Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:00

İranda keçmiş prezident qızına 5 il iş kəsilib


Keçmiş prezident Əkbər Haşemi Rəfsəncaninin qızı Faizə Haşemi
Keçmiş prezident Əkbər Haşemi Rəfsəncaninin qızı Faizə Haşemi

Tehran məhkəməsi keçmiş prezident Əkbər Haşemi Rəfsəncaninin qızı Faizə Haşemini 5 il müddətinə azadlqıdan məhrum edən hökm çıxarıb.

Xəbər verilir ki, siyasi fəallığına və etirazlara divan tutan hakimiyyəti pisləyən çıxışlarına görə ona qarşı başqa ittihamlar da irəli sürülə bilər.

Xanım Rəfsəncaninin vəkili Neda Şəms Twitter-də yazıb ki, yanvarın 9-da çıxarılmış hökm hələ “yekun qərar” deyil:

"Mənim müdafiə etdiyim şəxs hələ də həbsxanadadır və ona qarşı başqa ittihamlar da irəli sürülüb”.

Vəkil Faizə Haşemi barəsində hökmün hansı ittiham əsasında çıxarıldığı və onu gözləyən başqa ittihamlar barədə məlumat verməyib.

İslam Respublikasının banilərindən birinin qızı

Keçmiş millət vəkili və qadın haqları müdafiəçisi xanım Haşemi İranda dini üsul-idarənin əsasını qoyanlardan biri olmuş Əkbər Haşemi Rəfsəncaninin qızıdır.

İranın İslam İnqilab Keçikçiləri Korpusuna (İİKK) bağlı Təsnim agentliyi sentyabrın 27-də xəbər verirdi ki, Faizə Haşemi “iğtişaşları qızışdırdığına” görə şərqi Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

O həbsindən əvvəl gənc qadın Məhsa Əmininin guya hicab qaydalarını pozmasına görə polisə aparılaraq orada vəfat etməsi barədə bəyanatlar vermişdi.

Haşemi habelə vurğulamışdı ki, hazırkı etirazlar İranda bundan əvvəl, əsasən iqtisadi səbəblərə görə baş vermiş etirazlardan fərqlidir və hazırda nümayişçilərin başlıca tələbləri daha çox azadlıq və insan haqlarıdır.

Bundan əvvəlki həbslər

İranda sentyabr ayından başlanmış etirazlar hələ də səngimək bilmir və bütün ölkəni bürüyüb.

Hakimiyyət etiraz aksiyalarına qəddar zorakılıqla reaksiya göstərir.

İnsan haqları təşkilatları indiyədək etirazlarda 500-dən çox insanın öldürüldüyünü, yüzlərlə xəsarət alanların olduğunu bildirir.

Bundan başqa etirazlarla bağlı jurnalistlər, vəkillər, fəallar və başqaları da daxil minlərlə şəxs saxlanıb.

Bunların bir çoxuna qarşı ölüm cəzası nəzərdə tutan ittihamlar irəli sürülüb.

Haşemi bundan əvvəl də hakimiyyətin ən kəskin tənqidçilərindən biri olub.

O bu məqsədlə Clubhouse adlı tətbiqdən istifadə edirdi və minlərlə dinləyicisi vardı.

O indiki mühafizəkar prezident İbrahim Rəisini hakimiyyətə gətirmiş 2020-ci il seçkisinin boykotuna çağıranlardan biri olmuşdu.

Faizə Haşemi bundan əvvəl bir neçə dəfə həbs olunub.

Onu 2009-cu ildə mübahisəli prezident seçkisinin nəticələrinə etiraz edən aksiyalara görə də saxlamışdılar.

Müxalifət həmin seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edirdi.

XS
SM
MD
LG