Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:16

Ferma evlərin arasında yerləşəndə nə baş verir?


Toyuq ferması (arxiv fotosu).
Toyuq ferması (arxiv fotosu).

“İnsanların sıx yaşadığı yerdə toyuq ferması qurublar. Həyət-bacaya çıxılası deyil. Yayda isə vəziyyət daha dözülməz olur”.

Balaxanı sakinləri AzadlıqRadiosu-nun “Qaynar xətt”inə yaşadıqları ərazidə fəaliyyət göstərən quşçuluq təsərrüfatından gileyləniblər. Onların deməsinə görə, bir sahibkarın pul qazanması ərazidə yaşayan yüzlərlə ailənin həyatı hesabına başa gəlir. Quşçuluq təsərrüfatı evlərin arasında yerləşir. Üstəlik, havatəmizləyən qurğuları olmadığından fermadakı qoxular evlərə yayılır.

Buna da bax:​ Masallıda toyuq-cücə işgəncəsi

“BU QƏDƏR ADAM EV-EŞİYİNİ ATIB GEDƏ BİLMƏZ AXI...”

Nanə Əşrəfova deyir, bu fermaya görə ailələr var ki, evinin qapısını qıfıllayıb, gedib başqa yerdə məskunlaşıb:

"Toyuq leşlərini, sümükləri gətirib evimizin yaxınlığına tullayırlar. Quduz itlər zibilliklərə daraşıb. Başımızı qapıdan küçəyə çıxarmağa qorxuruq. Sahibi kimdir, bilmirik. Heç üzümüzə qapı da açmırlar. Darvazanın arxasından deyirlər ki, fermanın sahibi burda yoxdur. Yayda daha dözülməz olur. Toyuq leşlərinin iyi aləmi bürüyür. Qonşular var ki, üfunətə dözə bilmir, qapısını qıfıllayıb, baş götürüb, çıxıb gedib. Buna bir əncam çəkilməlidir. Bu qədər insan bir fermaya görə ev-eşiyini atıb gedə bilməz axı..."

Buna da bax:​ Quşçular cəmiyyəti: 'Öz toyuqlarımız özümüzə bəsdir'

Ərazidə kanalizasiya xəttinin olmaması durumu daha da çətinləşdirir. Fermanın çirkab suları məhəllələrə axır. Ferma yaxınlığında yaşayan Xanəmir Xanəliyev deyir, küçədən gələn əvvəl duş qəbul etməlidir:

"Başqa cür mümkün deyil. Çirkab sularının içiylə gəlib girirsən həyətə, üfunət əyin-başına çökür. Evlərin arasında ferma olar? Küçədə hara baxırsan, toyuq sür-sümüyüdür. İtlər zibillikləri eşələyib leşləri küçənin ortasına gətirirlər. Adam baxanda ürəyi ağzına gəlir".

SUALLAR HAVADA QALIB

Sakinlər fermanın sahibinin kim olduğunu araşdıra bilmirlər. Daha doğrusu, araşdırmağa çalışsalar da, onlara məlumat verilmir:

Buna da bax:​ '500-dən çox ailənin torpağını əlindən almaq istəyirlər'

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Sabunçu rayon icra hakimiyyətinə yazmışıq. Ancaq bu qədər adamın sualı havada qalıb. Bir adam demir ki, bu ferma kimindir, arxasında kim dayanıb, niyə bu qədər insanı qırır burda..."

Sabunçu rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Balaxanı qəsəbəsindəki quşçuluq ferması çoxdan fəaliyyət göstərir: "Düzdür, bu dəqiqə sahibinin adını deməkdə çətinlik çəkirik, gərək maraqlanaq. Ancaq bildiyimiz qədər, o ferma orada fəaliyyət göstərəndə ətrafı boş idi. Adamlar ev tikəndə fermanı görürdülər. Fermanın yanında, kanalizasiya xətti olmayan ərazidə ev tikəndə hər şeyi gözə almalıydılar".

“MƏHKƏMƏYƏ MÜRACİƏT ETSİNLƏR”

Qurumdan bildirilib ki, yeni yaşayış yeri olduğundan ərazinin yol, işıq su, qaz problemi həll olunmaqdadır. Ancaq fermanın taleyinə gəlincə, müəssisə qanuni fəaliyyət göstərdiyindən, necə deyərlər, onu yerindən tərpətmək qurumun səlahiyyətində deyil:

Buna da bax:​ 'Bu xəstəlik ördəyə, qaza təsir etmir, amma toyuğu öldürür'

"Məhkəməyə müraciət etsinlər, araşdırılsın, əgər məhkəmə mümkün hesab eləsə, sahibkara başqa yerdə sahə ayrılsın, getsin sahibkarlıq fəaliyyətini orada davam etdirsin. Yenə də qeyd edirik ki, bunlar məhkəmə tərəfindən verilməli olan qərarlardır. Biz sahibkarın işinə müdaxilə edə bilmərik".

Hüquqşünas Vaqif Alıyev deyir, əgər həqiqətən də quşçuluq təsərrüfatı sakinlərdən əvvəl ərazidə yaradılıbsa, o zaman sahibkarı yox, sakinlərə torpağı satanı və ev tikməyə icazə verən qurumu məhkəməyə vermək lazımdır: "Qanunvericilikdə təsərrüfatla fərdi evlər arasındakı məsafə göstərilib. Bələdiyyə torpaq satıbsa, yerli icra hakimiyyəti tikintiyə icazə veribsə, necə deyərlər, babalı həmin qurumların boynunadır", – hüquqşünas bildirib. Onun sözlərinə görə, sakinlər həmin qurumlardan kompensasiya, yaxud başqa yerə köçürülmələrini tələb edə bilərlər.

XS
SM
MD
LG