Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:07

Dünyada dulusçuluğa meyl artır


Dulusçuluq
Dulusçuluq

Pandemiya insanları bütün işlərini onlayn görməyə məhkum edib. Bəzi insanlarsa internetə qarşı antidot kimi tətbiqi sənətlərə üz tutublar. Nəm gillə işləyən zaman insan bütün cihazları kənara qoyub yalnız prosesə və nəticəyə fokuslanır. Üstəlik, eyni anda çox iş görməyin təbliğ olunduğu zamanlar geridə qalıb. İndi adamlar həyat tempini yavaşıdaraq eyni anda bir işə fokuslanmağa üstünlük verirlər.

BBC yazır ki, dünyada get-gedə daha çox insan hobbi kimi dulusçuluq və keramikaya meyl edir. İnsanlar açıq studiyalarda keçirilən dərslərə yazılır. Britaniya, İspaniya, Macarıstan və ABŞ bu trendin yayıldığı ölkələrdəndir.

2 min il bundan əvvəl nə qədər vaxt aparırdısa...

Məqalədə deyilir ki, olduqca hərtərəfli sənət olan keramika insanlara çox sayda texnikaya yiyələnmək imkanı verir. Nyu-Yorkda yerləşən "BklynClay" studiyasının sahibi Cennifer Uoverek deyir ki, keramika insanları daim e-meyllərini yoxlamaq ehtiyacından xilas edir və onlara mövcud anı yaşamağa kömək edir. Beyin yalnız bir işə fokuslandığından bu bir meditativ və terapevtik praktikadır. Onun sözlərinə görə, gili qurutmaq üçün xüsusi "mikrodalğalı soba" yoxdur. Ona görə də, keramik əşya düzəltmək 2 min il bundan əvvəl nə qədər vaxt aparırdısa, bu gün də o qədər vaxta başa gəlir.

Ancaq maraqlıdır ki, sosial media bu trendin, xüsusən də gənc nəslin arasında yayılmasına kömək edir. Gənc dulusçuluq həvəskarları öz işlərini sosial mediada paylaşıb çoxlu "layk" toplayırlar.

Nəticəni görmək

İspaniyanın Malaqa şəhərində yaşayan, keramika sənətinə müstəqil yiyələnmiş Pablo Fernandes-Kanivel deyir ki, sosial media tətbiqi sənətə yeni auditoriya cəlb etmək işində mühüm rol oynayıb. Onun özünə bu məşğuliyyət növünü 2017-ci ildə psixoterapevt məsləhət görüb.

Londonda fəaliyyət göstərən "Turning Earth" studiyasının həmtəsisçisi Telli Moen hesab edir ki, keramikanı cəlbedici edən işin praktik nəticələrini görmək imkanıdır: "Son nəticəni görə bildiyiniz peşə növləri nadir hal almaqdadır. Gillə işləmək insanlara …funksional şeylər yaratmaq imkanı verir…".

Klaris Kliff XX əsrin tanınmış keramika ustalarından biridir. Onun 1927-ci ildə yaratdığı "Art Deco Bizarre" adlı rəngli və çox da baha olmayan kolleksiyası keramika həvəskarları arasında məşhurdur. Öz adı altında keramika nümunələri istehsal edən ilk qadınlardan biri olan Kliffə "The Colour Room" adlı bioqrafik film də həsr edilib. Yaxın zamanlarda ekranlara çıxacaq bu filmdə Klaris Kliffi Fibi Daynevor canlandıracaq.

Gender balansı

Məqalədə daha sonra deyilir ki, əgər əvvəllər keramika qadın sənəti sayılırdısa, indi o get-gedə gender baxımından neytral sənət növünə çevrilməkdədir. Fernandes-Kanivel deyir ki, günümüzdə sosial mediada daha çox kişinin bu sənəti özünə hobbi seçdiyini görmək stereotipləri dağıdır. Onun sözlərinə görə, ispan kişiləri get-gedə feminizmə daha çox qucaq açır və dulusçuluq, toxuma kimi yaradıcı "qadın" sənətlərinə meyl edirlər. O deyir ki, dərs aldığı keramika studiyasında tələbələrin 70%-i "millenial" nəslinin nümayəndələridir və aralarında gender balansı mövcuddur.

Məşhurlardan aktyorlar Bred Pitt və Leonardo DiKaprio dulusçuluğa çox həvəslidirlər. Kinorejissor Set Roqenin isə özünün ekspressiv keramika seriyası var. Roqen gözqamaşdırıcı rənglərdə qabarıq və cəlbedici vazalar düzəldir.

Keramika kimi tətbiqi sənətlərə meyl həm də fərqindəlilik praktikasına olan böyük maraqla bağlıdır. "Fərqindəlilik mövcud anın içində olmaq deməkdir. Bu, keramikaya da aiddir", - keramika ustası, Mərkəzi Müqəddəs Martin Kollecinin keramika dizaynı müəllimi Dunkan Huson deyir.

XS
SM
MD
LG