Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:01

Sülhməramlılar müharibə veteranı hesab oluna bilərmi?


İraqdakı azərbaycanlı sülhməramlıların sayı 150, Əfqanıstandakıların sayı 31 nəfərdir
İraqdakı azərbaycanlı sülhməramlıların sayı 150, Əfqanıstandakıların sayı 31 nəfərdir

Rövşən Məmmədov sülhməramlı kimi İraqda qulluq edib. Bağdadın yarısını, ölkənin isə 30 faizini işıqla təmin edən «Əl-Hadit-Ha» şəhərindəki Su Elektrik Stansiyasını (SES) mühafizə edənlərdən biri olub. Rövşən deyir ki, min bir təhlükə ilə üzləşdiyi İraqda Azərbaycanı təmsil etməkdən qürur duyub. Amma, istədiyi budur ki, ölkəsi də onu qiymətləndirsin, bütün müharibə iştirakçıları kimi sülhməramlılara da müharibə veteranı adı və imtiyazları verilsin: «Döyüş bölgəsində, təhlükəli ərazidə xidmət edən əsgərə müharibə veteranı adını vermək düzgün olardı. Biz heç də Azərbaycanda xidmət edən əsgərlərimizdən şücaət baxımından geri qalmırıq. Belə düşünürəm ki, bizə bu status və imtiyaz verilsə, hər halda ədalətli olardı».


1999-cu ildən Azərbaycan sülhməramlıları Beynəlxalq Sülhməramlı Qüvvələrin tərkibində Kosovada, Əfqanıstanda və İraqda qulluq edirlər. İldə iki dəfə əsgərlər yeniləriylə əvəz olunurlar. Müdafiə Nazirliyinin məlumatına görə, İraqdakı azərbaycanlı sülhməramlıların sayı 150, Əfqanıstandakıların sayı 31 nəfərdir.


Rusiyada, Ukrayna və Belorusda sülhməramlılar müharibə veteranı kimi tanınırlar. Gürcüstan Veteranlar Departamentinin rəhbəri Nukrit Saqaraşvili də öz ölkəsində eyni təşəbbüslə çıxış edib: «Əgər Sovet İttifaqı vaxtı Əfqanıstanda döyüşənlər hətta müharibə veteranı statusu alırdılarsa və müstəqil Gürcüstanda da, bu status qalırsa, koalisiya qüvvələrində xidmət edənlər niyə həmin kateqoriyaya daxil olmasınlar? Əgər başqa dövlətlər bu adı verirsə biz niyə imtina etməliyik?»


Azərbaycanda isə Müdafiə Nazirliyi təklifə münasibət bildirmək istəmir. Mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov deyir ki, bu onların səlahiyyətində olan məsələ deyil və bu üzdən şərh verə bilməz.


Parlamentin Təhlükəsizlik və Müdafiə məsələləri komissiyasının üzvü Bəxtiyar Sadıqova görə isə, Azərbaycan hərbçilərinin qaynar nöqtələrdə sülhü qoruması alqışlansa, veteran statusu istəmələri doğru deyil:

«Müharibə veteranlarına ödənişlər bu ildən 15 manatdır. Hərbçinin borcu tapşırığı yerinə yetirməkdir. Ancaq, özlərinə veteran adı istəmələri düz deyil»
«Müharibə veteranlarına ödənişlər bu ildən 15 manatdır. Hərbçinin borcu tapşırığı yerinə yetirməkdir. Ancaq, özlərinə veteran adı istəmələri düz deyil».


Azərbaycanlı sülhməramlı Rövşən Məmmədov isə deyilənlərlə razılaşmır. Deyir ki, onların xidmət etdiyi Ələmdar vilayətində qiyamçılar çox faəldırlar, üstəlik onlar elektrik stansiyası ilə yanaşı ABŞ hərbi bazasını da mühafizə ediblər ki, bunu da nə demək olduğunu izah etməyə ehtiyac duymur: «Başqa ölkələr sülhməramlıları təltif etdiyi halda, Azərbaycanda bunu görmədim. Təəssüf…»

Deputat Bəxtiyar Sadıqovun qənaətincə, Azərbaycanın ərazi bütövlüyünü qorumaqla xarici dövlətdə hərbi borcu yerinə yetirməyi eyniləşdirmək olmaz və buna görə imtiyaz tələb etmək düz deyil. Amma, bunu da xatırlatmaq yerinə düşərdi ki, sovet qoşunlarının tərkibində Əfqanıstanda döyüşən azərbaycanlılar hazırda veteran statusu daşıyırlar. Millət vəkili Aydın Mirzəzadənin qənaətincə, Əfqanıstanda vuruşanlar döyüş əməliyyatlarında iştirak ediblər, sülhməramlılar isə müharibənin bitdiyi bölgədə sülhün keşiyini çəkirlər. Buna baxmayaraq, Aydın Mirzədadə bu təklifi birmənalı şəkildə rədd etmir, deyir ki, başqa dövlətlərin təcrübəsini öyrənmək lazımdır.


Amma, Azərbaycanda təkcə millət vəkilləri yox, cəbhə bölgəsində xidmət edən döyüşçülər də bu təklifi birmənalı qarşılamırlar. Naxçıvandakı hərbi hissələrdən birinin briqada komandirinin müavini, vaxtilə sülhməramlı hərbçilərlə işləmiş Rasim Muradov deyir ki, düzdür, sülhməramlılar təhlükə ilə az üzləşməyiblər. Bu baxımdan onlara imtiyazın verilməsi də pis olmazdı. Amma, bir məqam da var. Hazırda Azərbaycanın Ermənistan silahlı qüvvələri ilə təmas xətlərində xidmət edən əsgərlərinin üzləşdiyi təhlükə heç də bundan az deyil. Çünki, bu gün həmin hərbçilər də ölümlə üz-üzədirlər. Onlar da əsir götürülə, minaya düşə, atəşkəs pozularsa yaralana və ya ölə bilərlər: «Halbuki bu cür riskə gedənlər müharibə veteranı sayılmırlar. Cəbhə bölgəsində qulluq edənlərin işi daha ağırdır. Xarici kontingent tərkibində qulluq bu gün sərhəd bölgəsində qulluq edənlərin əziyyətindən qat-qat yüngüldür. Xarici dövlətdə qulluq etmək məsuliyyətlidir. Amma, çətinliyə qalanda Azərbaycanın ərazi bütövlüyün qorumaq daha çətindir».


Sabiq hərbçi Üzeyir Cəfərov bu yanaşmanı bölüşmür. O, hesab edir ki, döyüş tapşırığı yerinə yetirmiş sülhməramlılara mütləq müharibə veteranı adı verilməlidir. Cənab Cəfərov ona diqqət çəkir ki, atəşkəs dövründə xidmət edən hərbçiylə müharibə ərazisində olan hərbçi arasında fərqi görmək lazımdır. Onun sözlərinə görə, bu gün Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunub, ordu müdafiə mövqeyindədir. Sülhməramlı isə İraqda, Əfqanıstanda hər an terror qurbanı ola bilər. Elə bu fakt əsas verir ki, sülhməramlılara müharibə veteranı statusu verilsin.


Göründüyü kimi xarici ölkələrdə sülhməramlı əməliyyatlarda iştirak edənlərə müharibə veteranı statusunun verilib-verilməməsi məsələsində hətta hərbçilərin də fikirləri haçalanır. Hələlik, bu məsələ fəal müzakirə edilməsə də sülhməramlı əməliyyatlarda iştirak etmiş vətəndaşların sayı artdıqca, bu problemin də gündəmə gələcəyi istisna deyil.


XS
SM
MD
LG