Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:59

ABŞ 1941-45-də SSRİ-yə etdyi yardımı indi Ukraynaya edəcək


Soldan sağa: İosif Stalin, Franklin Ruzvelt və Uinston Çörçil 1943-cü ildə
Soldan sağa: İosif Stalin, Franklin Ruzvelt və Uinston Çörçil 1943-cü ildə

Əgər qanunvericilik aktı Nümayəndələr Palatasından da keçərsə, Adolf Hitleri məğlubiyyətə uğratmış qanun 81 ildən sonra siyasət meydanına qayıdacaq

Birləşmiş Ştatların Senatı aprelin 7-də Ukraynanın Rusiya müdaxiləsinə müqavimətini gücləndirmək məqsədilə II Dünya Müharibəsi illərində qəbul edilmiş qanuna bənzər Lend-Liz (Lend-Lease) aktını yekdilliklə qəbul edib.

Bu qanunvericilik aktı ABŞ hökumətinin uzun bürokratik prosesdən keçmədən Ukraynaya həlledici silahlar və başqa mühüm hərbi avadanlıq verməsinə yol açacaq.

Təhlilçilər bildirirlər ki, bu qanunun belə sürətlə qəbul edilməsinə səbəb Ukraynanın Rusiya təcavüzünə layiqli müqavimət göstərmək iqtidarında olduğunu nümayiş etdirməsi olub.

Politico yazır ki, əgər qanunvericilik aktı Nümayəndələr Palatasından da keçərsə, Adolf Hitleri məğlubiyyətə uğratmış qanun 81 ildən sonra siyasət meydanına qayıdacaq.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba aprelin 7-də Bayden administrasiyasına Lend-Liz aktının yenidən canlandırılması yolunda atdığı ilk addıma görə təşəkkürünü bildirib.

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko da Twitter postu ilə ABŞ rəhbərliyinə təşəkkür edib.

Hitlerin belini qıran akt

1941-ci ildə qəbul edilmiş bu qanunvericilik aktı ABŞ hökumətinə müharibədə fəal iştirak edən ölkələrə silah-sursat və başqa həyati dəstək vermək səlahiyyəti verirdi.

“Borc-icarə” (lend-lease) mənasını verən bu qanunun rəsmi adı “ABŞ-ın müdafiəsinin gücləndirilməsi” aktı idi və ovaxtkı prezident Franklin Ruzvelt tərəfindən imzalanmışdı.

Bu sistem Vaşinqtona II Dünya Müharibəsindəki müttəfiqlərini silah-sursat, tanklar, təyyarələr, avtomobillər, ərzaq və xammalla təchiz etmək imkanı yaradırdı.

Bundan əvvəl, 1940-cı ildə ABŞ Britaniyaya kömək üçün başqa bir qanun – “topdansatış” (cash-and-carry) aktını qəbul etmişdi.

Buna səbəb Britaniya baş naziri Uinston Çörçilin öz ölkəsinin müharibə xərclərini çəkmək üçün imkanlarının tükəndiyini bəyan etməsi olmuşdu.

Britaniya da SSRİ-yə Almaniyanın bu ölkəyə hücumunun ilk günündən başlayaraq yardım göstərirdi.

Sistem hərbi texnikanın müharibə qurtarandan sonra ABŞ-a qaytarılmasını nəzərdə tuturdu. Amma real həyatda ABŞ-ın verdiyi yardım sonradan demək olar heç bir şəkildə geri qayıtarılmadı.

Tarixçilər bildirirlər ki, əslində bu qanunun qəbul edilməsi ilə Hitler nasizminin beli qırılıb.

Lend-Liz aktı Ukraynanı necə dəstəkləyəcək

Politico yazır ki, Rusiyanın Ukrayna boyunca dağıdıcı hücumları nəhayət ABŞ-ı “fövqəladə taktikaya” əl atmağa vadar edib.

ABŞ və onun Avropa müttəfiqləri indi bu qənaətdədirlər ki, bu müdaxilə qeyri-müəyyən müddətdə uzana bilər və qlobal liberal nizama “həyati təhlükə” yaradır.

Bu da qeyd olunmalıdır ki, indi Qərb liderləri Ukraynanın Rusiya təcavüzünü dəf edə biləcəyinə inanırlar.

Qanunvericilik aktının təşəbbüsçülərindən biri, demokrat senator Cin Şahin deyib ki, hazırda Ukraynaya Rusiya təcavüzünün dəf edilməsi üçün hərbi dəstək mümkün qədər tez bir zamanda verilməlidir.

Sözü gedən qanunvericilik aktının Nümayəndələr Palatasında aprelin 8-də səsə qoyulacağı gözlənilir.

Buna baxmayaraq Lend Liz qanununu dirçəltməli olan aktın Konqresin hər iki palatasının iki həftəlik tətilindən əvvəl qəbul edilib-edilməyəcəyi hələki tam məlum deyil.

XS
SM
MD
LG