Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:32

Müharibəyə qarşı çıxan bir neçə min rusiyalı...


Başqırd fəal Kamil Çurayev Ufada Ukraynada müharibəyə qarşı piket keçirir
Başqırd fəal Kamil Çurayev Ufada Ukraynada müharibəyə qarşı piket keçirir

Yalnız bir neçə min rusiyalı həbs, cərimə, işdən qovulma və s. risklərindən dolayı ölkələrinin Ukraynaya hücumuna qarşı ictimai etirazlara qoşulub. Ölkə mediasını ciddi nəzarətdə saxlayan və möhkəm güc strukturları aparatına sahib hökumət bu cür etirazçıların mesajlarının ictimaiyyətə çatmaması üçün əlindən gələni edib.

AzadlıqRadiosu Rusiyanın müxtəlif yerlərində etiraz edən insanlardan onların ciddi risklərə baxmayaraq bu addımı atmalarının səbəblərini soruşub.

Vyaçeslav Çernov
Vyaçeslav Çernov

Vyaçeslav Çernov

Sibirdə yerləşən Kemerovo vilayətinin Taştarol şəhərində yaşayan 48-yaşlı biznesmen Vyaçeslav Çernov siyasi fəallığına görə iki dəfə "ekstremizm" maddəsi ilə ittiham olunub. Onun biznesi yerli məmurların hədəfinə tuş gəlib. "Ölkənin əlində sənə əziz olan şeyləri məhv etməyin min bir yolu var", – o deyir.

Müharibə əleyhinə çıxışlarına görə inzibati həbs cəzasını bitirən Çernov yenidən həbs olunacağından qorxmur: "Niyə qorxmalıyam ki? Həqiqəti deyirəm. Əgər əziyyət çəkməliyəmsə, həqiqətə görə əzab çəkməkdən utanmıram…. Vicdanın narahat olandan sonra rahat yaşamağın mənası nədir ki? Bu, həyat deyil, işgəncədir. Özümü itirməyim mənim üçün azadlığımı itirməyimdən daha böyük fəlakət olardı. Hökumət məni həbsxanaya göndərməklə sındıra biləcəyini düşünürsə, qoy cəhd eləsin".

Ayxal Ammosov
Ayxal Ammosov

Ayxal Ammosov

Yakutsk şəhərində yaşayan Ayxal Ammosov ictimai fəal və musiqiçidir. O, iki dəfə müharibə əleyhinə qrafitilərə görə xuliqanlıq maddəsi ilə ittiham olunub. Hazırda "No war" şüarını divara çəkdiyi üçün ona qarşı "silahlı qüvvələri gözdən salma" maddəsi ilə cinayət işi açılıb. Beş gün təkadamlıq kamerada saxlanılan Ammosov odlu silah və elektroşok aparatı ilə təhdid edilib. "Onlar məni psixoloji sındırmağa çalışdılar", – o deyir.

Ammosov həbsxanaya salınacağına əmindir.

"İşin qorxulu tərəfi odur ki, mənə qarşı bu cinayət işləri sülh tərəfdarı olan hər kəsi susdurmaq üçündür. Onlar mənim kimi adamları tuturlar və Yakutskda hamı qorxmağa başlayır. Biz Moskva və Sankt-Peterburqdan çox uzaqdayıq. Burada müdafiə yoxdur. Praktik olaraq hər hansı hüquq müdafiəçiləri yoxdur. Məncə Yakutskda çox insan qorxudulur. Onlar sovet vaxtından bəri bizi terrorizə edirlər. Valideynlərimizi, nənə-babalarımızı da çox qorxudublar. Əgər Rusiya diktaturadırsa, Yakutiya ultradiktaturadır. Burada rəsmi mövqedən fərqli fikir ifadə etməyə görə sizi ömürlük şikəst edə bilərlər.

Tabutlar gəlməyə başlayanda adamlar anlamağa, gözləri açılanda isə küçələrə çıxmağa başlayacaqlar. Ancaq, hələlik, onlar daha çox müharibə istəyirmiş kimi görünürlər…", – o deyir.

Ammosov Rusiyanın işğala başladığı 24 fevraldan bəri müharibə əleyhinə fəaliyyətini davam etdirib. O, mübarizə aparmaq üçün işdən də çıxdığını deyir: "Onlar məni iki aya yaxın axtardılar. Hər gecə fərqli yerlərdə qalaraq gizləndim”.

Mariya Ponomarenko
Mariya Ponomarenko

Mariya Ponomarenko

Altay diyarının Barnaul şəhərindən olan jurnalist Mariya Ponomarenkoya qarşı "silahlı qüvvələri gözdən salma" maddəsi üzrə cinayət işi açılıb. Səbəbsə onun sosial mediada rusların Mariupolda dinc sakinləri bombardman etməsi haqda paylaşım etməsidir. Onu 10 ilədək həbs cəzası gözləyə bilər.

Ponomarenko suallara Sankt-Peterburdakı həbsxanadan yazılı cavab verib: "Ukraynadakı müharibə ağrıdır. İnsanın ruhu, qəlbi və düşüncəsindəki ağrı. Müharibə başlayanda çarəsizlik hiss etdim. Çünki bu …dəliliyi dayandırmaq qeyri-mümkün görünürdü. Mənim buna "müharibə" deməyi haqqım var. İlk həftələrdə və hətta indi də məhvedici hisslər, günah hissi keçirirdim. Ancaq bacardığım hər şeyi etdim. Sakit qalmadım, razılaşmadım. Bu gün Rusiyada sakit durmaq cinayət törətməyə bərabərdir.

Repressiya maşını ağzımızı yumur. Ancaq hətta bu şərtlərdə belə 5 ildən 10 ilə qədər həbs oluna biləcəyimiz halda belə biz Ukraynanın dinc əhalisinin qətlində iştirakı öz üzərinə götürməkdən imtina edən cəsur insanları görürük. Sayımız çox olmasa da, mübarizə aparırıq. İndi azad rusiyalılardan çox şey asılıdır. Rusiyalıların cəmi 5 faizi özündə cəsarət və qətiyyət tapsa, dəyişiklik gələcək".

Anna Krivonos
Anna Krivonos

Anna Krivonos

Yujno-Saxalinsk şəhərindən jurnalist Anna Krivonos martın 2-də sosial mediada insanları müharibə əleyhinə bəyanatı imzalamağa çağırdığı üçün 30 min rubl (475 dollar) məbləğində cərimələnib. O bu postu paylaşan zaman insanları Ukraynadakı müharibənin əxlaqsız və təhlükəli olduğuna inandıra biləcəyini düşünürmüş: "Buna tam inanırdım. Düşünürdüm ki, bu cəhənnəmi dəstəkləyən adamlar, sadəcə, bu haqda kifayət qədər düşünməyiblər". Ancaq zaman keçdikcə onun fikri dəyişib.

"Bütün bu aylar ərzində adamlar bütün məlumatları müxtəlif mənbələrdən tapa və dəfələrlə yoxlaya bilərdilər. Əgər istəsəydilər. Əgər kimsə bu gün baş verənləri dəstəkləyirsə, bu, şüurlu seçimdir. Daha danışmağa başqa şey qalmır. Bu yaxınlarda düşündüm ki, mən polisə, məhkəməyə gedirəm, hamısı da boş yerə.

Əslində hətta o zaman, aprelin əvvəlində də bunun mənası yox idi. İmzalar yavaş gəldi. Bəzi adamlar imzaladı, sonra da adlarının silinməsini xahiş etdi, fikrini dəyişdiyini dedi. Çoxlu dostlarım var, ancaq onlardan sadəcə üçü imzaladı. Bu, ağrılı bir dərs idi", – Krivonos deyir.

Aleksandr Dneprov
Aleksandr Dneprov

Aleksandr Dneprov

33-yaşlı kompüter mütəxəssisi Aleksandr Dneprov Tatarıstanın ikinci ən böyük şəhəri olan Naberejnıye Çelnıdandır. O, apreldən bəri müharibə əleyhinə təkadamlıq piketlər keçirib. Qəribədir ki, polis ona yaxınlaşmayıb. "Heç kim mənimlə maraqlanmadı", – o deyir.

"Əvvəllər hər hansı siyası tədbirlərdə iştirak etmək istəməmişəm. Ancaq həmin gün mənə elə gəldi ki, daha sakit durmaq mümkün deyil. Biz günahkar olduğumuzu qəbul etməliydik. Bunun qarşısını daha əvvəl ala bilərdikmi? Bu, çətin sualdır. Çünki biz işlərin bu yerə gəlib çıxacağını bilmirdik. Heç vaxt hökumətimizin belə bir aqressiya törədə biləcəyinə inanmamışam. Bütün bu məsələni Rusiyanın özü quraşdırıb və yalnız Rusiya günahlandırılmalıdır", – o deyib.

Ravil Şarafutdinov
Ravil Şarafutdinov

Ravil Şarafutdinov

29-yaşlı hüquqşünas Ravil Şarafutdinov Samara vilayətinin Sızran şəhərində yaşayır. O, Sızranda müharibəyə qarşı çıxdığı üçün saxlanan ilk vətəndaş olub. O, mayın 3-də təkadamlıq piket keçirən zaman saxlanaraq 30 min rubl (475 dollar) məbləğində cərimə edilib.

Lap əvvəldən müharibəyə qarşı olan Şarafutdinov yalnız 10 həftədən sonra ictimai şəkildə etiraz etməyə başlayıb: "…Sakit qalmaq fiziki çətinləşirdi. Vicdanım sakitləşmirdi. Günbəgün ağla qara arasındakı fərq daha aydın görünürdü. …Plakatı götürüb şəhər mərkəzinə getdim. Bir neçə dəqiqə durub anladım ki, polis maşınında kameraya aparılmağa hazır deyiləm. Üç balaca uşağım və arvadım var".

Ancaq sonra anlayıb ki, bu kimi piketlər qanunsuz deyil: "Mən cərimələnə, yaxud bir neçə gün həbsdə qala bilərəm. Ancaq, heç olmasa, insan kimi qalaram", – o deyir.

Şarafutdinov deyir ki, ona cinayət işi açılsa, məhkəmədə özünü müdafiə edəcək.

XS
SM
MD
LG