Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:02

'Gəncə məhbusları'nın cəzası azaldıla bilər


Həbsxana
Həbsxana

Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən 11 nəfərin cəzası azaldıla bilər. Avqustun 1-də Bakı Apellyasiya Məhkəməsində prokuror Ceyhun Əliyev bu təkliflə çıxış edib.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa bölünüb. Bu qruplardan altısına hökm oxunub, indi iş apellyasiya məhkəməsindədir.

İşi apellyasiya məhkəməsində olan qruplardan birində 11 nəfər təqsirləndirilir. Onların valideynləri avqustun 1-də Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovla görüşmək üçün bu quruma gediblər. Lakin onun özü ilə görüşə bilməyiblər.

Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qarşısına toplaşan valideynlər prezident İlham Əliyevə səsləniblər: «Bizim uşaqlarımız günahsızdır. Aylardır yollarda qalmışıq, yorulmuşuq. Siz də, başqa məmurlar da bilir ki, bu, qurama işdir. Günahsız uşaqların həyatının məhv olmasına imkan verməyin».

İttiham maddəsinin dəyişdirilməsi təklif olunur

Məhkəmədə isə öncə dövlət ittihamçısı çıxış edib. Çıxışında səsləndirdiyi «ittihamlar sübuta yetirilib» cümləsi zalda olan təqsirləndirilən şəxslər və onların yaxınlarının etirazına səbəb olub. Nəticədə hakimlər məhkəmə zalından çıxıb gedib, bir müddət sonra geri qayıdıblar.

Prokuror çıxışında 11 nəfərin təqsirinin sübuta yetirildiyini desə də, ittiham maddələrindən birinin dəyişdirilməsini təklif edib. Onlara CM-in 220.1 (kütləvi iğtişaşların təşkili və ya iştirak) və 315.2 (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Prokuror 315.2 maddəsinin 315.1-ə tövsif olunmasını təklif edib. Bu maddənin 1-ci bəndində 3 ilədək, 2-ci bəndində isə 3 ildən 7 ilə qədər həbs nəzərdə tutulub.

Prokuror maddənin dəyişməsiylə yanaşı, cəzaların da azaldılmasını təklif edib. Təqsirləndirilən şəxslərdən Maarif Hacıyev, Ruslan Həsənov, Nizami Əkbərov, Toğrul Verdiyev Seymur Əliyevin cəzasının 5 il 6 aya, Şahlar Rzayev, Tural Bayramov, Kamal Məhərrəmov, Araz Həsənov Orxan Yağnəliyevin cəzasının 5 ilə, Vaqif Əşrəfovun cəzasının isə 4 il 6 aya endirilməsini istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara 7 il 6 aydan 9 ilə qədər həbs cəzası verilmişdi.

Ardından vəkillər çıxış ediblər, onlar hüquqlarını müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş ediblər. Bildiriblər ki, nə Gəncə Ağır Cinayətlər Məhkəməsində, nə də apellyasiya instansiyasında bu adamların cinayət törətdiklərini təsdiqləyən sübut ortaya qoyulmayıb. Müdafiəçilər deyir ki, ittihamda təqsirləndirilən şəxslərin əməllərinin videogörüntülərlə sübuta yetirildiyi yazılıb, amma ortada onların əməllərini göstərən görüntü yoxdur.

«İttihamda yazılıb ki, guya Tural Bayramovun köynəyinin lifi qətlə yetirilən polislərdən birinin şalvarının üstündən tapılıb. Ancaq Turalın ona yaxınlaşdığını təsdiqləyən heç bir sübut yoxdur. Nə yaxınlaşıb yardım göstərməsi, nə də zor tətbiq etməsi barədə. Nə videogörüntü var, nə şahid ifadəsi var. Axı, söz yazmaqla deyil, bunu sübut eləmək lazımdır», – T.Bayramovun vəkili belə deyib.

Məhkəmə avqustun 15-də digər vəkillərin çıxışıyla davam edəcək.

Xatırlatma

Baş Prokurorluğun iyulun 31-də bildirməsinə görə, «Gəncə işi» ilə bağlı 60 nəfər barəsində səkkiz cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib. Gəncə şəhərində sui-qəsd ilə bağlı ümumilikdə 29 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək barələrində həbs-qətimkan tədbirləri seçilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

XS
SM
MD
LG