Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23

Ukrayna və Moldova Avropa İttifaqı üzvlüyünə namizəd oldular


Brüsseldə Ukraynanın Aİ üzvlüyü namizədliyinə dəstək aksiyası
Brüsseldə Ukraynanın Aİ üzvlüyü namizədliyinə dəstək aksiyası

Ukrayna prezidenti Volodimir Zelenski sammitin qərarını alqışlayıb və onu “Ukrayna-Aİ münasibətlərində unikal an” adlandırıb

Avropa İttifaqının sammitində Ukrayna və Moldovaya ittifaq üzvlüyünə namizəd statusu verilib.

Bu barədə məlumatı Lüksemburqun baş naziri Ksavye Bettel və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel veriblər.

Ukrayna prezidenti Volodimir Zelenski sammitin qərarını alqışlayıb və onu “Ukrayna-Aİ münasibətlərində unikal an” adlandırıb.

Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çentsov Reuters agentliyinə deyib ki, bu, ilk növbədə Moskvaya verilən mesajdır:

"Bu Mioskvaya siqnaldır ki, Ukrayna, habelə keçmiş Sovet İttifaqının başqa keçmiş respublikaları Rusiyanın nüfuz dairəsində qala bilməz”.

Şarl Mişel iyunun 23-də bunu da deyib ki, Avropa İttifaqı Gürcüstanın “Avropa perspektivini” tanıyıb və Tbilisi bir sıra şərtləri yerinə yetirikdən sonra Gürcüstana da namizəd statusu veriləcək.

Avropa Parlamentində Ukrayna və Moldovaya namizəd statusunun verilməsinə dair qətnamə 529 səs leyhinə, 45 səs əleyhinə olmaqla qəbul edilib.

Beləliklə, Ukrayna və Moldovaya Avropa İttifaqı üzvlüyünə tamhüquqlu namizəd statusu verilib.

Belə bir statusa Türkiyə və Qərbi Balkanların bir sıra ölkələri malikdir.

Lakin Kiyev və Kişinyovla ittifaq arasında danışıqlar bu iki ölkə korrupsiya ilə mübarizə və qanunun aliliyi sahəsində bir sıra addımları atandan sonra başlanacaq.

Aİ sammitindən başqa gözləntilər. Tunelin sonunda işıq

İyunun 23-24-də Avropa İttifaqının Brüssel sammitində Ukrayna və Moldovaya namizəd statusunun verilməsi gündəlikdə duran əsas məsələdir.

Aİ-nin 27 üzvü bu addımı dəstəkləməlidir və sammitdə bu qərara heç bir müqavimət gözlənilmir. Gürcüstana isə bildiriləcək ki, müəyyən şərtlər yerinə yetiriləndən sonra ona da namizəd status verilə bilər.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan sonra Kiyev Aİ-yə üzvlük üçün rəsmi müraciət edib. Bundan sonra Moldova və Gürcüstan da oxşar addım atıblar.

Avropa Komissiyası ötən həftə Ukrayna və Moldovaya namizəd statusunun verilməsini tövsiyə etdi. AzadAvropa/AzadlıqRadiosunun müxbiri Rokard Jozviak yazır ki, Ukrayna və Moldovanın iyunun 23-də axşam namizəd statusu alacağı gözlənir, amma üzvlük yolunda daha da irəliləməkdən ötrü bəzi şərtlər yerinə yetirilməlidir.

Kiminə məyusluq...

Ancaq Aİ-yə üzv olmaq istəyən Qərbi Balkan ölkələri sammitdən məyus olacaqlar. Albaniya, Bosniya-Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiya liderləri Brüssel sammitinə qatılacaqlar. Şimali Makedoniya, Monteneqro, Albaniya, Serbiya və Türkiyə Aİ-yə rəsmi namizədlərdir. Bosniya-Herseqovina və Kosovo isə potensial namizəd ölkələrdir.

Albaniyanın Baş naziri Edi Rama tvitində sual edib ki, görüşün nəticəsi ‘üzr istəyirik, xeyr’ olacaqsa, sammitə getməyə dəyərmi. Ancaq sonra o, Brüsselə gedəcəyini təsdiqləyib.

Şimali Makedoniya və Bolqarıstanın sammit öncəsi, yaxud onun gedişatında ziddiyyətləri aradan qaldıracağına, Aİ-yə üzvlük danışıqlarına yaşıl işıq yandırılacağına şansı var. Amma Bosniya-Herseqovina namizəd statusu almayacaq, çünki Aİ üzvlərinin əksəriyyəti onun son illər yetərincə islahat aparmadığını düşünür.

Sammitin böyük bir hissəsi Rusiyanın Ukraynaya qarşı müharibəsinə həsr olunacaq. Ancaq həm Brüsseldə, həm də kənarda blokun yeni ideyalarının tükənməsi haqda fikirlər var. Kiyevə hərbi dəstəyi daha da artırmaq, Ukraynaya 9 milyard avroluq (9.5 milyard dollar) maliyyə yardımı ayrılmasına çağırış olunacaq.

Aİ köməyə gəlməyəcək

Rikard Jozviak yazır ki, Ukrayna, Moldova və Gürcüstan üçlüyü kağız üzərindəki statusdan asılı olmayaraq Kremlin təhdidləri ilə üzləşməli olacaqlar. Ukraynada bu, ölüm-dirim məsələsinə çevrilib, həm ölkənin özü, həm də vətəndaşları üçün.

Gürcüstan və Moldovanın da eyni aqibətlə üzləşməyəcəyinə zəmanət yoxdur.

“Ancaq tam aydın olan odur ki, hətta təptəzə namizəd statusları olsa belə, Moskva daha da müdaxilə etmək qərarı verərsə, Aİ onların xilas etməyə qaçmayacaq. Bəli, maliyyə və hərbi yardım ayrılacaq, Rusiyaya sanksiyalar tətbiq ediləcək, ancaq Aİ vətəndaşları bu üçlüyün Aİ arzusu uğrunda ölməyəcəklər. Faktiki olaraq, Aİ vətəndaşları tezliklə artan inflyasiyadan, ərzaq və enerjinin bahalanmasından təngə qala bilərlər. Moskva da rəhmsizcəsinə elə buna bel bağlayır. Onlar haqlı çıxa bilərlər, hələ qabaqda qış gəlir”, – məqalədə deyilir.

Digər tərəfdən, üçlüyün bloka qoşulması illər, hətta onillər çəkə bilər. Bu üç ölkə Qərbi Balkan ölkələrindən daha yoxsuldur. Hamısı korrupsiya, ədliyyədə nöqsanlar, dondurulmuş münaqişələrlə mübarizə aparır.

Heç Aİ özü də genişlənməyə o qədər də meylli deyil. 2013-cü ildə Xorvatiyadan sonra yeni üzvlər qəbul etməməsinin əsas səbəblərindən biri də budur.

Qərbi Avropa

Daha zəngin Qərbi Avropada çoxları Aİ inteqrasiyasını dərinləşdirmək, öz vətəndaşlarına daha çox pul xərcləməyə üstünlük verir, nəinki yeni üzvlər qəbul etməyə.

Ancaq müəllif Ukrayna, Moldova və Gürcüstanla bağlı qərarların Aİ-nin özü üçün də vacib olduğunu yazır.

“Brüsseldə ən vacib xarici siyasət aləti tunelin sonunda işığı təmin etmək idi. Bir gün Aİ-də bizə qoşulmaq perspektivi Ukrayna, Gürcüstan və Moldovada (niyə də Türkiyə və Rusiyada yox!?) gələcəyə baxan avropalılara yetərli stimul idi ki, gərəkən islahatlar aparsınlar, ən böyük sülh layihəsinin tərkib hissəsinə çevrilsinlər”, – yazan müəllif qeyd edir ki, Brüssel nəhayət ki oyanıb, özünün əziz tutduğu ideallar uğrunda adamların savaşaraq öldüyünü görüb.

“Çatışmazlıqlara baxmayaraq, bu yenə də daha çox avropalının qoşulmaq istədiyi birlikdir. Onlar üçün tunelin sonunda işıq yandırılıb. Hətta qartlamış skeptik belə onu söndürə bilməz”, – məqalədə vurğulanır.

XS
SM
MD
LG