Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 17:55

Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı


Anar Məmmədovun Londondakı fast-fud biznesi: milyonluq əmlakları
Gözlə

No media source currently available

0:00 0:07:55 0:00

Anar Məmmədovun Londondakı fast-fud biznesi: milyonluq əmlakları

Azərbaycanlı zəngin biznesmen Anar Məmmədov Bakıda bir göydələnin illər sürən tikintisində Donald Trampın iş ortağı kimi tanınıb. ABŞ rəsmiləri arasında lobbiçiliyə milyonlarla dollar xərcləməsinin və bir ABŞ diplomatının sızan diplomatik yazışmada təsvir etdiyi kimi, "korrupsiyada ad çıxarmış" atasının tabeliyindəki nazirliyin gəlirli dövlət kontraktlarından qazanc götürməsinin də onun tanınmasında az rolu olmayıb.

A.Məmmədovun "Trump Tower" layihəsi uğur gətirməyib, Vaşinqtondakı lobbi imkanları da tükənib. Di gəl, Məmmədov öz nəhəng sərvətinə bir başqa bazar tapıb - Britaniya fastfud toyuq bazarını.

AzadlıqRadiosunun araşdırması Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə 43 yaşlı Məmmədovun milyonlarla dollar xərclədiyini üzə çıxarıb. ("françayzinq" deyərkən, tanınmış brend adı ilə öz biznesini açmaq hüququ qazanmaq, bəlli ödənişlə nizamlı biznes texnologiyasından və tərəfdaş dəstəyindən yararlanmaq nəzərdə tutulur – red.). Bu işdə iştirakını isə bəzən özünün qəliz ofşor maliyyə strukturları ilə pərdələməyə çalışıb.

KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznes və daşınmaz əmlak portfoliosunun - əmlak çantasının bir hissəsidir. "Transparency International UK" təşkilatının Britaniya torpaq reyestrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir.

Bu daşınmaz əmlakın çox hissəsi onun atasının neftlə zəngin Azərbaycanda nəqliyyat naziri olduğu vaxtda əldə edilib. Ata Məmmədovu 2017-ci ildə avtoritar prezident İlham Əliyev vəzifəsindən azad edib. Əliyevin özünün yaxınları Britaniyada daşınmaz əmlaka yüz milyonlarla dollar yatırıblar.

Məmmədov ailəsinin sərvəti məsələsini daha öncə ABŞ və Britaniya rəsmiləri qaldırıb. Britaniya qurumları son illərdə ölkəyə xaricdən, o cümlədən Azərbaycandan axan qanunsuz sərvəti araşdırmağa başlayıb. Azərbaycan davamlı olaraq "Transparency International"ın korrupsiya indeksində sonuncu yerlərdən birini tutur.

Anar Məmmədov Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə birlikdə. 2012
Anar Məmmədov Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə birlikdə. 2012

Azərbaycan mediasında Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə 2022-ci ilin sonlarında ilk dəfə məlumat yayılanda onun atası, keçmiş nəqliyyat naziri Ziya Məmmədov oğlunun Britaniyada bir dənə də restoranının olmadığını söyləmişdi.

"O xəbəri kim yazıbsa, gedib o restoranı tapsın. Onda mən o restoranı həmin adama verəcəyəm. 30 il olar, cəfəngiyat yazırlar… Anarın Britaniyada restoranı yoxdur", - Azərbaycanın "Manşet" adlı hökumətyönlü xəbər saytı Z.Məmmədova istinadən belə yazmışdı.

Ancaq AzadlıqRadiosunun Azərbaycan xidmətinin araşdırması A.Məmmədovun hazırda İngiltərənin şimal-qərbində azı 20 restoranının olduğunu üzə çıxarıb. O, anonim ofşor şirkətindən yararlanaraq, azı, 10 il öncədən həmin sərmayəsini yatırmağa başlayıb.

Oğul Məmmədovun siyasi bağlantıları və sərvətinin mənbəyi daha öncə Qərbdə millət vəkilləri və dövlət qurumları arasında şübhə doğurub.

Azərbaycanın 62 yaşlı prezidenti İ.Əliyev 2003-cü ildə hakimiyyəti atasından təhvil alandan bəri neft və qazla zəngin sülalə dövləti üzərində nəzarətini gücləndirib. Onun hakimiyyəti dövründə qohumları həm də hava nəqliyyatı, tikinti və təbii sərvətlər kimi əsas sahələrdə gəlirli dövlət kontraktları hesabına nəhəng sərvət toplayıblar.

Əliyev hökumətinə bağlı digər yüksəkvəzifəli azərbaycanlılar da onun hakimiyyəti altında nəhəng sərvətə sahibləniblər. ABŞ Dövlət Departamentinin ölkənin investisiya mühitinə dair ötənilki hesabatında deyilir ki, "holdinq şirkətlərinin hökumətə bağlı kiçik bir qrupu iqtisadiyyatda dominantlıq edir".

Əliyev və onun yaxın ətrafına aid, siyasi bağları olan adamlar dəfələrlə sərvətlərinin qohumbazlıq və dostbazlıqla bağlı olmasına dair ittihamları rədd ediblər.

Azərbaycanın Britaniyada hədəfə alınan sərvəti

Martda Britaniya Ali Məhkəməsinin hakimi azərbaycanlı deputat Cavanşir Feyziyevin Londonda 50 milyon dollarlıq daşınmaz əmlak almaq üçün cinayətlə qazanılmış puldan istifadəsinə dair Milli Cinayət Agentliyinin (NCA) "tutarlı" arqumentinin olması barədə qərar çıxarıb və həmin əmlakın (söhbət çox sayda mülkdən gedir) dondurulması barədə qərarı qüvvədə saxlayıb. Feyziyev hər hansı yanlış əməl törətdiyini inkar edir.

Həbsdə olan azərbaycanlı keçmiş bankirin həyat yoldaşı da NCA-in ondan Britaniyada satın aldığı milyonlarla dollarlıq daşınmaz əmlak və zinət əşyalarını müsadirə etməsinin qarşısını almaq üçün çəkişir. O da heç bir yanlış davranışa yol vermədiyini iddia edir.

NCA daha öncə prezident Əliyevin əmisi qızı İzzətxanım Cavadova və ərinin qeyri-şəffaf mənbələrdən 20 milyon dollara yaxın vəsait almasını da araşdırıb. Bu qeyri-şəffaf mənbələr arasında "Azərbaycan Laundromatı" (Azərbaycanın pulyuyan maşını) kimi tanınan geniş qanunsuz pul nəqli sistemi də var. Cütlük 2021-ci ildə 5.5 milyon dollardan imtina etmək müqabilində Britaniya dövlət qurumları ilə razılaşıb.

Ziya, yaxud Anar Məmmədovun nə zamansa korrupsiya ilə bağlı rəsmi ittihamla üzləşməsinə dair hər hansı açıq dəlil yoxdur.

2017-ci ildə Britaniya parlamentində "Pulyuma və vergidən yayınma (Azərbaycan)" başlıqlı debatda bir britaniyalı millət vəkili A.Məmmədovun Londonun dəbdəbəli Bişops-avenyu küçəsində 4 milyon dollarlıq ev alarkən, cəmi 20 yaşında olduğunu qeyd edib. Hələ də ona məxsus olan bu evin bir daşınmaz əmlak saytında göstərilən qiyməti təxminən 15 milyon dollardır.

AzadlıqRadiosunun təhlil etdiyi sənədlərdə bildirilir ki, Birləşmiş Krallığa məxsus Normand adalarından birinin (Gernsi) maliyyə qurumu korporativ xidmətlər göstərən bir şirkəti Məmmədovu atasının vəzifəsinə görə "siyasi önəmli şəxs" kimi göstərmədiyi üçün cərimələyib.

A.Məmmədov İngiltərənin Liverpul, Uiqan, Bolton və Preston kimi şəhərlərindəki daşınmaz əmlak portfoliosu, yaxud KFC restoranları ilə bağlı açıqlama xahişlərinə cavab verməyib. KFC və onun ABŞ-dakı "Yum! Brands" ana şirkətinə sorğular araşdırma dərc olunanadək cavabsız qalıb.

Telefonla əlaqə saxlanılan Z.Məmmədovsa Azərbaycanın nəqliyyat naziri olduğu dövrdə ona qarşı irəli sürülən ittihamlarla bağlı şərh verməkdən boyun qaçırıb. "Qoy kim nə istəyir, danışsın. Allah hər şeyi görür", - ata Məmmədov AzadlıqRadiosuna belə deyib.

Z.Məmmədov oğlunun Britaniyadakı KFC biznesinə dair daha öncəki müsahibəsi haqda suala cavab olaraq "Çox sağ olun, salamat qalın. Sağ olun!" deyərək dəstəyi asıb.

"Trump Hotel"dən toyuq qızartmasına

A.Məmmədov ilk dəfə 2013-cü ildə Britaniyada fastfud toyuq sektoruna sərmayə yatırmağa başlayıb. O, həmin vaxt indi KFC restoranlar şəbəkəsinin operatorlarından biri - "1st Rate Investment (UK) Limited" şirkətini satın almışdı.

Satınalmadan dərhal sonrakı illərdə təqdim olunan maliyyə hesabatlarında ana şirkətin Britaniya Vircin adalarında yerləşən ofşor şirkət, yekun benefisiar sahibininsə "naməlum" olduğu qeyd edilir. 2016-cı ilin noyabrında – Məmmədovun şirkəti satın almasından üç il sonra – "1st Rate Investment" öz benefisiarını "A Məmmədov" şəklində göstərib.

İlkin sərmayə yatırılan zaman Məmmədov və ailəsi qismən hökumətin gəlirli dövlət kontraktları şəklində səxavəti sayəsində artıq böyük sərvət toplaya bilmişdi. Bura Z.Məmmədovun 2002-ci ildən bəri rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin kontraktları da daxildir.

O zaman A.Məmmədov Vaşinqtonda yerləşən "Azərbaycan Amerika Alyansı" adlı təşkilata da rəhbərlik edirdi. Əliyev hökumətinin siyasi xəttinə sadiq olan bu təşkilat ABŞ rəsmiləri arasında lobbi fəaliyyətinə 12 milyon dollardan çox pul xərcləyib.

Təşkilat 2012-ci ildə keçirdiyi və Nümayəndələr Palatasının ozamankı spikeri Con Beyner və daha 15 Konqres üzvünün qatıldığı qala ziyafətinə 430 min dollar xərcləyib. Bu bilgi ABŞ Xarici Agentlərin Qeydiyyatı Aktına əsasən təqdim edilən 2013-cü il maliyyə hesabatından götürülüb.

Ancaq Məmmədovun ən üzdə olan layihəsi Trampın şirkəti – "The Trump Organization" ilə otel tikintisi ilə bağlı tərəfdaşlıq idi. Şirkət özünün 2014-cü ildə yayımladığı press-relizində bu layihənin Bakıda "şəhərə və Xəzər dənizinə açılan möhtəşəm mənzərələri" olan 33 mərtəbəli lüks otel və kondominium qülləsi olduğunu vurğulamışdı. Tramp 2016-cı ildə ABŞ prezidenti seçiləndən sonra bu tərəfdaşlıq ABŞ millət vəkilləri arasında narahatlıq doğurdu. Bu narahatlıq ata Məmmədova qarşı korrupsiya ittihamlarından qaynaqlanırdı.

Bakıdakı ABŞ səfirliyinin sonradan "WikiLeaks" tərəfindən sızdırılan 2009-cu il yazışmasında bir ABŞ diplomatı Z.Məmmədovu "korrupsionerlikdə hətta Azərbaycan üçün belə çox məşhur" adlandırır.

Siyasi bağlantılı pul

AzadlıqRadiosunun daha öncəki araşdırmaları Anar Məmmədov və qohumlarının biznes maraqlarının atasının nəzarətində olan Nəqliyyat Nazirliyi ilə sıx bağlı olduğunu üzə çıxarıb.

Məmmədov və əmisi, keçmiş nazirin qardaşı "Bağlan Qrup"un aid olduğu ailənin üzvləri ilə biznes tərəfdaşı idilər. "Bağlan Qrup" Nəqliyyat Nazirliyinin bir sıra böyük təşəbbüslərinin podratçısı idi. Bu təşəbbüslərə min "London taksisi"nin Bakıya gətirilməsi, beynəlxalq avtobus vağzalının və magistral yolların tikintisi də daxildir. AzadlıqRadiosunun 2013-cü ilə aid araşdırması şirkətin toplam məbləği 1.3 milyard dollar olan bir neçə hökumət kontraktına sahib olduğunu üzə çıxarıb.

A.Məmmədovun rəhbərlik etdiyi "ZQAN Holding"ə də Nəqliyyat Nazirliyinin kontraktları verilib. Məmmədov daha öncə "Bank of Azerbaijan"ın səhmlərinin 81 faizinin sahibi göstərilmişdi. Bundan sonra o öz payını "Bağlan Qrup"un arxasındakı ailə arasında paylaşdırmışdı. O zaman Məmmədov açıqlama müraciətini cavabsız qoymuşdu.

Tezliklə Məmmədovun istər Trampla tikinti layihəsi, istərsə lobbiçilik səyləri uğursuzluğa düçar olmağa başlayıb.

2016-cı ilin dekabrında - Trampın ABŞ prezidenti seçilməsindən bir ay sonra "The Trump Organization" otel layihəsi ilə lisenziya müqaviləsini ləğv edib. 2018-ci ildə yanğında zərər görən bina 2022-ci ilin dekabrında "Ritz-Carlton" brendi ilə açılıb.

Məmmədovun Vaşinqtondakı təşkilatına sədrlik edən keçmiş ABŞ konqresmeni isə eyni ildə pulunun ödənmədiyini əsas gətirərək bu vəzifəni tərk edib. Vaşinqtonda yerləşən "Open Secrets" şəffaflıq qrupunun məlumatına görə, Konqresin qeydlərində Məmmədovun, yaxud təşkilatın 2015-ci ildən bəri lobbiçiliyə hər hansı pul xərclədiyi göstərilmir.

Ancaq A.Məmmədovun Britaniyadakı KFC biznesi işləyirdi. Onun İngiltərədəki KFC portfoliosuna indi, azı, 20 restoran daxildir. Bu restoranlar onun Britaniyadakı şirkətinin üç törəmə şirkətinə aiddir. Onun bu şirkətə sahibliyini Britaniyanın Vircin adalarındakı bir ofşor şirkət təmin edib.

Britaniyanın Torpaq Reyestrinə aid qeydlər Məmmədovun "Amber Restaurants Limited", "BJR Foods Limited" və "Colonel Foods Limited" adlı bu üç törəmə şirkətdən burada, azı, 26 məkanı icarəyə götürmək üçün istifadə etdiyini göstərir.

Ən son maliyyə hesabatlarına görə, Məmmədovun "1st Rate Investments (UK) Limited" şirkətinin 2021 və 2022-ci illər üçün orta dövriyyəsi 50 milyon dollar civarında, səhmdarların vəsaitləri isə 2022-ci ildə 7 milyon dollar məbləğində olub.

Maliyyə hesabatları Məmmədovun Britaniya Vircin adalarında nəzarət etdiyi "1st Rate Investments Limited" adlı şirkətin Britaniyadakı KFC bizneslərinə 10 milyon dollardan çox faizsiz kredit göndərdiyini göstərir.

Maliyyə sənədlərindən görünür ki, Məmmədov sonradan öz KFC biznesindən milyonlarla dolları kredit və dividentlər şəklində yenidən özünün Vircin adalarındakı şirkətinə köçürüb.

Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun sızan "Panama Sənədləri"nə istinadən dərc etdiyi məlumata görə, Britaniya Vircin adalarında yerləşən "1st Rate Investments Limited"i Britaniyanın Gernsi adasındakı "Hansard Limited" adlı fudisiar (vəkalət) şirkəti idarə edib. Məhz "Hansard"ın Məmmədovla işi şirkətin yolunu tənzimləyici dövlət qurumları ilə çarpazlaşdırıb.

Nəqliyyat naziri Ziya Məmmədov Bakıda "London taksiləri"ni prezident İlham Əliyevə təqdim edir. 2011
Nəqliyyat naziri Ziya Məmmədov Bakıda "London taksiləri"ni prezident İlham Əliyevə təqdim edir. 2011

"Mister A"nın işi

2021-ci ilin dekabrında Gernsinin maliyyə qurumu "Hansard" şirkəti və onun bir neçə direktoruna bir neçə yüz min dollarlıq cərimə kəsib, səbəb kimi şirkətin "müştərilərlə bağlı maliyyə cinayətləri risklərini izləyib idarə etməməsi" göstərilib.

Gernsi Maliyyə Xidmətləri Komissiyası bu cəzanı elan edərkən Məmmədovun adını çəkməsə də, "Hansard"ın səhlənkarlığına misal kimi profili azərbaycanlı KFC maqnatının profili ilə üst-üstə düşən "Mister A"nın işini göstərib.

Qurumun açıqlamasında həmin müştəri risk səviyyəsi yüksək ölkədən olan "böyük sərvətə malik şəxs" və həm korrupsioner, həm də İran, onun İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə bağları olduğu bildirilən "oliqarx və hökumət nazirinin oğlu" kimi təsvir edilir.

Açıqlamada müştərinin atası ilə bağlı bilgilərdə ABŞ Dövlət Departamentinin 2009-cu ilə aid yazışmasına istinad olunduğu görünür. "WikiLeaks"in yaydığı bu yazışmada Z.Məmmədovun İİKK ilə bağlı olduğu iddia edilən bir iranlı işadamının udduğu tikinti müqavilələrində "sakit tərəfdaş" kimi görüldüyü bildirilirdi.

Gernsinin maliyyə qurumu "Hansard"ın "Mister A"nı müştəri kimi qəbul etməzdən öncə onun sərvətinin mənbəyinin müəyyənləşdirilməsi üçün gərəkən tədbirləri görmədiyini və aralarındakı biznes əlaqələrinin başlanmasından iki il keçənədək onun siyasi əhəmiyyətli şəxs kimi tanımadığını aşkar edib.

Gernsi Maliyyə Xidmətləri Komissiyasının sözçüsü fəaliyyətlərinə tənzimləmə nəzarəti həyata keçirdikləri şirkətlərlə bağlı məsələlərdə sərt məxfilik öhdəliklərinin olduğunu əsas gətirərək bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.

"Hansard" təkcə Məmmədovun KFC biznesi ilə deyil, onun Londondakı daşınmaz əmlakları ilə də məşğul olub.

2010-cu ildə Məmmədov Londonun zəngin Meyfer rayonundakı Konduit küçəsində 17.2 milyon dollara ofis binası alıb. Bir vaxtlar İst- Hind Şirkətinin oturduğu bina indi ofis sahəsi kimi istifadə olunur və dəbdəbəli dərzi butikləri ilə tanınan məşhur Sevil-Rou küçəsinin yaxınlığında yerləşir. "Beatles"ın 1969-cu ildə məşhur dam konsertinin keçirildiyi məkan da Sevil-Roudadır.

Londonun Konduit küçəsində ofis binası
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Sızan "Panama Sənədləri"ndəki məlumata görə, Məmmədov bu binanı satın almasından beş il sonra onun mülkiyyətini Vircin adalarında yerləşən "Four Investments Holdings Limited" adlı şirkətinə ötürüb. O bu şirkət üzərində nəzarətini də "Hansard" vasitəsilə təmin edib.

Dəbdəbəli dükanların olduğu, Oksford meydanına gedib-gələn kütlənin keçdiyi Ricent-stritə çıxan bu buna hələ də "Four Investments Holding"ə məxsusdur. Ancaq şirkətin və torpağın yekun sahibi hazırda Cəbəllütariqdən idarə edilən bir konsernin arxasında gizlədilib.

"Hansard" şərh üçün müraciəti cavablandırmayıb.

Böyük Britaniya Torpaq Reyestrində əks olunan qeydlər Məmmədovun Britaniyada Konduit küçəsindəki ofis binası da daxil olmaqla azı 38 milyon dollarlıq daşınmaz əmlak satın aldığını göstərir. Onun KFC restoranları üçün icarəyə götürdüyü məkanlar əmlak qeydlərində qiymətləndirmə məlumatlarının olmaması səbəbindən bu rəqəmə daxil edilməyib.

Londonun şimalında "Milyarderlər cərgəsi" kimi tanınan Bişops-avenyudakı altı yataq otaqlı malikanə də hələ də ona məxsusdur. O bu malikanəni 2001-ci ildə 4 milyon dollara alıb. Britaniyalı millət vəkili Marqaret Hoc 2017-ci ildə keçirilən parlament debatında bu binanın dəyərinin 8.8 milyon dollar olduğunu demişdi.

Londonun Qrosvenor-Kresent küçəsində mənzil
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

2012-ci ildə Məmmədov "Hayd Park" və Bukinqem sarayı yaxınlığında, Londonun dəbdəbəli Belqreyviya rayonunda – Qrosvenor-Kresent küçəsində 17 milyon dollarlıq mənzil alıb. Qrosvenor-Kresent 2017-ci ildə Britaniyanın ən bahalı küçəsi adını alıb.

Torpaq Reyestrində əks olunan qeydlər onun 2019-cu ildə bu mənzili 8.5 milyon dollara, ziyanla satdığını göstərir.

Qızıl pasport və "reputasiya riski"

Britaniyada şirkət sənədləri hələ də A.Məmmədovu Azərbaycan vətəndaşı, yaşadığı yeri isə Azərbaycan kimi qeyd edir. AzadlıqRadiosunun nəzərdən keçirdiyi qeydlər onun daha öncə Aİ pasportu almağa cəhd etdiyini, lakin rədd cavabı aldığını göstərir.

2015-ci ildə Azərbaycanda maliyyə böhranı baş verəndə Məmmədov və ailəsi Britaniyada özünü "vətəndaşlıq planlaşdırılması" şirkəti kimi təqdim edən "Henley&Partners" adlı şirkətə üz tutub. OCCRP-nin 2022-ci ildə apardığı araşdırma bu şirkətin yüksək riskli müştərilərə Karib dənizində yerləşən Sent- Kits və Nevis ada dövlətinin vətəndaşlığını almağa kömək etdiyini üzə çıxarıb.

Dafne Karuana Qalitsiya Fondunun əldə etdiyi və AzadlıqRadiosunun nəzərdən keçirdiyi sızmış qeydlərə görə, Məmmədov öz müraciət ərizəsində Aİ-nın üzvü olan Maltanın vətəndaşlığını almaq istədiyini bildirib və səbəb kimi bunun ona daha çox səyahət azadlığı verəcəyini, Maltada biznes imkanları ilə maraqlandığını göstərib.

Məmmədov öz müraciətində peşəsini "bir neçə KFC şöbəsinin sahibliyini françayzinq edən iri holdinq qrupunun sahibi" kimi göstərib. Həmin dövrdə Britaniyadakı şirkətin sənədlərində Məmmədova məxsus KFC operatorunun yekun benefisiar sahibi "naməlum" kimi göstərilirdi.

Məmmədov öz müraciətində daha öncə Sent-Kits və Nevis pasportu almağa cəhd etdiyini və rədd cavabı aldığını vurğulayıb.

Sızan sənədlərdən görünür ki, "Henley&Partners" Məmmədov barəsində araşdırma sifariş edib və nəticədə şirkət bu qənaətə gəlib ki, işadamının vətəndaşlıq üçün müraciəti həm şirkət, həm də Malta hökuməti üçün "çox böyük reputasiya riski" yaradacaq.

İyulun 9-da, bu məqalə dərc olunandan sonra "Henley&Partners" AzadlıqRadiosuna yazılı şərhində qeyd edir ki, Məmmədov bu şirkət vasitəsilə alternativ vətəndaşlıq, yaxud yaşayış icazəsi almayıb.

AzadlıqRadiosunun əməkdaşı Stüart Qrir Londondan, korporativ redaktoru Karl Şrek isə Praqadan bu araşdırmaya öz töhfələrini veriblər.
Qeyd: Bu məqaləyə "Henley&Partners" şirkətinin cavabı əlavə olunub.
XS
SM
MD
LG