Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:43

Albaniya İranla diplomatik əlaqələri kəsir


Albaniyadakı İran səfirliyi
Albaniyadakı İran səfirliyi

Tehranın “Albaniya Respublikası hökumətinin rəqəmsal infrastrukturuna qarşı ciddi kiberhücum hərəkətini” dəstəkləməsinə “təkzibolunmaz” dəlil var

İranın Xarici İşlər Nazirliyi (XİN) Tehranın Albaniyada hökumət vebsaytlarına kiberhücumun arxasında durmasını təkzib edib.

“Bu, əsassız iftiralara əsaslanan, düşünülməmiş və tələsik qərar idi”, – XİN bəyanatında bildirib.

Nazirlik İranın özünün kritik infrastrukturunun kiberhücumlara məruz qaldığını qeyd edib.

Britaniyanın açıqlamasına görə, Milli Kibertəhlükəsizlik Mərkəzi Albaniya hökumətinə kiberhücuma görə İranın dövlətə bağlı oyunçularının “məsuliyyət” daşıdığını müəyyənləşdirib.

***

Albaniya İran rəsmilərini ölkədən çıxararaq Tehranla diplomatik əlaqələri kəsib. Buna iyulda baş vermiş kiberhücumun İranın “dövlət təcavüzü” olması qənaətinə gələn araşdırma səbəb olub.

Albaniyanın NATO müttəfiqi ABŞ bu addıma dərhal dəstək bildirib. Vaşinqton həmçinin Tehrana qarşı digər cəza tədbirləri ilə hədələyib.

“Təkzibolunmaz” dəlil

Baş nazir Edi Rama sentyabrın 7-də İranın bütün diplomatlarının və səfirlik heyətinin qovulduğunu elan edərək onlara ölkəni tərk etməyə 24 saat vaxt verib.

Ramanın rəsmi vebsaytında bildirilir ki, Tehranın “Albaniya Respublikası hökumətinin rəqəmsal infrastrukturuna qarşı ciddi kiberhücum hərəkətini” dəstəkləməsinə “təkzibolunmaz” dəlil var.

Rama vebsaytında videobəyanatda bildirir ki, hökumət İran İslam Respublikası ilə diplomatik əlaqələri dərhal dayandırmaq qərarına gəlib.

Onun sözlərinə görə, Tirana İran səfirliyinə diplomatik notasında Tehranı bilgiləndirib.

Məcburi tədbir

Təhqiqat nəticəsində ələ olunanların NATO-nun digər üzvləri ilə paylaşıldığı da qeyd olunur.

Rama “aşırı tədbirin” “ heç də arzulanan olmadığını, ancaq buna məcbur olduqlarını” vurğulayıb.

İran hələlik, ittihamlara, diplomatların qovulmasına reaksiya verməyib.

Ağ ev İranın iddia olunan hərəkətlərini pisləyib, NATO müttəfiqinə “görünməmiş” kiberhücuma görə “əlavə tədbir görüləcəyi” haqda xəbərdarlıq səsləndirib.

Birləşmiş Ştatlar hazırda İranla 2015-ci il nüvə sazişinin dirçəldilməsi üzrə dolayısı ilə danışıqlar aparır. Məqsəd İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində sanksiyaları yüngülləşdirməkdir. Vaşinqton 2018-ci ildə sazişdən çıxaraq Tehrana ağır sanksiyaları bərpa edib.

Münasibətlər 2013-cü ildə pisləşib

Tiranayla Tehranın münasibətləri 2013-cü ildə dramatik pisləşib. O zaman Albaniya hökuməti ABŞ-ın xahişiylə İran Xalq Mücahidləri qrupunun 3 minədək üzvünü qəbul etməyə razılaşıb. İran həmin qrupu terrorçu sayır.

Bu yaxınlarda Federal Təhqiqatlar Bürosunun (FTB) kiberekspertlərindən ibarət komanda qonşu Monteneqroya göndərilib. NATO üzvü olan bu Balkan ölkəsi hökumət və xidmətlərinə kütləvi və koordinasiyalı kiberhücum olduğunu demişdi.

Monteneqronun Milli Təhlükəsizlik Agentliyindəki (ANB) mənbə əvvəlcə Rusiya təhlükəsizlik xidmətlərindən şübhələndiklərini bildirsə də, sonradan hücuma görə Kubadan bir qrup məsuliyyəti götürüb.

XS
SM
MD
LG