Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:09

Oğullarını gizlətməyə çalışan belaruslu analar


Ukrayna deyir ki, Rusiya Kiyevi İran dronları ilə vurub
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00

Ukrayna deyir ki, Rusiya Kiyevi İran dronları ilə vurub

Həm Belarusun özündə, həm də xaricdə yaşayan yüzlərlə belaruslunun Ukraynanın tərəfində Rusiyaya qarşı döyüşdüyü bildirilir

Fevralda Rusiya on minlərlə əsgəri Ukrayna sərhədinə daşıdı. Həmin əsgərlərin bir hissəsinin Belarusdan olduğu deyilirdi. Alyona (ad şərtidir) onda bərk qorxmuşdu.

"O mənim üçün hava kimidir, həyatımın mənasıdır. Oğluma görə çox qorxdum. Heç bilmirəm bunu necə təsvir edim. Vəhşi qorxu hissi idi. İsteriyaya qapılmışdım, işdə ayaqyolunda hönkürürdüm”, – oğlu 2021-ci ildə Belarus ordusunda hərbi xidmətə çağırılmış Alyona danışır.

Xoşbəxtlikdən Alyonanın oğlu anası ilə əlaqə saxlayaraq təhlükəsiz yerdə olduğunu deyib. Tezliklə “zampolit” (sovet dövründən qalma hərbi vəzifə adı, “siyasi komissar”) Alyonaya deyib ki, onsuz da belarusluları heç kim heç yerə göndərməyəcəkdi.

Sonradan məlum oldu ki, Belarus rəhbəri Alyaksandr Lukaşenka Rusiyaya Ukraynaya hücum üçün öz ərazisindən istifadə icazəsi verib. Kiyevin işğalı üçün təşkil olunmuş uğursuz hücum da Belarus ərazisindən başlayıb. Ancaq Minsk qətiyyətlə bildirir ki, onun qoşunları heç bir döyüşdə birbaşa iştirak etməyib.

Lukaşenkanın ittihamı

Müharibənin başlanmasından on ay keçir, on millərlə hərbçi həlak olub, ancaq Moskva hələ də hücumu davam etdirir. Alyona və oğlu hərbi qulluqda olan minlərlə belaruslu ana övladlarının təhlükəsizliyinə görə narahatdır.

Belarus uzun zamandır ki, enerji təchizatı, iqtisadi və siyasi dəstək məsələlərində Rusiyadan asılıdır. Lukaşenkanın Moskvadan asılılığı iki il öncə prezident seçkilərinin ardınca baş qaldırmış etirazlardan sonra daha da artıb.

Ötən həftəsonu Rusiya Prezidenti Vladimir Putinlə görüşən Lukaşenka Ukrayna, Polşa və NATO-nu "bizi münaqişəyə cəlb etməyə çalışmaqda” günahlandırıb.

Ancaq onun və digər Belarus rəsmilərinin hərəkətləri cəmiyyət arasında narahatlıq yaradıb. İnsanlar Moskvanın təzyiqi altında təcili səfərbərlik elan olunacağından qorxurlar.

Qüsurlar

Kənar müşahidəçilər Rusiyanın hərbi kampaniyasının pis təşkil edildiyini, çoxlu siyasi və kəşfiyyat səhvlərinə yol verildiyini, hərbi komandanlıq və təchizatda boşluqların olduğunu deyirlər. Onlar həmçinin korrupsiya və səriştəsizliyi, habelə pis təlim görmüş ordu və muzdlu qoşunlardan asılılığı ciddi maneələr kimi göstərirlər.

Bir çox təhlilçilər Putinin ötən ay ən azı 300 min yeni əsgər toplamaq üçün qismən səfərbərlik elan etməsini Kremlin çarəsiz durumunun güclənməsinin əlaməti kimi görürlər.

İndi isə Lukaşenka heç bir dəlil göstərmədən Ukrayna və Qərb müttəfiqlərini “Belarus ərazisinə zərbələr planlaşdırmaqda” günahlandırır və bunun "sabotaj, terror hücumları və ölkədə hərbi üsyan” şəklində ola biləcəyini deyir.

Daha sonra o, Rusiya və Belarus qoşunlarından ibarət birgə “regional hərbi qrupun” yaradıldığını elan etdi.

Lukaşenkanın bəyanatının ardınca Müdafiə Nazirliyi Belarus silahlı qüvvələrində təftiş keçiriləcəyini açıqladı.

15 min rusiyalı əsgər

G7 liderləri və NATO açıq şəkildə Belarus rəsmilərini Rusiyanın Ukraynaya qarşı aqressiya müharibəsinə töhfə verməkdən çəkinməyə çağırıb.

Bir neçə gün sonra, oktyabrın 14-də Lukaşenka 15 min rusiyalı əsgərin Ukrayna sərhədində birləşmiş hərbi qrupun tərkibinə qatılmaq üçün Belarusa gələcəyini bəyan edib.

Artıq növbəti gün, oktyabrın 15-də Belarus Müdafiə Nazirliyi həmin Rusiya əsgərlərinin ilk dəstəsinin Belarusa gəldiyini bildirib. Qurum rus hərbçilərinin milli geyimdə olan qadınlar tərəfindən duz və çörəklə qarşılanmasının görüntülərini də yayıb.

Belarusun Baş qərargah rəisinin müavini Viktar Tumar bu addımın “tamamilə təhlükəsizlik xarakteri” daşıdığını deyib. O bildirib ki, məqsəd “hərbi təhlükəsizlik qüvvələrinin bərabərliyini təmin etmək və sülhü dəstəkləməkdir”.

Hərbi komissarlıqdan yayınanlar

Lukashenkanın ölkə daxilində populyar olmaması istənilən səfərbərlik cəhdini çətinləşdirə bilər.

Mariya AzadlıqRadiosunun Belarus xidmətinə oğlunun universitetdən xaric edildikdən sonra "üç ildir ki, hərbi komissardan qaçdığını” deyib.

O, qeydiyyatda olduğu ünvanda yaşamır və dəfələrlə hərbi xidmətə çağırılsa da, bu vaxta qədər hərbi komissarlığın çağırışlarını gözardı etməyi bacarıb.

Mariyanın sözlərinə görə, ötən ay Rusiyada səfərbərlik elanından sonra "bütün qadınlar öz oğulları və ərləri üçün narahat olmağa başlayıblar”.

Onların çoxu hərbi təlimlərə çağırışdan yayınmağın yollarını, o cümlədən bu işdə dada çatacaq əlillik və sağlamlıq şərtlərini diqqətlə araşdırmağa başlayıb.

Xaricdə oxumaq

Belaruslu deputatlar xaricdə oxuyan tələbələrin hərbi xidmətdən azad edilməsinin ləğvini nəzərdə tutan qanun layihəsi hazırlayıblar.

Tatyana AzadlıqRadiosuna bildirib ki, oğlu xaricə oxumağa getmək istəməsə də, əriylə birlikdə onun getməsi üçün əllərindən gələni tələm-tələsik edirlər.

Bu yaxınlarda onların oğullarına viza almaq cəhdi uğursuz olub. "Vasitəçilər var. Ancaq çox pul istəyirlər”, – o deyir.

İndi cütlük başqa yolları araşdırmaqla məşğuldur. “Çünki oğlumun burada qalmasını variant saymırıq”, – o deyir.

Siyasi intihar

Belarus müxalifətinin mühacirətdə olan lideri Svetlana Tixanovskaya Ukrayna və Belarusun talelərinin bir-birinə bağlı olduğunu deyib.

“Azad Ukrayna olmadan azad Belarus ola bilməz”, – 2020-ci il seçkilərində Lukaşenkanın əsas rəqibi olan Tixanovskaya ötən yay AzadlıqRadiosuna müsahibəsində deyib. O Lukaşenkanı Ukraynayla bağlı hərəkətlərinə görə “xain” adlandırıb.

Ötən həftə, səfərbərlik haqda şaiyələrin artması fonunda Tixanovskaya Lukaşenkanın müharibədə birbaşa iştirakının “siyasi intihar” olacağını deyib.

“Dəmiryolu partizanlığı”

Belarus cəmiyyəti Rusiyanın Ukraynada apardığı müharibəyə qarşıdır. Həm Belarusun özündə, həm də xaricdə yaşayan yüzlərlə belaruslunun Ukraynanın tərəfində Rusiyaya qarşı döyüşdüyü bildirilir.

Müharibə başlanandan bəri onlarla insan Rusiya qoşunlarının və təchizatın Ukraynaya daşınmasının qarşısını almaq üçün Belarus dəmir yollarını sıradan çıxarma kampaniyalarında iştirak ittihamı ilə saxlanıb.

“Dəmir yolu partizanlığında” ittiham olunanların bəzilərinə uzunmüddətli həbs cəzaları kəsilib.

Oğlu Belarus ordusunun tərkibində Ukrayna sərhədinə göndərilən Marqarita deyir ki, övladına ukraynalılarla döyüşmək əmri verilərsə, “qarşı tərəfə qaçıb təslim olmağı” tapşırıb.

“Sadəcə, uşaqları gizlətmək lazımdır ki, başqalarının maraqları üçün vuruşmalı olmasınlar”, – o deyir.

XS
SM
MD
LG