Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23

Navalnı kələm araşdırmasından sonra yenidən ‘kars’a salınıb


Navalnı, arxiv fotosu
Navalnı, arxiv fotosu

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnı 15 günlük cərimə kamerası cəzasını bitirəndən üç gün sonra yenidən “çox ağır şəraitli” izolyatora salındığını deyir.

Navalnı aprelin 11-də yenidən 15 günlük “karser” cəzasına məhkum olunduğunu bildirib. Bundan bir gün öncə isə onun tərəfdarları Rusiya penitensiar xidmətinin kələm satınalması üzrə araşdırma yayıb. Araşdırmada deyilir ki, korrupsioner həbsxana rəsmiləri kələmi şişirdilmiş qiymətə alır, pulu mənimsəyirlər.

“Yayda kələmin kilosunun topdansatış qiyməti 6 rubl idi. Federal Penitensiar Xidmət isə onu təsəvvür edilməz miqdarda, kilosu 27.50 rubla alıb”, – Navalnı Twitter-də yazıb. O, kələmin ölkədəki 400 min məhkumun əsas qida rasionu olduğunu qeyd edib.


“Hər kəs buradan payını alır: Federal Penitensiar Xidmətin, bu anormal qiymətləri gözrdı edən başçısı Qostevdən tutmuş, koloniyaların rəhbərliyinə qədər”, – o yazıb. Rusiya Prezidenti Vladimir Putin Arkadi Qostevi 2021-ci ilin noyabrında Federal Penitensiar Xidmətin başçısı təyin edib.

Kələmdən pul oğurlayan sistem

“Putinin bütün sistemi yalnız kələmdən pul oğurlamaq üçün mövcuddur. Sistem bütün səviyyələrdə oğurlayacaq, çünki bütün məsələ bundadır”, – deyə Navalnı digər hökumət idarələrində satınalmalarda da eyni təcrübənin olduğunu vurğulayıb.

46-yaşlı Navalnı hazırda şərti cəzanın şərtlərini pozmaq ittihamıyla 2 il yarım həbs cəzası çəkir. O 2020-ci ildə Sibirdə komaya düşəndən sonra Almaniyaya müalicəyə aparılıb. Navalnı Rusiya təhlükəsizlik agentləri tərəfindən, Putinin tapşırığıyla zəhərləndiyini iddia edir.

Onun çəkdiyi cəza siyasi motivli hesab olunur.

2021-ci ilin yanvarında Rusiyaya qayıdan Navalnı martda həqarət və dələduzluqla mənimsəmə itihamıyla 9 illik həbsə məhkum edilib. Özü və tərəfdarları ittihamı siyasi motivli adlandırır.

15 günə 8 kilo arıqladığını deyir

Ötən ay Navalnı haqqında sənədli film Oskar mükafatına layiq görülüb. Tərəfdarları onun son altı ayda həbs cəzasının 100 günündən çoxunu cərimə kamerasında keçirdiyini deyirlər.

Müxalifətçi özü Twitter-də yazıb ki, son 15 günlük karser cəzası dövründə 8 kilo arıqlayıb. Tərəfdarları da onun səhhətinin pisləşdiyini deyirlər.

Aprelin 7-də qarın ağrısından vəziyyəti ağırlaşan Navalnı üçün koloniyaya ambulans çağırılıb. Məlumatı onun vəkillərindən Vadim Kobzev verib.

“Reuters” Rusiya Daxili İşlər Nazirliyindən açıqlama ala bilmədiyini yazır.

XS
SM
MD
LG