Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:16

Abramoviç, Deripaska sanksiya siyahısında


Roman Abramoviç
Roman Abramoviç

Bu şəxslərin Britaniyadakı aktivləri dondurulur, onlara səyahət qadağası qoyulur.

Böyük Britaniya bir neçə rusiyalı milyarderi sanksiya siyahısına salıb. Premyer Liqada oynayan Çelsi futbol klubunun sahibi, milyarder Roman Abramoviç, sənayeçi Oleq Deripaska da siyahıdadır. Deripaska Moskvanın ötən ay Ukraynaya qarşı başlatdığı müharibəni bitirməyə çağırmışdı.

Britaniya hökumətinin martın 10-da yaydığı bəyanata görə, Rosneftin Baş İcraçı Direktoru İqor Seçin, VTB Bank-ın sədri Andrey Kostin, Qazprom rəhbəri Aleksey Miller, Transneft kəmər şirkətinin sahibi Nikolay Tokarev, Bank Rossiya-nın sədri Dmitri Lebedev də siyahıdadır.

Bu şəxslərin Britaniyadakı aktivləri dondurulur, onlara səyahət qadağası qoyulur. Yəni, onlar Britaniyaya səfər edə, Britaniyada fərdlər və bizneslərlə tranzaksiya bağlaya bilməyəcəklər.

“...sərt təqib edəcəyik”

“Bugünkü sanksiyalar Britaniyanın Ukrayna xalqına qətiyyətsiz dəstəyi yönündə daha bir addımdır. Biz dinc sakinlərin öldürülməsinə, xəstəxanaların dağıdılmasına, suveren müttəfiqlərin qanunsuz işğalına imkan verənləri sərt təqib edəcəyik”, – Baş nazir Boris Conson sanksiya siyahısını açıqlayanda deyib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. O vaxtdan bir sıra Qərb ölkələrə Moskvaya sanksiyalar tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putinlə sıx əlaqələri olan Rusiya məmurları və milyarderləri də sanksiyalara məruz qalırlar.

Deripaska martın 7-də deyirdi ki, “mümkün qədər tez” sülh əldə olunmalıdır. “Bu hadisələrdən sonra bütün dünya və Rusiya fərqli olacaq”, – o, sözlərinə əlavə edib.

2003-cü ildən Çelsinin sahibi olan 55 yaşlı Abramoviç bu ayın əvvəlində futbol klubunu satışa çıxarıb, əldə edəcəyi vəsaiti Ukrayna müharibəsinin qurbanlarına ianə edəcəyini söyləyib.

XS
SM
MD
LG