Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

Astara sakini: 'Bayram süfrəsi üçün hər şey alsan, gərək sonra ac qalasan'


Pensiyalar veriləndən sonra marketdə qələbəlikdir
Pensiyalar veriləndən sonra marketdə qələbəlikdir

"İlaxir (sonuncu) çərşənbə ilə Novruz bayramı arasında bir gün fərq var. Bu da işimizi çətinləşdirib. Xərc çox istəyir. Ramazan ayı da başlayıb".

Bu sözləri Astara şəhər mərkəzində marketlərin birinin qarşısında qarşılaşdığımız yaşlı bir qadın deyir.

Martın 20-si və 21-i Novruz bayramıdır. Azərbaycanda Novruz ənənəsinə uyğun olaraq, bu bayram ərəfəsindəki dörd həftədə çərşənbə günləri də xüsusi qaydada qeyd edilir. Bu il sonuncu-Torpaq çərşənbəsi martın 19-na təsadüf edir.

İslamda Qurani-Kərimin nazil olduğu ay kimi dəyərləndirilən Ramazan ayı isə martın 11-də başlayıb. Mömün müsəlmanlar bu ayda oruc tuturlar.

"Adətən bayramlarda pul göndərərdilər"

Astara rayon mərkəzində söhbətləşdiyimiz həmin yaşlı qadın sözlərinə yenə davam edir: "Bayram süfrəsi üçün 21 adda ərzaq, meyvələr, çərəz almışam. Hərəsindən 100-200 qram. 68 manat 45 qəpik ödədim. Yoldaşım pensionerdir, mən də. Oğlumun biri Rusiyadadır, o biri də xaricdədir. Adətən bayramlarda pul göndərərdilər. Bu dəfə göndərə bilmədilər. Yəqin, çətinlikləri var. Qızım Bakıda yaşayır. Nəvələr gələcək. Ona görə bazarlıq edirəm. Hələ toyuq qalıb, ət qalıb. Süfrəni adət-ənənəyə uyğun bəzəsək, gərək 150-160 manat xərc çəkək. Belə etsək, növbəti pensiyaya pul çatmaz".

"Bayrama görə bahalaşdırıblar"

Marketdən çıxan digər bir qadın isə deyir ki, məhsullarda bahalaşma var: "Alma almışam, 1 kiloqramını 1 manat 70 qəpiyə. Ötən həftə bu alma 1 manat 50 qəpiyə idi. Bayrama görə bahalaşdırıblar. Banan da bahalaşıb, kiloqramı 2 manat olub. Balığa yaxın durmaq mümkün deyil. Qoz, fındıq, şabalıd... Bir sözlə, bayram süfrəsi üçün hər şey alsan, gərək bayramdan sonra ac qalasan. Marketdə ucuz olan məhsullar da var".

Marketin daxilində qələbəlikdir. Fındıq ləpəsinin kiloqramı 16 manat 98 qəpik, qoz ləpəsinin kiloqramı 7 manat 48 qəpik...

"Ürəyin istəyən hər şey var", - alıcılardan biri deyir və sonra da bu sözləri əlavə edir: "Ancaq pul bəs eləmir".

Astara gömrüyünə gedən yol
Astara gömrüyünə gedən yol

"İranda bahalaşma gedir"

Astara rayonunun sərhədyanı mağazalarında isə fərqli mənzərə gördük. Orada sakitlikdir. Satıcı bunun səbəbini qiymət fərqinin az olmasında görür: "Bizdə, əsasən, İran mallarıdır. İran pulu yenə düşüb. İranda bahalaşma gedir, qiymət fərqi azalır. Rayonlarda İran mallarının topdansatışı ilə məşğul olan mağazaların sayı da artıb. Ona görə əhali buraya elə də maraq göstərmir. Adətən Novruz bayramı ərəfəsi burada adam əlindən tərpənmək olmazdı. Adi günlərə nisbətən indi alver bir az canlanıb. Gəncəyə, Qazaxa buradan yüngül minik maşınları çıxır. Özləri deyirlər ki, buraya gəlmək daha sərf eləmir. Bu da bayrama qədərdir...".

2020-ci ilin əvvəlindən koronavirus pandemiyası ilə bağlı Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərində məhdudiyyətlər tətbiq edilib. Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü ilin mayında pandemiyanın arxada qaldığını bəyan etsə də, Azərbaycan hökuməti hələ də bu məhdudiyyətləri ardan qaldırmayıb. Rəsmilər bunu həm koronavirusun tam aradan qaldırılmaması, həm də təhlükəsizlik amilləri ilə izah edirlər.

Səməni alan azdır
Səməni alan azdır

"Keçən il səmənidən 1000 manata qədər qazanmışdım"

Astara rayonunda səməni satan şəxs isə alverdən narazıdır. Deyir ki, səməniyə 500 manat xərc çəkib. Amma qazancını hələ çıxarda bilməyib: "Hər qiymətə səməni var. Alan azdır. Keçən il səmənidən 1000 manata qədər qazanmışdım. Bu dəfə səməni satan çoxdur. Fikirləşirlər ki, bir-iki manat qazansınlar. Mənim də daimi işi yerim yoxdur. Evliyəm, iki uşağım var, ailəni doladırmaq lazımdır. Novruz bayramı biz kasıblara şans verir. Bayramın gəlməsinə ona görə sevinirəm ki, qazancım çox olur. İldə bir dəfə keçirilən bayramdır. Hamı istəyir ki, bayramı yaxşı keçirtsin".

İctimai fəal Asən Həşimlinin sözlərinə görə, elə adamlar var ki, nə edəcəyini bilmir: "Oruc tutanlar ki var, onlar Novruzu da qarşılamalı olacaqlar. Bunlar hamısı xərc istəyir. Əhalinin alıcılıq qabiliyyəti buna imkan vermir. Elə məhsullar var ki, qonşu ölkədə ucuzdur. Burada iki qat qiymətə satılır. Bahaçılıq var. Əhali çalışır ki, Novruz bayramını yaxşı keçirtsin. Bayram günü yaxınlarına baş çəkirlər. Buna görə çalışırlar ki, bayram süfrələri zəngin olsun...".

XS
SM
MD
LG