Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:52

Ceyn Kempion 'Oskar' alan üçüncü qadın rejissor olacaqmı


Ceyn Kempion
Ceyn Kempion

Ceyn Kempion bədii film yaradıcılığında 13 illik fasilədən sonra çəkdiyi "The Power of the Dog" filminə görə Venesiya kinofestivalının "Qızıl Şir" mükafatına layiq görülüb və Nyu-York film festivalında uğur qazanıb. Hadisələrin 1920-ci illərdə cərəyan etdiyi bu film vestern janrında çəkilib. Çəkilişlərsə 2020-ci ilin yanvarında Yeni Zelandiyanın Mərkəzi Otaqo əyalətində başlayıb.

Kempion, bir çox başqa filmlərində olduğu kimi, bu filmdə də insan psixologiyasının gizli dərinliklərini, emosiyaların çalarlarını araşdırır.

Kempionun romantik "Bright Star" filmi kassa gəlirləri baxımından uğursuzluğa uğrasa da, Kventin Tarantino və Sem Mendes kimi adamlar tərəfindən çox bəyənilmişdi.

#MeToo mövzuları

Baş rolunu Meq Rayanın oynadığı "In the Cut" filminə isə içində #MeToo mövzuları olduğu üçün yenidən, bu dəfə yeni nəzərlərlə baxılmağa başlanıb.

67-yaşlı rejissor 20 il ərzində 7 tammetrajlı filmin ssenarisini yazıb və rejissorluğunu edib. 1989-cu ildə çəkdiyi "Sweetie"dən 2009-cu ildə çəkdiyi "Bright Star"a qədər. O, 1993-cü ildə "The Piano" filminə görə "Qızıl Palma" mükafatına və "orijinal ssenari" kateqoriyasında "Oskar"a layiq görülüb. O, həmçinin qadın rejissorlar arasında "Oskar"a namizəd göstərilmiş ikinci adamdır.

Sənətkar bu səkkizinci filminin maksimum uğurlu olması üçün əlindən gələni edib. İki ay öncə Nyu-York kinofestivalında "ən yaxşı rejissor" və "ən yaxşı aktyor" mükafatlarını qazanan "The Power of the Dog"un "Oskar" gecəsində də eyni uğuru təkrarlayacağı gözlənilir.

Uğurun səbəbi

Indiewire saytı Ceyn Kempionun uğurunun səbəblərini təhlil etməyə çalışıb. Sayt yazır ki, Kempion ilk növbədə düzgün layihə seçib. O, Tomas Seyvicin 1967-ci ildə yazdığı bu romanın izinə düşüb. Maraqlıdır ki, prodüserlər azı beş dəfə bu roman əsasında film çəkmək istəsələr də, heç biri bunu etməyib. Roman əsasında film çəkmək hüququnu satın alan kanadalı prodüser Rocer Frappyeni başqa rejissorla yox, məhz onunla işləməyə inandırmaq lazım idi ki, Kempion bunu bacarıb.

Bundan başqa, Kempion bu filmə çox güclü prodüserlər cəlb edib. O, həm də çox dəqiq və detallı ssenari işləyib hazırlayıb. Yazıda onun, eyni zamanda, vaxta dəyər verdiyi və ondan qənaətlə istifadə etdiyi göstərilib. Bir çox vesternlər kimi, bu filmi də Montanada çəkmək olardı. Ancaq Kempion onu vətəni Yeni Zelandiyada çəkmək qərarına gəlib. Bu isə həm xərclərə, həm də vaxta qənaət deməkdir.

Eyni anda 130 dülgər

Yazıda daha sonra Kempionun birlikdə çalışdığı insanlara qulaq asmasına da diqqət çəkilir. O özünü zəkalı insanlarla əhatə edir. Onunla işləyən prodüser və aktyorlar onun daim açıq olduğunu, doqmatik və ya instruktiv olmadığını deyirlər.

Prodakşn dizayneri Qrant Meycor cəmi bir neçə ayın içində çox geniş ərazidə ikimərtəbəli ranço evi və tövlə də daxil olmaqla, bütün dekorasiyanı işləyib hazırlaya bilib. Yazıda deyilir ki, bu müddətdə bəzi zamanlarda dekorasiya üzərində eyni anda 130 dülgər işləyirmiş. Meycor "The Lord of the Rings: The Return of the King" filmindəki işinə görə "Oskar" mükafatına layiq görülüb.

"Bu mənim gördüyüm ən qiyamət çəkiliş meydançalarından biri idi. Ev əsl taxtadan idi və daim hamı onu rəngləyirdi", – aktrisa Kirsten Danst deyib.

XS
SM
MD
LG