Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:20

XİN-in keçmiş rəsmilərinə şərti cəza kəsildi


DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı

Xarici İşlər Nazirliyinin iki keçmiş vəzifəlisi – uzun illər nazirliyin Tender Komissiyasına və İşlər idarəsinə rəhbərlik etmiş Fərhad Mollazadə və bu idarənin tabeliyindəki Təsərrüfat şöbəsinin keçmiş müdiri Səlim Əlizadənin mühakiməsi yekunlaşıb. Göyərti satan, taksi sürücüsü və başqa adamların adına yaradılmış şirkətlər vasitəsilə 2.5 milyonluq yeyintidə suçlanan bu şəxslərə 6 il şərti cəza verilib. Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.

Hökmdən məlum olub ki, yeyinti nəticəsində XİN-ə dəymiş 2.5 milyonluq ziyandan 167 min manat qalıb. Məhkəmə təqsirləndirilən şəxslərdən Əlizadənin üzərinə bu məbləği ödəmək öhdəliyi qoyub. Çünki indiyədək ödənilmiş 2.5 milyon manata yaxın vəsaiti digər təqsirləndirilən Mollazadə ödəyib.

Hökmdən öncə təqsirləndirilən şəxslərdən Əlizadə deyib ki, indiyədək xalqa xidmət edib, tutduğu əməldən isə çox peşmandır: "Xahiş edirəm, məni bağışlayasınız".

"Nə şəxsi maşını var, nə də şəxsi evi"

Mollazadə də peşmançılığını dilə gətirib: "Etdiyim əməldən də çox peşmanam. İnanın ki, mən özüm-özümə cəza vermişəm. Xahiş edirəm, qərar verəndə vəziyyətimi nəzərə alasınız".

Mollazadənin vəkili Kamandar Nəsibov vurğulayıb ki, mənimsənildiyi iddia olunan vəsaiti müvəkkili özünə sərf etməyib. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs tenderlər vasitəsilə əldə olunan vəsaitləri təsərrüfat işləri və başqa xərclərə yönəldib.

"Hüquqlarını müdafiə etdiyim şəxsin elə bir imkanı da yoxdur. Nə şəxsi maşını var, nə də şəxsi evi. Atasından qalan bir mülk vardı, onu da satıb ziyanı ödədi", – vəkil belə deyib.

Əlizadənin vəkili Rəşad Mirmehdizadə isə müvəkkilinin icraçı olduğunu, sadəcə, verilən göstərişləri yerinə yetirdiyini söyləyib: "Ona konkret göstəriş veriblər ki, bu işi gör, o da görüb. Əldə olunan pullara da nazirlik üçün xeyli işlər görülüb. İndi hamının bildiyi bu işlər cəmi iki nəfərin üstündə qalıb...".

Xatırlatma

Təqsirləndirilən Fərhad Mollazadə XİN-in İşlər İdarəsinə rəhbərlik etməklə yanaşı, həm də Tender Komissiyasının sədri olub.

DTX əməkdaşlarının 2020-ci il iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində həbs olunan Mollazadə və Əlizadə nazirlik üçün dəftərxana ləvazimatları, suvenir, hədiyyələr və s. almaq adıyla 2 milyon 543 min manatlıq yeyintidə ittiham edilir. Onlara qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Onlar özlərini qismən təqsirli bilirlər.

XS
SM
MD
LG