəaliyyətlərin dərhal dayandırılmasını tələb edir.

Sözçü bunu da bildirib ki, bununla bağlı Almaniya XİN-in nümayəndəsi Rusiya XİN-ə rəsmi etiraz göndərib.

Sasse kiberhücumların miqyası və ya vurduğu ziyan bərədə təfərrüatları bildirməyib, lakin deyib ki, “Almaniya hökuməti cavab tədbirləri görmək hüququna malikdir”.

Berlin çoxdan göz qoyur

Rusiyanın Baş Kəşfiyyat İdarəsi – GRU-ya bağlı olduğu düşünülən Ghostwriter adlı haker qrupu adi kiberhücumlarla yanaşı dezinformasiya və təsir əməliyyatlarını da həyata keçirir.

Xanım Sasse deyib ki, Berlin bu kiberqrupun fəaliyyətinə çoxdan göz qoyur.

Almaniyada parlament seçkiləri sentyabrın 26-da keçiriləcək. Bu seçkilərdə kansler Angela Merkelin kürsüsünü tutacaq şəxs məlum olacaq.

Rəy sorğuları iqtidar və müaxalifət partiyalarının reytinqlərinin çox yaxın olduğunu göstərir.

Xanım Merkel 16 illik kanslerlikdən sonra istefa verməyi planlaşdırır.

Hökumətin etibarlı məlumatı var

Almaniya XİN-in sözçüsü bildirib ki, fişinq e-mail-lərdən istifadə edərək Almaniya millət vəkillərinin şəxsi parollarının və kimlik məlumatının oğurlanmasına cəhdlər edilib.

Bu da qeyd olunur ki, hakerlər mərkəz-sağçı xrisitian demokratlarla solçu sosial-demokratların koalisiyasına daxil millət vəkillərini hədəfləyiblər.

Almaniyanın kibertəhlükəsizlik rəsmiləri bundan əvvəl xəbərdarlıq etmişdilər ki, xarici kəşfiyyatlar saxta xəbərlərin yayılması məqsədilə millət vəkillərinin şəxsi məlumatlarını hədəfləyə bilər.

Sözçü vurğulayıb ki, bu hücumlar parlament seçkilərinə müdaxilə məqsədilə aparılan təsir kampaniyasının bir hissəsidir:

“Hökumət Ghostwriter qrupunun fəaliyyətlərinin Rusiya dövləti ilə, xüsusilə də Rusiyanın GRU kəşfiyyat idarəsi ilə əlaqəsinə dair etibarlı informasiayaya malikdir”.

Xanım Sasse deyib ki, Berlin bu fəaliyyətləri qeyri-məqbul hesab edir və Almaniya Federativ Respublikasının təhlükəsizliyinə, demokratik qərarların qəbul edilməsi prosesinə hədə sayır.

Sözçü əlavə edib ki, bu cür fəaliyyətlər iki ölkə arasındakı münasibətlərə ciddi ziyan vura bilər.

XS
SM
MD
LG