Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:41

Bayramov və Lavrov Laçın dəhlizindən danışıblar


Azərbaycan ın və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov (solda) və Sergey Lavrov
Azərbaycan ın və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov (solda) və Sergey Lavrov

Yanvarın 17-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən “Laçın yolu ətrafında cari vəziyyət” müzakirə mövzusu olub.

XİN-in bildirməsinə görə, “Ceyhun Bayramov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, təbii sərvətlərin istismarı və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb.”

Açıqlamaya görə, Bayramov qeyd edib ki, “Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddialar əsassızdır”.

Onun sözlərinə görə, “Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsi Ermənistan tərəfinin iddialarını təkzib edir”.

Məlumata görə, telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xankəndində bankomatların qarşısında növbələr yaranıb
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Laçın dəhlizində…

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirdirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Rəsmi Bakı Qarabağdakı separatçı rejimi və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edib.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.Qarabağ tanınmayan qurumun “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan də AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna söyləyib ki, ‘bu ekoloji yox, siyasi məsələdir’

Ötən ilin sonu,dekabrın 25-də də Azərbaycanın Xankəndi şəhərində erməni sakinlər mitinq keçirərək Laçın yolunun açılmasını tələb etmişdilər.

Qarabağdakı separatçı rejimin daxilində fikir ayrılığı müşahidə olunur
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə ( Şuşa şəhəri daxil) və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG